EN

Avazı yaxşı gəlir

Azər Bağırovun dörd aylıq «Kəpəz» həsrəti bitdi, o, 2 gün öncə keçmiş klubuna yeni qiyafədə qayıtdı. Həmin gündən bəri hər yeri köhnə-yeni baş məşqçinin açıqlamaları bəzəyir. Hara baxırsan, hansı sosial şəbəkəyə göz gəzdirirsən, bir Aygün Kazımovanı görürsən, bir də Azər Bağırovu.
Yaxşı açıqlamalar verir, yerli publikanı ümidləndirir. Hiss etdirir ki, özünə güvənir, savadına, təcrübəsinə arxalanır.
Əlbəttə, bu, müsbət haldır. Premyer Liqanın ilk altı həftəsində məğlubiyyətlə üzləşmiş, turnir cədvəlində sonuncu pilləyə yuvarlanmış komandanı götürən, onu bu durumdan çıxaracağına şübhə ilə yanaşmayan məşqçinin optimistliyi qibtə doğurur.
Avazı gözəldir.
Azər Bağırov ilk dəfə 2024-cü ilin sentyabrında görəvə gəldi bura. O vaxtdan bəri «Kəpəz»də çox şey dəyişib. Klubun maliyyə dayaqları güclənib, şərait yaxşılaşıb, amma və lakin… Şərtlər həminki deyil.
13 ay qabaq «Kəpəz»in sükanı arxasına keçəndə düşərgədə 12 legioner yox idi. Onda əcnəbi limiti tam dolmamıdı, odur ki, transferlər edə, komandanı gücləndirə, Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələ bildi.
Hazırda «Kəpəz»in müqaviləli legionerlərinin sayı 12-dir. Daha 1 xarici oyunçu alsalar, AFFA-ya 100 min manat rüsum ödəmələri olacaqlar. Bu rəqəm 17-ni keçərsə, 200 min manat xərcə düşəcəklər.
Klub rəhbərliyinin bu qədər vəsaiti varmı? Varsa belə, hər oyunçuya görə bir belə məsrəf çəkməyə hazırdırlarmı? Bağırov bu sualların cavabını bilirsə, xahiş edirik ki, mətbuata da açıqlasın, gizlətməsin.
«Kəpəz»in keçənilki heyəti indikindən daha güclü idi. Bu yay gətirilən legionerlərin çoxunu at getsin eşiyə. Bir qara qəpiyə dəyməzlər. Keyfiyyət çox düşüb. Komandanın əsasını onlar təşkil edəcəyindən, Bağırovun manevr imkanları məhduddur. Hamısının əla kontraktı var, öz xoşlarıyla ayrılan deyillər buradan. Kimi göndərmək istəsələr, təzminat tələb edəcək. Başqalarını gətirmək isə böyük pul aparacaq.
Digər tərəfdən, «Kəpəz»in yerli oyunçu bazası zəifləyib. Ötən sezon özünü yaxşı tərəfdən göstərənlərin əksəriyyəti klubla vidalaşıb. Bağırov ayağı top tutmayanlarla neyləyəcək, görəsən? Onlara motor qoşacaq, yoxsa əlində sehrli çubuq var, onunla toxunuş edəcək?

ELNUR

Chosen
3
sportinfo.az

1Sources