Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında dahi Azərbaycan şairi və Türk dünyası mütəfəkkiri Nizami Gəncəvinin orjinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş "Xəmsə"dən "Sirlər Xəzinəsi" və "İsgəndərnamə" əsərlərinin təqdimat mərasimi keçirilib.
"Xəmsə"nin orjinaldan Türk dilinə tərcüməsi və nəşri Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır və tərcümə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən və Azərbaycan, Türk dünyası mədəniyyətindəki bəxş etdiyi töhfələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri barədə danışıb. O, Azərbaycan dövlətinin Nizami Gəncəvi irsinin tanıdılmasına mühüm önəm verdiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi şairin 880 illiyi münasibəti ilə "Nizami Gəncəvi ili" elan edildiyini bildirib.
Mərasimdə moderator AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, şeirlərini səsləndirib. Daha sonra akademik, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova çıxış edərək Nizami Gəncəvi zəngin yaradıcılığı, onun "Xəmsə"si, ədəbiyyata verdiyi töhfələr barədə danışaraq, şairin irsinin tanıdılması məqsədi ilə Türkiyədə həyata keçirilən layihələri təqdir ediblər. Alimlər şairin əsərlərində öz doğma xalqına - türk etnosuna məhəbbətin açıq-aşkar duyulduğunu, yaratdığı müsbət obrazların əksəriyyətini ya türk kimi təsvir etdiyini, ya da onların müsbət insani sifətlərinin türklərlə müqayisə etdiyini vurğulayıblar.
Çıxışçılar Nizami Gəncəvinin əsərlərinin, şairə dair xarici alimlərin araşdırmalar yazması, onun əsərlərinin dünya dillərinə tərcüməsinin vacib olduğunu söyləyiblər.
Tədbirdə Nizami Gəncəvi əsərlərini Türkiyə türkcəsinə tərcümə edən Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyyatı bölümünün rəhbəri, professor Nimet Yıldırım layihənin həyata keçirilməsi, Azərbaycan, Türk dünyası ədəbiyyatının zirvəsi olan Nizami Gəncəvinin ayrı-ayrı əsərlərindən danışıb. O, şairin əsərlərində zəngin sujet xətləri, Nizami Gəncəvinin yüksək fəlsəfi baxışları, ədəbiyyatımıza yeni intibahın əsasını qoyması, əsərlərinin xalq tərəfindən geniş sevilməsini qeyd edərək, hikmətli beytlərinin canlı danışıq dilində atalar sözləri kimi əbədiləşdiyini qeyd edib.
Çıxışçılar Nizami Gəncəvinin əsərlərinin bu gün də aktuallığını qoruduğunu, müxtəlif dillərə tərcümə olunaraq dünya oxucularına çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.