EN

 Alman xalqı ölkənin yenidən birləşməsinin 35-ci ildönümünü qeyd edir

Berlin, 3 oktyabr, AZƏRTAC

Alman xalqı bu gün Almaniyanın yenidən birləşməsinin 35-ci ildönümünü - Alman Birliyi Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, Alman Birliyi Günü münasibətilə ölkənin bütün ərazisində xalq festivalları, incəsənət sərgiləri, konsertlər və s. tədbirlər təşkil olunub. Əsas tədbir Almaniyanın Fransa ilə sərhədindəki Zaarland əyalətinin paytaxtı Zaarbrüken şəhərində nəzərdə tutulub. Yubiley tədbirində Almaniya Kansleri Fridrix Merts və qonaq qismində iştirak edən Fransa Prezidenti Emmanuel Makron çıxış edəcəklər.

Almaniya Kansleri Fridrix Mers bayram münasibətilə X platformasında paylaşım edərək ölkə daxilində birliyin qorunmasının vacibliyini vurğulayıb. “35 illik Alman Birliyi qeyd olunmağa dəyər bir səbəbdir. Birləşmə öz-özünə baş vermədi, bu, azadlıq və demokratiya uğrunda ayağa qalxan cəsur insanların əsəridir. Bizim vəzifəmiz şimalda, cənubda, şərqdə və qərbdə bir-birimizə yaxınlaşmaq olaraq qalır. Müxtəlifliyimiz bizi gücləndirir”, - deyə Kansler bildirib.

Qeyd edək ki, Alman Birliyi Günü 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin şərəfinə qeyd olunur. Bu gün ölkənin müasir tarixində ən mühüm dönüş nöqtəsi hesab edilir. Bayram tədbirləri ənənəvi olaraq, hər il növbə ilə müxtəlif federal əyalətlərdə təşkil edilir. Milli Birlik Günü təkcə siyasi hadisə deyil, həm də azadlıq, demokratiya və birgəyaşayış dəyərlərinin təsdiqi hesab olunur. Alman Birliyi Gününün siyasi əhəmiyyəti Almaniyanın yenidən birləşməsi ilə yanaşı, Avropa və qlobal səviyyədə siyasi sabitliyin möhkəmlənməsinə verdiyi töhfə ilə də bağlıdır. Belə ki, bu gün Almaniya tarixində Şərq ilə Qərb arasında uzun illər davam etmiş ideoloji parçalanmanın aradan qalxması və demokratik sistemin bütövlükdə ölkəyə şamil olunması demək idi. Bu gün həm də Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyinin formalaşması, Avroatlantik məkanda birliyinin güclənməsi və azadlıq ideallarının qorunması baxımından mühüm simvol kimi dəyərləndirilir. Milli Birlik Günü siyasi mənada həm alman xalqının həmrəyliyini, həm də Almaniyanın beynəlxalq müstəvidə sabitliyə və əməkdaşlığa verdiyi önəmi təcəssüm etdirir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
16
3
azertag.az

4Sources