EN

Arda Turan Liqa mərhələsinə qələbə ilə başladı Dünya liderlərinə səsləndi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor” komandası UEFA Konfrans Liqasının Liqa mərhələsinə qələbə ilə başlayıb.

QOL.az xəbər verir ki, Ukrayna təmsilçisi birinci turda səfərdə Şotlandiyanın “Aberdin” komandasını 3:2 hesabı ilə məğlub edib.

Oyundan sonra "mədənçilər"in baş məşqçisi Arda Turan əvvəlcə diqqəti Ukrayna və Qəzzada gedən döyüşlərə yönəldib: 

“Biz Ukraynadan gəlmişik, orada müharibə gedir. Bütün dünyada müharibələr var. İnsanlar və uşaqlar aclıqdan ölürlər. Məhz bu günlərdə "Sumud" donanması Qəzzaya yola düşür. Onlar ümidin simvoluna çevrilməyə çalışırlar. Biz isə öz tərəfimizdən nə edə biləcəyimizi bilmirik. Tək qalanda müharibələri dayandırmağı arzulayırıq. Dünyada müharibələri dayandıra biləcək liderləri real addımlar atmağa və təşəbbüs göstərməyə səsləmək istəyirəm ki, insanlar və uşaqlar ölməsinlər. Bu müharibələrə son qoymalıyıq. Müasir dünyada bunların necə baş verdiyini anlaya bilmirəm. Bu, başa düşüləcək bir şey deyil. Mən bütün qəlbimlə və dualarımla Fələstin və Ukraynada müharibə yaşayan insanlarla birlikdəyəm".

A.Turan oyunla bağlı isə bildirib: "Matça yaxşı başlaya bilmədik. İkili mübarizələrdən və təkbətək oyunlardan uzaq idik. Rəqibin yerli liqada turnir cədvəlindəki mövqeyinə (sonuncu pillə - red.) baxmayaraq, "Aberdin" kimi komandalarla oynamaq çətindir. Çünki Şotlandiya çempionatında fiziki göstərici baxımından liderlər sırasındadırlar. Oyuna 5-2-3 müdafiə sxemi ilə başladılar və onların iki hücumçusu bizim dörd hücum qurucumuzu nəzarətdə saxladı.

Bizim həll yolumuz cinah müdafiəçiləri və dayaq yarımmüdafiəçisi vasitəsilə olmalı idi. Amma "səkkiz nömrələr"imizin (mərkəz yarımmüdafiəçilər) tez-tez önə çıxması düzgün qərarları tapmağa mane oldu. Onların iki "altı nömrə"si (dayaq yarımmüdafiəçilər) isə bizim orta xəttimizi çox asanlıqla nəzarətdə saxlayırdı. Matç uzun müddət belə keçdi.

Topa sahib idik, amma buna baxmayaraq, nəticə əldə edə və qərarlarımızı reallaşdıra bilmirdik. Daha sonra vingerlərimizin daha geniş oynamağı və füllbeklərimizin daha mərkəzə yerləşməsi ilə daha çox imkan tapdıq. Diaqonal ötürmələr sayəsində vingerləri tapırdıq və dayaq yarımmüdafiəçisinin hərəkətləri qərarlar üçün daha uyğun hala gəldi".

Arda Turan deyib ki, belə stadionda oynamaq çətindir: "Uzun ötürmələrə, standart vəziyyətlərə və aut atışlarına güvənən komandaya qarşı çıxmaq asan deyil. Başlanğıcda bizə çətin idi, üstəlik külək də oyuna təsir edirdi, şərtlərə uyğunlaşmalı olduq. Futbolda bəzən belə çətin vəziyyətlər yaranır və uyğunlaşmaq bacarığını göstərmək vacibdir — biz bunu bacardıq. Biz gənc komandayıq və bu qələbə bizim üçün çox vacibdir. "Aberdin" kimi futbol mədəniyyəti və tarixi olan bir klubu məğlub etmək bizi çox xoşbəxt edir".

Növbəti turda Donetsk “Şaxtyor”u Polşanın “Legiya” komandasını qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
qol.az

2Sources