EN

Milli Təhlükəsizlik Konsepsiyası və dəyişən reallıq: Yenilənmə qaçılmazdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan artıq iki həftə sonra müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edəcək.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox ciddi risklərlə üz-üzə qaldı. Daxildə siyasi qeyri-sabitlik, xarici təzyiqlər fonunda ölkə iqtisadi, siyasi, humanitar və hərbi fəlakətlərlə qarşılaşdı. Nəticədə cəmi bir neçə il ərzində torpaqlarımızın 20 faizi işğal edildi, bir milyon insan məcburi köçkün oldu.
Yalnız 1993-cü ilin iyunundan sonra, torpaqların 20 faizi hələ də işğal altında olsa da, ölkə daxilində siyasi sabitliyin təmin olunması istiqamətində sistemli işlər həyata keçirildi. Azərbaycan uzun bir yol qət etdikdən sonra ilk dəfə Milli Təhlükəsizlik Konsepsiyasını 2007-ci ildə Prezident İlham Əliyevin imzası ilə qəbul etdi. Bu konsepsiya həmin dövrün reallıqları nəzərə alınaraq hazırlanıb və torpaqlarının bir hissəsi işğal altında olan ölkənin təhlükəsizliyini təmin etmək üçün prioritetləri əks etdirib.
Konsepsiyada Azərbaycanın qarşısına qoyduğu əsas hədəflər ədalətin təmin edilməsi, işğal səbəbindən hüquqi nəzarətdən kənarda qalmış ərazilərdə kök salmış separatizm, mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluqla mübarizə idi. 2007-ci il konsepsiyasında Azərbaycan hələ də Minsk qrupunun fəaliyyətinə ümidini tam itirməmiş və münaqişənin sülh yolu ilə həllinə sadiqliyini ifadə etmişdi. Bununla yanaşı, iqtisadi hədəflərin reallaşdırılması üçün tələb olunan peşəkar insan resurslarının hazırlanması da milli təhlükəsizliyin əsas elementi kimi göstərilmişdi.
Bir sözlə, 2007-ci il konsepsiyasında müəyyən edilən bir çox hədəflər sonrakı 15 il ərzində reallaşdırıldı:
- Azərbaycanın suverenliyi təmin edildi,
- Separatizm və beynəlxalq terrorun kökü kəsildi,
- İqtisadi təhlükəsizlik qorundu,
- Azərbaycan regional aktordan qlobal aktora çevrilməyi bacardı.
Beləliklə, 2007-ci ildə qəbul olunmuş konsepsiyada qeyd edilən təhdidlərin əksəriyyətinin qarşısı alındı və güclü dövlət - güclü cəmiyyət modeli quruldu.
Müasir dünya transformasiya dövrünü yaşayır. Yeni regional və qlobal liderlərin mövqeyinin möhkəmlənməsi dünya düzənini dəyişdirir, yeni qaydalar və prinsiplər formalaşdırır. Qərb ölkələrinin hegemonluğunu qorumaq istəyi, transmilli korporasiyaların dövlətlərin rolunu məhdudlaşdırmaq cəhdləri BMT, ATƏT kimi beynəlxalq təsisatların nüfuzunu zəiflədərək qlobal təhlükəsizlik sistemində yeni təhdidlər yaradır.
Bununla yanaşı, qonşu ölkələrin daxili siyasi gərginlikləri də Azərbaycanın milli təhlükəsizliyinə və iqtisadi maraqlarına təsir göstərməkdədir. Məsələn, son zamanlar Türkiyə daxilində hakim partiya ilə müxalifət arasında gərginləşən münasibətlər, bəzi populist siyasi qüvvələrin Azərbaycanın iqtisadi maraqlarını hədəfə alan bəyanatları diqqətlə izlənilməlidir.
Eyni zamanda, informasiya texnologiyalarının sürətli inkişafı həyatın asanlaşması ilə yanaşı, milli təhlükəsizlik üçün yeni təhdidlər yaradır. Məlum faktlar göstərir ki, ölkələrin kritik informasiya infrastrukturuna kənardan müdaxilə ilə zərər vurmaq mümkündür. Son dönəmlərdə Azərbaycan KİV-inin resurslarına edilən hücumların məqsədi də ictimai gərginlik yaratmaq idi.
Əgər 2007-ci ildə biz ədalət axtaran və daha çox regional oyunçu idiksə, bu gün rəsmi Bakı ədaləti özü təmin edən, Avropanın enerji təhlükəsizliyi konsepsiyasının formalaşmasına töhfə verən bir ölkəyə çevrilib. Bu baxımdan, 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyası artıq bu günün reallıqlarına tam cavab vermir və onun yenilənməsi qaçılmazdır.
Müasir şəraitdə Milli Təhlükəsizlik Konsepsiyası yalnız ölkə daxilində və sərhədlərdə deyil, daha geniş coğrafiyada Azərbaycanın maraqlarını təmin etmək üçün strateji hədəfləri müəyyən etməlidir.
Aqil Məmmədov, politoloq
Chosen
38
50
oxu.az

10Sources