EN

ABŞ RUSİYANI NÜVƏ ZƏRBƏSİNƏ TƏHRİK EDİR Adi silahlarla aparılan müharibə gözlənilən effekti vermir...

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nüvə müharibəsi ilə bağlı birbaşa dövlət başçılarının dilindən səslənən təhdidlər get-gedə daha kəskin xarakter alır.

Yüzlərlə ABŞ generalının qarşısında çıxış edən Prezident Tramp ilk dəfə olaraq Rusiyanı nüvə zərbələri ilə hədələyib. O deyib: “Putinə işləyən kütbeyin Medvedevin nüvə təhdidlərinin qarşısı alınmalıdır. Bunun üçün mən Rusiya sahillərinə iki atom bombası daşıyan sualtı qayıq göndərdim. Bizim atom bombalarımızın sayı rusların və çinlilərin bombalarından çoxdur. Qoy onlar qorxsunlar”.

Yada salaq ki, son dövrlərə qədər Rusiyadan gələn nüvə təhdidlərinə ABŞ tərəfi daha təmkinlə cavab verir və çalışırdılar ki, rusları qıcıqlandırmasınlar. Özlərinin iddialarına görə, məhz bu səbəbdən Ağ Ev Amerika silahları ilə Rusiyanın dərinliklərini vurmağı Ukraynaya qadağan edirdi. İndi vəziyyət dəyişib. Medvedevin “növbətçi” təhdidlərinə ABŞ Prezidenti özü cavab verir və nüvə qarşıdurmasını tətikləyəcək addım atır. Üstəlik, Tramp Ukraynaya Moskvanı, Sankt-Peterburqu və daha uzaq şəhərləri asanlıqla vura biləcək “Tomahawk” raketləri göndərir. ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloqun açıqlamalarına görə, Kiyevə bu raketlərlə Rusiyanın dərinliklərini vurmaq icazəsi verilib. Kelloq Moskvanı qıcıqlandıracaq ifadələrə də yer verir: “Rusiyanın bu həmlələrə ciddi cavab vermək imkanı yoxdur. Ruslar yalnız ucuz provokasiyalar edə bilərlər”.

ABŞ rəsmiləri bir tərəfdən Rusiyanı nüvə zərbələri ilə təhdid edir, digər tərəfdən Ukraynaya çox təhlükəli uzaqmənzilli raketlər verir, üstəlik, Moskvanı alçaldıcı ifadələrlə psixoloji basqı altına alırlar. Başqa sözlə, Birləşmiş Ştatlar məqsədli şəkildə Rusiya ilə gərginliyi artırır. Əlimizdə konkret məlumat olmasa da, ABŞ-nin gərginliyi pik həddə qədər artırma çabalarının arxasında hansı məqsədin dayandığını araşdırmağa çalışaq.

Birləşmiş Ştatları dünya hegemonu edən əsas məsələ İkinci Dünya müharibəsi oldu. Bu müharibə Avropanı və ardınca Asiyanı darmadağın edərək iflic halına gətirdi. Belə şəraitdə dünya qızıl ehtiyatlarının və maliyyə resurslarının böyük hissəsi daha təhlükəsiz məkan olan Birləşmiş Ştatlara daşındı. Nəticədə ABŞ dünyanın maliyyə, istehsal və texnologiya mərkəzinə çevrildi. Hazırkı durumda isə İkinci Dünya müharibəsindən sonra qurulmuş nizam dağılıb. Əsas səbəb də ABŞ-yə alternativ güc mərkəzlərinin meydana çıxması və dollar üzərində qurulmuş maliyyə sisteminin tıxanmasıdır. Real iqtisadiyyata və istehsala deyil, fond birjaları piramidasına söykənən iqtisadi model çökmək üzrədir. ABŞ-ni dünyaya hakim edən və dollar vasitəsilə planeti yönəldən güc mərkəzləri yeni model axtarışındadırlar. Məntiqə görə, bir dəfə işə yaramış modeli ikinci dəfə də dövrəyə soxmaq mümkündür. Niyə də olmasın?

Avropa və Asiyanı yenidən fəlakətli müharibələrin ağuşuna ata bilsələr, yeni xarabalıqlar üzərində yeni dünya hegemoniyası da qurmaq olar. Bu seçim, heç şübhəsiz, gündəlikdə olan variantlar arasındadır və Qərbdəki düşüncə quruluşları öz hesabatlarında belə araşdırmalara yer verirlər.

Bu gün Avrasiya məkanını çökdürə biləcək iki müharibə aparılır. Biri Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, digəri isə İsrailin Fələstin və digər qonşu dövlətlərə qarşı apardığı müharibədir. Müharibələrin hər ikisi getdikcə daha da alovlandırılır. Ən təhlükəlisi isə odur ki, nüvə müharibəsi üzərindən psixoloji tabu götürülüb və artıq prezidentlər də bu barədə danışmağa başlayıb. Belə görünür ki, adi silahlarla aparılan müharibə gözlənilən effekti vermir. Daha ciddi nəticə almaq üçün, məhdud miqyasda olsa belə, atom bombaları işə salınmalıdır.

İsrailin adi silahlarla istədiyi nəticəni ala bilməyəcəyi çoxdan bəllidir. Təl-Əviv yarı açıq-yarı qapalı şəkildə nüvə məsələsini gündəmə gətirir. Qonşular da özlərini qorumaq məcburiyyətindədir. İsrailin nüvə təhdidinə qarşı Səudiyyə Ərəbistanı ilə Pakistan arasında nüvə silahlarını da əhatə edən müdafiə paktı imzalanıb. Bu pakta digər qonşu dövlətlərin qoşulması da hər an gözlənilir.

Gələk Rusiya məsələsinə. Bu dövlətə qarşı nüvə təhdidi ciddi sayıla bilməz. Rusiya özü dünyanın ən böyük nüvə arsenallarından birinə sahibdir. Ruslara qarşı nüvə hücumu deyil, əksinə, rusların özünün nüvə silahına əl atması üçün zəmin hazırlanır. Bu iş üçün Ukraynaya veriləcək “Tomahawk” raketləri əsas tətikləyici faktor ola bilər. Belə ki, Rusiya-Ukrayna müharibəsində pat vəziyyəti yaranıb, tərəflərdən heç biri ciddi nəticə əldə edə bilmir. Belə vəziyyət Moskva və Kiyevi məcburi sülhə və ya atəşkəsə vadar edə bilər. Kiyevin alacağı yeni raketlər isə vəziyyəti kökündən dəyişəcək. Bu raketlərlə ukraynalılar Moskvanın, Sankt-Peterburqun və digər böyük şəhərlərin strateji enerji və infrastruktur obyektlərini sıradan çıxaracaqlar. Qışın ortasında istiliksiz, elektriksiz, nəqliyyatsız qalmış Moskvanı və Rusiyanın digər böyük şəhərlərini göz önündə canlandıraq. Belə olarsa, nəhəng etirazla üz-üzə qalan Putin hakimiyyətinin nüvə silahına əl atmaqdan başqa çarəsi qalmazdı. Rusiya tərəfi də bunu hesablayır və önləməyə çalışır.

Təsadüfi deyil ki, “Tomahawk” məsələsi ABŞ vitse-prezidenti tərəfindən təsdiqləndikdən dərhal sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ ilə təxirəsalınmaz danışıqlar təklifini gündəmə gətirib. Ana məsələsi gərginliyin aradan qaldırılması olan danışıqların oktyabrın sonuna qədər təşkil edilməsi təklif olunur.

Namiq Bilal

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azpolitika.info

1Sources