EN

Milli maraqların təmini üçün uğurlu platforma

Prezident İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə səfəri yeni geosiyasi konfiqurasiyada qlobal mühitdə milli maraqlar naminə mühüm hadisədir. Xüsusən ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanmasından sonra 7-ci Zirvə toplantısına dövlət başçımızın dəvət olunması və iştirakı Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı yeni geosiyasi reallığın və bölgədə yeni konfiqurasiyanın Qərb qütbü tərəfindən birmənalı şəkildə qəbullanıldığını göstərməkdədir. 

Kopenhagen Sammitinin Azərbaycan Prezidentinin iştirak etdiyi ilk "Avropa Siyasi Birliyi" Zirvəsi olmadığını xatırladan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, dövlət başçısı bu ilin mayında Albaniyanın paytaxtı Tirana şəhərində "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında da iştirak və çıxış etmiş, hələ o zaman avromühitdə reallıqların ölkəmizin lehinə dəyişdiyi aydın müşahidə edilmişdi. Azərbaycan Prezidenti hələ 2022-ci ildə "Avropa Siyasi Birliyi"nin Praqa Sammitinə dəvət edilərkən, əsas məqsəd daha çox Azərbaycanın bölgədə özünün hərbi-siyasi qələbələri ilə yaratdığı yeni konfiqurasiyanın dəyişdirilməsinə yönəlmişdi. Daha konkret desək, Praqa Sammitində Fransa, Avropa İttifaqı və Ermənistan güclərini birləşdirərək Azərbaycanı siyasi məğlubiyyətə uğradacaqlarına əmin idilər, xüsusən ölkəmiz əleyhinə başlanan genişmiqyaslı qarayaxma və böhtan kampaniyası, o cümlədən ayrı-ayrı "beynəlxalq insan haqları təşkilatları", "nüfuzlu media resursları"nın bu prosesdə anti-Azərbaycan mövqe tutması, yaxud muzd hesabına tutmağa məcbur edilməsi ozamankı anti-Azərbaycan qütbünü Praqa Sammitində kifayət qədər arxayın davranmağa sövq edirdi. "Qərbin çoxsaylı "beyin mərkəzləri" Vətən müharibəsindən sonrakı keçidi Azərbaycan üçün uğursuz bir dövr kimi xarakterizə edərək Praqa Sammitində Azərbaycanın məğlubiyyətinə, yaxud hərbi-siyasi qələbələri ilə əldə etdiyi nəticələri "Avropa Siyasi Birliyi"nin masasında buraxıb gedəcəyinə dair kifayət qədər "əmin mövqe" ifadə edirdilər. Lakin möhtərəm cənab Prezident böyük diplomatik məharətlə nəinki Azərbaycanın siyasi məğlubiyyətinə imkan vermədi, üstəlik, sözün əsl mənasında, ustad dərsi keçərək Fransanı və Ermənistanı fiaskoya uğradıb, Nikol Paşinyanı və Emmanuel Makronu Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bunu dildə və yazılı formada ifadə etməyə məcbur etdi. Həmçinin Praqada Azərbaycana qarşı planı pozulan Fransa, Avropa İttifaqı və Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımaqla bərabər, həm də bu məsələdə Alma-Ata deklarasiyasına istinad etməyə məcbur qaldılar. Təsadüfi deyil ki, həmin görüşə qədər Azərbaycanın məğlubiyyəti ilə bağlı çoxsaylı ssenarilər gündəmə gətirən Qərb mediası və imperializm maliyyəsi hesabına ayaqda qalan beyin mərkəzləri baş verənləri şahmat masasındakı "suqsvanq"a bənzətdiklərini gizlətmədilər. Praqa Sammiti eyni zamanda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində mühüm siyasi platformalardan birinə çevrildi. Təsadüfi deyil ki, məhz "Avropa Siyasi Birliyi"nin Praqa Zirvəsinin müsbət məqamlarından biri də bu oldu ki, o zaman bölgədə müvəqqəti şəkildə yerləşmiş Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması sürətləndirildi. Bir sıra rusiyalı ekspert və bəzi siyasətçilər, o cümlədən Ermənistandakı revanşist dairələr Ermənistanın və Fransanın Praqada tutmağa məcbur qaldığı mövqeni və səsləndirdikləri bəyanatları köklü şəkildə yanlış hesab edərək tənqidə məruz qoydular. Bu mənada, istisnasız olaraq demək mümkündür ki, Praqa görüşünü triumfa çevirən cənab İlham Əliyev bununla, əslində, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarının bizim üçün uğurlu platformaya çevrilə biləcəyini göstərmiş oldu", - deyə deputat əlavə edib.

O qeyd edib ki, anti-Azərbaycan dairələr üçün bu reallığı qəbul etmək asan olmayıb, hətta ötən il COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma və çirkab kampaniyalarında ehtiva olunan və bir sıra dövlətlərin xarici siyasət idarələrinin birbaşa cəlb edildiyi çoxsaylı hücumlar müşahidə edildi. Hətta Azərbaycan təbii sərvətlərinə görə, daha dəqiq desək, qazıntı yanacağı ehtiyatlarına malik subyekt olmaqda "təqsirləndirildi". Lakin Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan nəinki öz mövqeyindən geri çəkilmədi, əksinə, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımından rolu artdı və BMT Baş Assambleyasının 80-ci sessiyasındakı tarixi çıxışında dövlət başçımız, sadə dildə desək, bu məsələ ilə bağlı ölkəmizin mövqeyini və enerji təchizatçısı rolunu daha da gücləndirəcəyini bəyan etməklə son nöqtəni qoydu. 

B.Məhərrəmov deyib ki, çoxsaylı maneələrə baxmayaraq, cənab İlham Əliyevin zamanında realizə etdiyi infrastruktur layihələri, habelə ölkədə sabit və təhlükəsiz mühit, Azərbaycanın nəqliyyat-kommunikasiya habı rolunu sürətlə artırması fonunda Bakının mövqeyinin blef olmadığı, real imkanlara əsaslandığı isə artıq hər kəsə aydındır: "Qütbləşmənin dərinləşdiyi və ayırıcı xətlərin daha aydın gördündüyü bir zamanda Azərbaycanın istər geosiyasi, istər iqtisadi və ticari zəmində əməkdaşlıq körpüsü rolunu oynaması, habelə Orta dəhliz üzərindən daşımaların artdığı bir dövrdə Azərbaycanın bu infrastruktur layihəsinin ən etibarlı halqasına çevrilməsi, Kopenhagen Sammitinə dəvət olunması həm də Qərbin ölkəmizə ehtiyacının birmənalı göstəricisi kimi qiymətləndirilməlidir. Görünən odur ki, əvvəldə də qeyd etdiyimiz kimi, qütblərarası ziddiyyətlərin dərinləşdiyi, nəticədə orta güc dövlətlərinin rolunun artdığı bir məqamda Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaranan imkan və üstünlüklər sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarmaqla, üstəlik, bu reallığı Vaşinqtondan dünyaya qəbul etdirə bilməklə həm də de-fakto və de-yure Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun isə nüfuzlu gücü olan Azərbaycanı hesablaşılan orta və regional təsir subyekti kimi təsdiqlədə bilib. Beynəlxalq ictimaiyyət, o cümlədən "Avropa Siyasi Birliyi"nin nüvəsini təşkil edən beynəlxalq subyektlər də yaxşı başa düşür ki, regionda Azərbaycanın müsbət mövqeyi olmadan hər hansı ciddi transregional layihə effektiv icra, yaxud hər hansı geosiyasi konfiqurasiya realizə oluna bilməz". 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq hərbi, siyasi və diplomatik güc və nüfuzla dəstəklənən, balanslaşdırılmış xarici siyasət kursunu uğurla həyata keçirməklə öz mövqeyini qarşıdakı uzun onilliklər ərzində sabit və dayanıqlı şəkildə təsbit edə bilib. Bu çərçivədə Çinlə imzalanmış "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" və Bakı ilə Pekinin bir sıra istiqamətlərdə vahid mövqedən ifadə etdiyi mövqe, habelə uzun bir dövr ərzində gərgin şəkildə özünü büruzə verən İran-Azərbaycan münasibətlərinin Prezident Məsud Pezeşkianın Bakı səfəri ilə tam yeni müstəviyə qədəm qoyması, o cümlədən ABŞ ilə demokratlar iqtidarı dövründə, demək olar ki, sıfırlanan münasibətlərin yenidən canlanması, hətta Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün İşçi Qrupunun yaradılması proseslərin ümumi zəmində məhz Azərbaycanın iradəsinə uyğun axarını göstərməkdədir. Daha dəqiq desək, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında qazanılan hərbi-siyasi qələbələr, artan iqtisadi güc, suverenliyin tam şəkildə bərqərar olunması, ölkəmizin birmənalı müstəqil güc kimi çıxış etməsi, habelə beynəlxalq hüququn aliliyinə əsaslanan balanslaşdırılmış xarici siyasət kursu artıq nə Qərbə, nə də digər hər hansı gücə ölkəmizlə Bakının mənafelərinə zidd şəkildə davranmağa imkan verir. "Əvvəllər daxildən hansısa marionetlər vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq etməyə çalışan, "insan haqları", "demokratiya" və "azadlıq"lar pərdəsi altında imperialist niyyətlər naminə ölkəmizə qarşı xaç yürüşlərinə ara verməyən Qərb artıq bu reallıqları dərk edərək ölkəmizlə münasibətlərdə öz maraqlarını təmin etmək üçün hansısa əlaltılarla "iş görməyin" səmərəli olmadığını, müzakirələrin və dialoqun birbaşa ev sahibi ilə effektiv olacağını, gec də olsa, anlamağa başlayıb. 

İndi Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur və "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Öz güc və iradəsi hesabına regionda işğal və təcavüzə son qoymaqla beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyini təmin edən, sülh və sabitliyi yalnız hərbi yolla deyil, həm də siyasi addımlarla de-fakto təmin etməyi bacarmış Azərbaycan Respublikasının Prezidentinin ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyi ali məqsəd kimi "Avropa Siyasi Birliyi"nin ümumi platformasında bölüşəcəyi təcrübə mövcuddur. Azərbaycan yaxşı anlayır ki, bəzən niyyətlər uzlaşmasa da belə, "Avropa Siyasi Birliyi"ni təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş uğurlu hökumətlərarası platformaya çevirmək mümkündür. Məsələn, Prezident İlham Əliyevin Kopenhagendə moldovalı həmkarı Maya Sandu ilə görüşü, Vaşinqton razılaşmalarına rəsmi Kişinyovdan da dəstək alması, o cümlədən iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunun vurğulanması, habelə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü bu mənada çox uğurlu əmsal sayıla bilər", - deyə o bildirib. 

Deputat qeyd edib ki, Kopenhagendə təmaslar sırasında ən diqqətçəkən məsələlərdən biri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü sayıla bilər. Bakı və İrəvan arasında münasibətlərin nizamlanması istiqamətində proseslərə mane olmağa çalışan bəzi xarici dairələr, o cümlədən Ermənistan daxilində revanşist kəsimin cəhdləri fonunda Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətinin liderlər tərəfindən bir daha vurğulanması, Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarının bir daha təsdiq edilməsi önəmli gedişatdır. Xüsusən möhtərəm Prezidentin və Ermənistanın Baş nazirinin Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə etməsi, etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyinin vurğulanması və təmasları davam etdirmək barədə razılıq regionun de-fakto sülhün de-yure sülhə doğru intensiv şəkildə irəliləyiş perspektivlərini ortaya qoyur. Bu mənada, əminliklə demək olar ki, Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısını ölkəmiz üçün növbəti dəfə maraqların təmini üçün uğurlu müstəviyə çevirə bildi.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources