EN

Onun bu qərarı əqidə və prinsipiallıq manifesti idi KOMİTƏ SƏDRİ YAZIR

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

3 oktyabr 1993 – Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 32-ci ildönümüdür.

Şəxsiyyət zamandan uca olur, onu qabaqlayır, özü tarix yazır, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edir, gələcək nəsillər üçün vətəninin inkişaf yolunu göstərir. Ulu Öndər Heydər Əliyev xalqımızın həyatında müstəsna rol oynayan, Azərbaycanın milli inkişaf konsepsiyasını formalaşdıran, tarixi özü yazan əbədiyaşar şəxsiyyət və liderdir.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya hökm sürür, daxili çəkişmələr özünün ən yüksək həddinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalq bu ağır vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevin şəxsiyyətində gördü və 1993-cü ildə ona müraciət etdi. Ulu Öndərin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin əsas səbəbləri vardı. 1970–1980-ci illərdə həyata keçirdiyi böyük quruculuq və inkişaf siyasəti, ən çətin anlarda xalqla bir olması, 20 Yanvar hadisələrinə verdiyi obyektiv siyasi qiymət, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bölgəni qoruyub saxlaması, 1991-ci ildə Naxçıvan Ali Sovetində Kommunist Partiyasının fəaliyyətinin dayandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının rəsmi şəkildə qəbul edilməsi və muxtariyyətin adından “Sovet Sosialist” sözlərinin çıxarılması kimi addımlar xalqın ona olan inamını daha da artırmışdı.

1993-cü ildə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarə olunmurdu, ölkə təhlükə içində idi. Hətta o dövrdə hakimiyyətdə olan qüvvələr belə, Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev hər nə qədər siyasətə qayıtmaq niyyətində olmasa da, respublikada baş verən ədalətsizliklər onu narahat edirdi. Naxçıvan Ali Məclisinin Sədri kimi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev, ziyalıların – tarixi “91-lər”in müraciətini cavabsız qoymadı və Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Onun bu qərarı Heydər Əliyev şəxsiyyətinin əqidə və prinsipiallıq manifesti idi. Qısa müddətdə Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi xalqın taleyi ilə bağlı narahatlıqlara son qoydu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bununla da ölkəmizin siyasi tarixində yeni mərhələ başlandı. 3 oktyabr 1993-cü il prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq Prezident seçilən Heydər Əliyev, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi əbədi və dönməz etdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı qısa müddətdə sabitliyə, inkişaf və tərəqqiyə çıxardı. Onun hakimiyyəti illərində dövlət institutları formalaşdı, iqtisadi islahatlar başlandı, milli ordumuz yaradıldı, beynəlxalq əlaqələr möhkəmləndi. Ən əsası isə, xalqımıza müstəqilliyin əsl mahiyyəti anlatıldı, milli birlik və həmrəylik bərpa edildi.

Prezident İlham Əliyevin 2018-ci ildə söylədiyi kimi: “Əslində, bizim müstəqil tariximiz 1993-cü ildən başlayır. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyimizin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.”

Heydər Əliyev siyasi kursu – milli dəyərlərlə qlobal düşüncənin vəhdətinə əsaslanan, dövlətçilik fəlsəfəsini özündə birləşdirən bir inkişaf modelidir. Bu kurs müstəqilliyini qorumaq və gücləndirmək istəyən dövlətlər üçün sınaqlardan keçmiş bir nümunədir. Məhz bu siyasət sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək, ölkəmizi müasir dövrün çağırışlarına cavab verən güclü, qalib və nüfuzlu dövlətə çevirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə Heydər Əliyev ideyalarının həyatdakı ən möhtəşəm təcəssümü oldu.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni şəhərlər, yollar, hava limanları, energetika və kommunikasiya infrastrukturları inşa edilir. Azərbaycan artıq regionun enerji, nəqliyyat və logistika mərkəzinə çevrilib. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şimal-Cənub və digər beynəlxalq layihələr ölkəmizin strateji əhəmiyyətini artırır. Sosial rifah, rəqəmsal iqtisadiyyat, yaşıl enerji siyasəti və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz Azərbaycanın qlobal miqyasda nüfuzunu göstərir.

Bütün bu uğurlar Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursun, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq–dövlət birliyinin nəticəsidir.

Bu gün müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları üzərində yüksəlir. Onun yaratdığı dövlətçilik məktəbi, milli inkişaf strategiyası və müstəqillik fəlsəfəsi Azərbaycan xalqının gələcək nəsillərinə yol göstərən əbədi mayakdır.

Heydər Əliyev yolu – Azərbaycanın müstəqillik, güc və qürur yoludur!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
azpolitika.info

3Sources