“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:


“Futbolçularıma təşəkkür etmək istəyirəm. Yüksək səviyyədə oyun keçirdilər. Komandamdan keyfiyyətli oyun gördüm. Keçənilki matça bənzədi. Sonluq çox dramatik alındı. 100 faizli qol epizodu bizdə çox idi. Topun qapı xəttini keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldılar, penalti ilə hesabı bərabərləşdirdik. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. Meydançanın vəziyyəti də yaxşı idi. Belə olan halda, oyunların keyfiyyəti də başqa səviyyədə olur. Futbolçulara layiq olduqları 3-4 günlük istirahəti verəcəyik. Daha sonra toplanıb, növbəti oyuna hazırlaşacağıq. Ayron Qomisin qırmızı vərəqəsi bizi məyus etdi.


Həm Davit Volkov, həm İssa Cibrilla 5-6 həfə bizimlə olmayacaq. Zədəlidirlər. Sırf hücumçumuz yox idi. Yeqor Boqomolskini fərdi olaraq dəyərləndirsək, ondan razıyam. Etimadımızı doğruldur, çalışır, istəklidir. Hər oyunda 100 faizlik qol şansı olur. Bu gün də epizodu var idi, fərqlənə bilmədi. Belə davam etdikcə, inkişaf edərək, faydalı oyunçuya çevriləcək. Bu il hücum xəttində ciddi problemlər yaşayırıq. Zədəlilərimiz var. Brahim Konate dünən məşq etməmişdi, məcburiyyətdən onu meydana buraxdıq”.