EN

İranın paytaxtı hansı şəhər olacaq? – Pezeşkian açıqladı

İran Prezidenti Məsud Pezeşkian investorlar və iqtisadi fəallarla görüşündə Tehranın paytaxt statusunun saxlanmasının seçim yox, zərurət olduğunu bildirib.

NOCOMMENT.az IRNA-ya istinadla xəbər verir ki, o, bu barədə İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə görüşünü şərh edərkən deyib.

“Görüş zamanı mən təklif etdim ki, paytaxtı Fars körfəzinə köçürək. Bu məsələ medianın gündəminə gəldikdən sonra bəziləri bunu tənqid etdi, amma bu gün problemləri gördükdə anlayırıq ki, bu, seçim deyil, öhdəlikdir”, – deyə o əlavə edib.

O, həmçinin söyləyib ki, hökumət həm səlahiyyət, həm də dəstək baxımından vilayətlərdə bu təşəbbüsləri reallaşdırmaq üçün bütün tədbirləri görəcək:

“Biz səlahiyyətləri bölgələrə ötürməyə qərar verdik ki, bir neçə nəfər Tehranda oturub bütün ölkə üzrə qərarlar qəbul etməsin. Səlahiyyətlər konkret məsələ ilə əlaqəli bölgəyə verilməlidir”.

“Tehranın bəzi yerlərində torpaq çökməsi 30 santimetrə çatıb. Biz bu tendensiya ilə Tehranda qala bilmərik”, – Pezeşkian deyib.

Pezeşkian ölkədəki su qıtlığı böhranına da diqqət çəkib və paytaxta suyun nəqlinin çox baha başa gəldiyini vurğulayıb.

Onun sözlərinə görə, İslam Respublikasının rəhbəri paytaxtın ölkənin cənubuna – Fars körfəzi sahillərinə köçürülməsi məsələsinin öyrənilməsi üçün xarici məsləhətçilərin cəlb edilməsinə razılıq verib. Lakin hələlik bu istiqamətdə hökumət tərəfindən real addım atılmayıb.

Prezident həmçinin Bəndər-Abbas və Hörmüzqan bölgəsinin İranın paytaxtı olması üçün ideal şəhərlər olduğunu bildirib.

Chosen
23
1
nocomment.az

6Sources