EN

“KAĞIZ PƏLƏNG” NATO ya MEYDAN OXUYUR! Putini “cəsarətləndirən” ən güclü iki silah...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya prezidenti “bütün NATO ilə savaşırıq” deyərkən kimi aldadır və Türkiyəni niyə unudur?

Donald Trampın Ukrayna ilə bacarmayan Rusiyanı “kağız pələng” adlandırması Vladimir Putinə ağır təsir edib. İndi bu həqiqəti pərdələmək və rusiyalıları sakitləşdirmək üçün nəsə demək lazım idi. 

Putin də bunu “Valday” forumunda dedi: “Kağız pələng? Onda gəlin, bu "kağız pələng"lə bacarın. Biz bütün NATO bloku ilə müharibə aparırıq və irəliləyirik, özümüzü əmin hiss edirik. Əgər bu ordu (Rusiya ordusu – red.) "kağız pələng"dirsə, onda NATO-nun özü nəyi ifadə edir?”

Onun sözlərinə görə, Rusiya qoşunları cəbhənin demək olar ki, bütün istiqamətlərində irəliləyir, “Qərb” qruplaşması isə Kupyanskın təxminən üçdə ikisini nəzarətə götürüb.

Putin sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 44,7 min itki verdiyini, Rusiya ordusunun itkilərinin isə “dəfələrlə az” olduğunu bəyan edib. Bu saxta iddia ümumiyyətlə, şərh olunmağa dəymir.

Rusiya lideri deyir ki, ABŞ-ın Ukraynaya verdiyi “Tomoqavk” raketlərini də “HİMARS” sistemləri kimi vuracaqlar. Bir sözlə, həm özünə, həm də rusiyalılara təskinlik verir...

Fikir verin, 2022-ci ildə xüsusi təkəbbürlə Ukraynaya faktiki işğal müharibəsi elan edən, Kiyevi və bütün ölkəni 3-5 günə tutacağını bildirənlərin başçısı bu gün Ukraynanın şərqindəki cəmi 22 min əhalisi və 33 kvadrat kilometr ərazisi olan kiçik Kupyansk şəhərinin 2/3 hissəsini işğal etməsi ilə öyünür. Üstəlik, bu məlumatın özü də mübahisəlidir.

“HİMARS” məsələsinə gəlincə, ABŞ-ın heç də ən müasir silahları olmayan bu nisbətən qısa mənzilli raketləri hələ də Rusiya ordusuna ağır zərbələr vurur. Sonuncu dəfə Belqoroddakı elektrik stansiyası məhz “HİMARS”la vurulub və şəhər qaranlığa qərq olub.

Rusiya gündəlik olaraq aşağı sürətli Ukrayna PUA-larının hücumları qarşısında aciz qalır. Demək olar ki, hər gün bir neft emalı zavodu alova bürünür. Nəticədə ölkə artıq neft emalının müxtəlif hesablamalara görə 20 faizindən çoxunu itirib. YDM-lərdə benzin tapılmadığından uzun növbələr yaranıb.

Putinin dediyindən belə çıxır ki, daha primitiv və ləng Ukrayna PUA-larını belə vura bilməyən Rusiya, “Tomoqavk” kimi yüksək sürətli və texnoloji raketləri “asanlıqla” vuracaq...

NATO ilə real müharibə mümkünmü?

Putin guya bütün NATO ilə döyüşdüyünü deyir. Halbuki, NATO faktiki olaraq hələ müharibəyə qoşulmayıb: Ukrayna səmasında bir dənə də olsun müasir NATO təyyarəsi, raketi və ya əsgəri yoxdur. Alyansın verdiyi silahlar isə anbarlardan çıxarılan köhnə modellərdir. Buna baxmayaraq, Rusiya Donbasda bataqlığa saplanıb.

Əgər təkcə NATO ölkəsi Türkiyə müharibəyə qoşulsa, Rusiyanın Qara dəniz donanması, Krımdakı hərbi obyektləri və qoşun hissələri tam sıradan çıxarıla bilər. Onsuz da dəniz qüvvələri olmayan Ukrayna Rusiyanın “şanlı” donanmasını Sevastopoldan qaçmağa məcbur edib. İndi isə həmin donanma Novorossiyskə sığınıb, amma Ukrayna orada da onu rahat buraxmır. Türkiyə kimi güclü dəniz qüvvəsinə malik dövlət bu məsələyə qarışsa, Krımın taleyi çox tez həll olunar.

Putinin gerçək “silahları”

NATO-nun Rusiyadan həm hərbi, həm də iqtisadi potensial baxımından üstünlüklərini sadalamaqla bitməz. Hətta adətən Moskvanı müdafiə edən Viktor Orban belə etiraf edib ki, təkcə Avropa Rusiyadan dəfələrlə güclüdür.

Putinin NATO-ya qarşı çıxara biləcəyi yeganə “ciddi” silah nüvə arsenalıdır. Amma onun real vəziyyəti barədə dəqiq məlumat yoxdur. Digər tərəfdən, Rusiyanın əsas tərəfdaşı olan Çin nüvə silahının tətbiqinə qəti şəkildə qarşıdır.

Əslində, Putinin ən böyük “silahı” nüvə deyil. Onun həqiqi silahı – beyni təbliğatla zəhərlənmiş rusiyalıların dəyərsizləşdirilmiş həyatıdır. Putin yüz minlərlə, milyonlarla insanı “ət maşını”na – müharibəyə yollayır. Onların həlak olması nə Rusiya cəmiyyətini, nə də Kremlin özünü ciddi narahat etmir. Jukovun dediyi kimi: “Rus arvadları yenilərini doğacaq.”

Putinin ikinci “silahı” isə Qərbin zəifliyi və ikili standartlarıdır. Qərbin 100 raketindən 99-u Rusiyanı vursa belə, Kreml hakimiyyətinə ciddi zərər gəlməz. Əksinə, xalq “çar” ətrafında daha sıx birləşər. Amma Avropanın komforta öyrəşmiş şəhərlərinə 100 raketdən ikisi düşsə, Avropa liderləri və cəmiyyətləri sarsılar, müqavimət göstərməkdə çətinlik çəkərlər.

Bütün bunlara baxmayaraq, Putin “Valday”da yenə də sülhdən, NATO ilə döyüşmək istəmədiklərindən danışıb. Çünki yaxşı anlayır ki, Qərblə real müharibə Rusiya üçün fəlakət deməkdir. Amma Kreml təbliğatı başqa cür göstərir – guya Rusiya Avropanı da, NATO-nu da məhv etməyə qadirdir.

Məşhur məsəldə deyildiyi kimi, “niyə hürürsən?” – deyə soruşanda cavab verir: “Qorxuduram.” “Bəs quyruğun niyə əsir?” – deyəndə isə cavab verir: “Qorxuram.” İndi “kağız pələng” nə qədər gizlətməyə çalışsa da, quyruğunun əsdiyi aydın görünür.

Ümumilikdə isə getdikcə daha çox “Medvedevləşən” Putinin çıxışlarını, vədlərini və hədə-qorxularını həddən artıq ciddi qəbul etmək düzgün olmaz. Bu gün dediyi sabaha dəyişir. “Dünya lideri” anlayışının özü də artıq dəyərini itirib. Klassik mənada bəlkə bir-iki siyasətçi qalıb, amma onlar nə Putindir, nə də Tramp...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
azpolitika.info

1Sources