EN

Prezident İlham Əliyevin Kopenhagendəki görüşləri Azərbaycanın regional proseslərdə həlledici rolunun bariz göstəricisidir – ŞƏRH

Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlərin qarşı tərəfin müraciətləri əsasında baş tutması ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir. Bu, həm Prezident İlham Əliyevin Avropada yüksək hörmət və etimad sahibinə çevrildiyini, həm də ölkəmizin müsbət imicinin və strateji əhəmiyyətinin getdikcə daha çox dəyərləndirildiyini təsdiqləyir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə görə, Kopenhagendə baş tutan bu görüşlər Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu və beynəlxalq münasibətlərdə mühüm aktor statusunu bir daha ortaya qoyur.

E.Mirzəbəyli bildirib ki, Avropa Siyasi Birliyi platforması əslində Avropa İttifaqı və ittifaqa üzv olmayan Avropa dövlətləri arasında strateji əməkdaşlıq və siyasi dialoqu gücləndirmək məqsədilə formalaşsa da, zamanla daha geniş təhlükəsizlik və iqtisadi gündəmin müzakirə edildiyi mühüm format kimi qəbul olunmağa başlayıb. Məhz bu səbəbdən Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycanın iştirakı ölkəmizin və onun liderinin qlobal proseslərdə oynadığı mühüm tənzimləyici rolun göstərici kimi qəbul oluna bilər.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin danimarkalı həmkarı, Avropa Şurasının Prezidenti və digər yüksək səviyyəli liderlərlə görüşləri protokol xarakterli görüşlərdən daha çox, tərəflərin gələcək əməkdaşlıq planlarının aydın təsdiqi kimi qiymətləndirilməlidir:

"Mühüm məqamlardan biri də odur ki, Avropa liderləri Azərbaycanın regionda sülh və təhlükəsizlik sahəsində əldə etdiyi uğurları xüsusi qeyd etməklə yanaşı, həm də enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya və rəqəmsal inteqrasiya sahələrində strateji tərəfdaşlıq imkanlarına xüsusi önəm verirlər. Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və inkişafı üçün mühüm tərəfdaş kimi qəbul edilməsinin sübutudur".

Parlamentari əlavə edib ki, Zirvə çərçivəsində reallaşan mühüm görüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşüdür:

"Tarixi razılaşmadan sonra ilk dəfə olaraq Avropa siyasi gündəminin mərkəzində tərəflərin sülh prosesinə dair iradəsinin nümayişi önəmli hadisədir. Bu görüş həm Azərbaycanın beynəlxalq siyasətdə konstruktiv mövqeyini bir daha təsdiqləyir, həm də Avropanın ölkəmizi sülhün əsas təşəbbüskarı kimi qəbul etdiyini göstərir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə artıq Avropa üçün də nümunəvi model kimi təqdim olunur".

Deputat əlavə edib ki, Azərbaycanın enerji resursları və strateji tranzit imkanları da Avropa üçün alternativ və etibarlı marşrutların təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu çərçivədə Avropa Komissiyası və digər institutlarla aparılan danışıqlar Global Gateway strategiyası daxilində Azərbaycanın nəqliyyat və rəqəmsal inteqrasiya layihələrində önəmli rol oynayacağını göstərir. Bununla yanaşı, Azərbaycanın artan tranzit potensialı ölkəmizin beynəlxalq iqtisadi sistemdə daha güclü mövqe qazanmasına şərait yaradır.

"Prezident İlham Əliyevin Kopenhagen səfəri Azərbaycanın diplomatik manevr imkanlarının möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Avropa liderlərinin ölkəmizə verdiyi dəstək və yüksək qiymət Azərbaycanın gələcəkdə Avropa institutları ilə daha geniş hüquqi və maliyyə əməkdaşlığına yol aça bilər.

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvəsi Azərbaycanın yalnız diplomatik uğuru deyil, həm də beynəlxalq mövqeyini yeni geosiyasi reallıqlara uyğun şəkildə gücləndirməsinin praktiki nümayişidir. Prezident İlham Əliyevin Kopenhagenə səfəri Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq aləmdə təsdiqlənməsi baxımından tarixi önəm daşıyır. Bu isə öz növbəsində ölkəmizin gələcək xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi, daxili inkişaf proqramlarının dəstəklənməsi və regional sabitlikdə lider rolunun möhkəmlənməsi üçün yeni imkanlar yaradır", - deyə E.Mirzəbəyli fikrini yekunlaşdırıb.

Chosen
27
2
day.az

10Sources