EN

3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi gündür

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının tarixi qərarı ölkənin taleyində əsaslı dönüş yaratdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici mərhələ oldu.

Ölkə daxili qarışıqlıq, iqtisadi çöküş və beynəlxalq təcridolunma ilə üzləşdiyi ən çətin tarixi məqamda yaşayırdı. 1991-1993-cü illər Azərbaycan üçün ağır sınaq dövrü idi. Özbaşınalıq, qeyri-peşəkar rəhbərlik, mütəşəkkil cinayətkarlıq və iqtisadi böhran ölkəni uçurum kənarına gətirmişdi. Xocalı faciəsi, Laçın və Şuşanın işğalı kimi ağır hadisələr milli şüuru yaralayırdı.

1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya gələn Heydər Əliyev dərhal ölkədəki qiyamın qarşısını almaq üçün Gəncəyə yollandı. Həyatını təhlükəyə ataraq gördüyü bu tədbir onun vətənə sədaqətinin ən yüksək ifadəsi idi.

Heydər Əliyevin prezident seçilməsindən sonra ölkədə əsaslı dəyişikliklər baş verdi. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə Azərbaycan dövlətinin idarəetmə modeli müəyyənləşdirildi. Hakimiyyət bölgüsü prinsipi, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları qoyuldu. Konstitusiya Məhkəməsi, Ombudsman institutu yaradıldı, ölüm cəzası ləğv edildi.

İqtisadi sahədə Heydər Əliyevin siyasəti ölkəni böhrandan çıxararaq sabit inkişaf yoluna qoydu. 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi" Azərbaycanın enerji potensialını dünya bazarına çıxaran ən mühüm addım oldu. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Azərbaycanın enerji tranzit ölkəsinə çevrilməsində həlledici rol oynadı.

Xarici siyasət sahəsində Heydər Əliyevin tarazlaşdırılmış və məqsədyönlü yanaşması ölkənin beynəlxalq arenada mövqeyini gücləndirdi. Ölkənin müstəqilliyinin ilk illərində beynəlxalq təcridolunma vəziyyətindən çıxış yolu tapıldı. Ermənistan-Azərbaycan münaqişəsi bütün beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmə gətirildi.

Heydər Əliyevin dövlət quruculuğunda milli ideologiyanın formalaşması mühüm yer tutur. Onun irəli sürdüyü "azərbaycançılıq" ideologiyası milli mənlik şüurunun, vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil idi. Bu ideologiya təkcə Azərbaycan ərazisində yaşayanları deyil, bütün dünya azərbaycanlılarını birləşdirən bir məfkurəyə çevrildi.

Heydər Əliyev ölkənin gələcək inkişafı üçün sülh və demokratiyanı əsas strategiya kimi müəyyən etdi: "Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq" ifadəsi onun bu strategiyasının aydın təzahürü idi.

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında başlanğıc nöqtəsi oldu. Onun dövlət idarəetmə prinsipləri, uzaqgörənliyi ölkənin sabit inkişafının, müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatına çevrildi. "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" ifadəsi ilə öz xalqına verdiyi vədin arxasında duran Heydər Əliyev, bu gün güclü, müstəqil və dünyada nüfuzlu dövlət kimi tanınan Azərbaycanın banisi oldu.

Mahnur Hüseynova         Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Chosen
11
3
missiya.az

4Sources