EN

Qulaq kirinin rəngi sağlamlığınız barədə nə deyir? – Həkim xəbərdarlıq etdi

Doktor Ovdey: “Qara qulaq kiri çox vaxt göbələk infeksiyasına işarə edir".

E-saglam.az xəbər verir ki, qulaq kirinin rəngi qulaqda, hətta bütövlükdə bədəndə baş verən müxtəlif proseslər barədə məlumat verə bilər. Bu barədə SM-Clinic-in otolarinqoloqu Roman Ovdey Gazeta.Ru nəşrinə danışıb.

Həkimin sözlərinə görə, qulaq kiri (serum) qulaq kanalındakı piy vəziləri tərəfindən istehsal olunan qoruyucu maddədir və bir neçə vacib funksiyanı yerinə yetirir: qoruma, yağlama və təmizləmə.

Normal halda qulaq kiri açıq qəhvəyi və ya sarımtıl rəngdə olur. Rəngin dəyişməsi pəhriz, yaş və fərdi xüsusiyyətlərdən asılı olaraq fərqlənə bilər. Lakin bəzi hallarda rəng dəyişiklikləri xəstəliklərin əlaməti ola bilər.

Qara qulaq kiri – ən çox göbələk infeksiyasını (otomikozu) göstərə bilər. Bu zaman göbələk əleyhinə dərmanlarla müalicə tələb olunur. Qara rəngin yaranması göbələklərin çoxalması və onların tullantılarının mumda toplanması ilə bağlıdır.

 Yaşıl qulaq kiri – bakterial infeksiya və ya iltihab əlamətidir. Bu rəng, immun sisteminin infeksiyaya qarşı reaksiyasının bir hissəsi olan ağ qan hüceyrələrinin (lökositlərin) çoxalması ilə əlaqədardır.

Ağ və ya çox açıq rəngli qulaq kiri – qulaq kanalında dərinin qurumasını və ya mumun kifayət qədər istehsal olunmamasını göstərə bilər. Bu hal qaşınma və soyulma ilə müşayiət oluna bilər.

 Qırmızı və ya çəhrayı qulaq kiri – çox vaxt travma və ya deşilmiş qulaq pərdəsi nəticəsində yaranan qanaxmanın əlamətidir və təcili tibbi yardım tələb edir.

 Tünd qəhvəyi və ya zeytun rəngli qulaq kiri – xroniki qulaq iltihabı və ya qulaq kiri yataqlarında ölü dəri hüceyrələrinin çoxalması ilə əlaqəli ola bilər.

Həkim xəbərdarlıq edib ki, qulaqları özbaşına təmizləmək, xüsusən də kirin rəngi dəyişibsə, təhlükəlidir:

“Bu, qulaq kanalını zədələyə və vəziyyəti ağırlaşdıra bilər. Rəngdə dəyişiklik, qaşınma, ağrı və ya eşitmə itkisi müşahidə edirsinizsə, mütləq LOR mütəxəssisinə müraciət edin".

Qeyd edək ki, daha əvvəl də mütəxəssislər qulaqların pambıq çubuqlarla təmizlənməsinin təhlükəli olduğunu vurğulamışdılar.

Tərcümə:Nəzrin Abbas

E-saglam.az

Chosen
8
e-saglam.az

1Sources