EN

Dövlətçilik məfkurəsinin memarı

Azərbaycanın müasir tarixində silinməz iz qoymuş, dövlətçiliyimizin təməllərini atmış və xalqımızın taleyində dönüş nöqtəsi yaratmış Ulu Öndər Heydər Əliyev təkcə siyasi lider deyil, həm də zamanı qabaqlayan, müdrikliyi və strateji baxışı ilə tarixə xilaskar kimi düşmüş dahi şəxsiyyətdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “İki sahil” TV-yə müsahibəsində bildirdi ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi xalqımızın yaddaşında əbədi yaşayır və Onun müəyyənləşdirdiyi siyasi xətt bu gün də ölkəmizin inkişafının, sabitliyinin və güclənən beynəlxalq mövqeyinin əsasını təşkil edir.

-Misir müəllim, 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın tarixində hansı daxili siyasi və ictimai amillərə görə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər?

-Bu qərarın tarixi əhəmiyyəti ondan ibarətdir ki, 3 oktyabr 1993-cü il seçkiləri ilə Azərbaycan öz xilaskarına  qovuşdu və müstəqilliyini möhkəmləndirərək inkişaf yoluna qədəm qoydu. Qeyd edim ki, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan tarixində həlledici və dönüş yaradan bir mərhələ oldu. Bu seçkilər təkcə siyasi prosesin təzahürü deyil, eyni zamanda, xalqın öz dövlətinin gələcəyinə sahib çıxmaq istəyinin ifadəsi idi. Həmin dövrdə ölkədə yaranmış dərin siyasi böhran, sosial sabitsizlik, vətəndaş qarşıdurması təhlükəsi və idarəetmədəki xaos, özbaşınalıq Azərbaycanı fəlakətin astanasına gətirmişdi. Əvvəlki hakimiyyətlərin təcrübəsizliyi və qeyri-peşəkar qərarları nəticəsində dövlət institutları iflic vəziyyətə düşmüşdü, əhali arasında ümidsizlik hökm sürürdü. Belə bir şəraitdə xalq yalnız bir şəxsə-böyük dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyə və xalqına sonsuz sədaqətə malik olan Heydər Əliyevə inanırdı. Bu ağır və məsuliyyətli dövrdə Azərbaycan xalqı müdrik və qətiyyətli qərar verərək, görkəmli dövlət xadimi, zəngin siyasi təcrübəyə malik Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim yalnız bir Liderin hakimiyyətə gəlməsi deyil, həm də ölkənin sabitlik, inkişaf və gələcəyə inam yoluna qədəm qoyması demək idi.

-1993-cü ildə xalqın sarsılmış inamını bərpa edərək Prezident seçilən Ulu Öndər Heydər Əliyevin andiçmə nitqindəki mesajları Onun liderlik fəlsəfəsini və dövlət idarəçiliyini hansı prinsiplər üzərində qurduğunu əks etdirir?

-Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan və faciələrdən xilas etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmışdır. O, bir çoxlarına əfsanə kimi görünən qlobal enerji və kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətli xidmətin canlı nümunəsini yaratmışdır. Andına və xalqına sadiq qalan Ulu Öndər andiçmə mərasimindəki nitqində bu sözləri demişdir:  “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu Öndərin bu nitqi Onun dövlətə və xalqa bağlılığının, məsuliyyətli liderlik anlayışının bariz ifadəsi olmuşdur. O, sözlə əməl arasında heç vaxt fərq qoymayan, verdiyi vədləri mütləq yerinə yetirən Lider idi. Məhz bu prinsipiallıq, sədaqət və xalqla qurulan güclü inam münasibəti nəticəsində Azərbaycan dərin siyasi və iqtisadi böhranlardan çıxaraq müstəqil, sabit və güclü bir dövlətə çevrilmişdir.

-Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan ictimai-siyasi sabitlik və həyata keçirilən dövlət quruculuğu siyasəti müasir Azərbaycanın formalaşmasında hansı əsas mərhələləri müəyyənləşdirdi?

-Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində atdığı ən mühüm addımlardan biri ölkədə ictimai-siyasi sabitliyin bərpası oldu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə sabitliyin bərqərar olunması və vətəndaş müharibəsinin qarşısının alınması istiqamətində qətiyyətli və ardıcıl siyasət həyata keçirdi. Məhz bu sabitlik sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaratdı. Onun rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlət təsisatları quruldu, hüquqi və demokratik dövlətin təməli qoyuldu. 1995-ci ildə ilk Konstitusiya qəbul olundu, vətəndaş cəmiyyəti formalaşmağa başladı. Eyni zamanda, iqtisadiyyatın bazar mexanizmləri əsasında qurulması istiqamətində islahatlara start verildi. Bu addımlar Azərbaycanın beynəlxalq aləmdə tanınan, nüfuzlu və güclü dövlətə çevrilməsinin əsasını qoydu. Bu strateji kurs hazırda da ölkənin inkişafının aparıcı istiqaməti kimi davam etdirilir.

-Ulu Öndərin müəyyən etdiyi strateji iqtisadi inkişaf modeli Azərbaycanın beynəlxalq enerji bazarına çıxışında və iqtisadi sabitliyin təminində necə əsas rol oynadı?

-Ümummilli Liderin  xalqına sonsuz bağlılığı yalnız sözlərində deyil, gördüyü misilsiz işlərdə, həyata keçirdiyi islahatlarda da öz əksini tapdı. Dahi Liderin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında dərin keyfiyyət dəyişiklikləri baş verdi.  Ulu Öndər “Azərbaycan dövlətinin strateji inkişaf yolu yalnız demokratiyanın, sərbəst iqtisadiyyatın, bazar münasibətlərinin və sahibkarlığın bərqərar olması ilə mümkündür” fikri ilə keçid dövründə ölkənin qarşısında duran əsas strateji vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdi. Beləliklə, 1990-cı illərin ortalarında ölkə iqtisadiyyatında hökm sürən tənəzzülün qarşısı alınaraq, büdcə-vergi və pul-kredit siyasətində tarazlıq yaradıldı, inflyasiya səviyyəsi minimal həddə endirildi. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunmağa başlandı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və daha sonra reallaşdırılan Bakı-Tbilisi-Ceyhan  neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri ölkəmizin dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi. Bu layihələr yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda, siyasi və geostrateji əhəmiyyət daşıyaraq, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Yerli və xarici investisiyaların cəlbi, yeni texnologiyaların tətbiqi, idarəetmə sahəsində müasir təcrübənin gətirilməsi, rəqabətqabiliyyətli istehsal müəssisələrinin qurulması və infrastrukturun yenilənməsi ölkədə minlərlə yeni iş yerinin yaradılmasına səbəb oldu.

-Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qlobal arenada söz sahibi olan nüfuzlu dövlətə çevrilməsində hansı rol oynayıb?

-Ümummilli Liderin əsasını qoyduğu xarici siyasət kursu müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın beynəlxalq arenada tanınması, sabit mövqe tutması və güclü tərəfdaşlıqlar qurması baxımından həlledici rol oynamışdır. Onun müəyyən etdiyi “bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər” prinsipi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Hazırda Azərbaycan regionda və dünyada baş verən əsas siyasi, iqtisadi və mədəni proseslərdə fəal iştirak edir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz maraqlarını qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı və qlobal səviyyədə sərgilədiyi prinsipial mövqe nəticəsində Azərbaycanın mövqeyi ilə dünya dövlətləri hesablaşır. Bu uğurlar, şübhəsiz ki, Ulu Öndərin müəyyən etdiyi strateji yolun davam etdirilməsinin nəticəsidir. Eyni zamanda, insan hüquqları, hüquqi dövlət quruculuğu və beynəlxalq əməkdaşlıq sahələrində əldə olunan nailiyyətlər də Heydər Əliyev irsinin davamı olaraq dəyərləndirilir. Ölkəmiz bu gün artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çıxış edir və beynəlxalq münasibətlər sistemində öz sözünü deyən müstəqil aktora çevrilib.

-Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində verdiyi qərarlar Azərbaycanın müstəqillik illərində Silahlı Qüvvələrin güclənməsində necə rol oynadı?

 -Milli ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan tarixində xüsusi yer tutur. Onun uzaqgörənliyi və strateji baxışları nəticəsində ordu quruculuğu istiqamətində mühüm addımlar hələ Sovet dönəmində atılmışdır. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması respublikamızda peşəkar hərbi kadrların sistemli şəkildə hazırlanmasına təkan vermiş, bu sahədə möhkəm təməl qoyulmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Ulu Öndər bu sahəyə xüsusi diqqət yetirmiş, dövlətçiliyin və müstəqilliyin qorunmasında milli ordunun əvəzsiz rolunu dəqiq qiymətləndirmişdir. Müstəqilliyin ilk illərində ordu da baş verən nizamsızlıq, fərarilik və rəhbərlik boşluğu ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradırdı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu problemlərə son qoyulmuş, ordu quruculuğu sahəsində sistemli islahatlar həyata keçirilmiş, hərbi intizam və döyüş qabiliyyəti gücləndirilmişdir. 12 may 1994-cü ildə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandıqdan sonra ordunun strukturlaşdırılması və təkmilləşdirilməsi daha da sürətlənmiş, hərbi sahəyə dövlət səviyyəsində diqqət artırılmışdır. Bu dövrdə peşəkar kadr hazırlığı, maddi-texniki təchizat və beynəlxalq hərbi əməkdaşlıq istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndərin ordu quruculuğu sahəsində tarixi xidmətlərindən biri də 1998-ci il 22 may tarixində imzaladığı Fərmanla 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilməsidir. Bu qərar milli ordunun əhəmiyyətini cəmiyyətə daha dərindən çatdırmaq, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və hərbçilərin sosial statusunu artırmaq baxımından xüsusi önəm daşıyır. Həmin tarixdən etibarən 26 iyun Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur və hərbi sahədə çalışanların əməyinə verilən yüksək qiymətin təcəssümünə çevrilmişdir.

-Ümummilli Lider Heydər Əliyevin Qurtuluşdan Zəfərə uzanan strateji yol xəritəsi Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində hansı tarixi rolu oynamışdır?

- Ulu Öndərin strateji xəritəsi yalnız bir dövrün deyil, bütöv bir gələcəyin əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən həmin yol Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası ilə özünün zirvə nöqtəsinə çatıb. Məhz bu səbəbdən Heydər Əliyev məktəbi bu gün də Azərbaycanın inkişafının ideoloji dayağı, sabitlik və tərəqqinin təminatçısı kimi yaşayır və yaşadılır.

-Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının gerçəkləşməsi baxımından hansı siyasi və mənəvi əhəmiyyətə malikdir?

-Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu möhkəm təməl sayəsində Azərbaycan dövləti ildən-ilə gücləndi, siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etdi. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmiz öz suverenliyini və milli maraqlarını qorumaq gücünə malik, qüdrətli bir dövlətə çevrildi. Məhz bu strateji yanaşmanın və ardıcıl siyasətin nəticəsində Azərbaycan müasir, döyüş qabiliyyətli ordu formalaşdırdı. 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bütün dünyaya nümunə oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan azad olundu. Məhz ölkəmizin artan iqtisadi gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı. Üçrəngli Bayrağımız yenidən doğma Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi sayılan Şuşada qürurla dalğalanmağa başladı. Xalqımız bu tarixi Zəfəri eyni zamanda, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və möhkəm dövlətçilik təməllərinin məntiqi nəticəsi kimi dəyərləndirir.

Dahi şəxsiyyət illər öncə böyük uzaqgörənliklə demişdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.” Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı böyük arzularının gerçəkləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasını daim prioritet məsələ kimi önə çəkmiş, bu istiqamətdə uzunmüddətli, düşünülmüş siyasi kurs müəyyənləşdirmişdir. Prezident İlham Əliyev bu xətti uğurla davam etdirərək, güclü ordu quruculuğu, siyasi-diplomatik təşəbbüslər və milli birliyi təmin edən liderlik nümunəsi ilə Qarabağı işğaldan azad etdi.  2019-cu ildə “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev düz bir ilin tamamında xalqımıza böyük sevinc yaşatdı. Bu kəlamlar tarixi Zəfərin ideoloji rəmzinə çevrildi. Beləliklə, bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də Ulu Öndərin irsinə sədaqətin, milli yaddaşın və əzmin təntənəsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
9
ikisahil.az

1Sources