EN

Ayxan Abbasov millidə bunu edəcək adam deyil - Qurban Qurbanov misalı...

Rəsmi olaraq məlum oldu ki, qarşıdakı görüşlərdə millinin başında Ayxan Abbasov olacaq.

İstədiyimiz adam, düzgün qərardır.

Cümlənin ucundan tutub, ucuzluğa getmək olar.

Ona görə də qısacaq deyim ki, 44 yaşlı baş məşqçi Azərbaycan millisini böyük turnirlərə aparası deyil.

Amma ən pis halda belə Santuşdan, Yurçeviçdən daha yaxşı kollektiv formalaşdıracağına inanıram.

Əlimizdə olan materialın suyunu maksimum çıxaracağı isə dəqiqdir.

Əbəs deyil ki, ictimaiyyət də federasiyanın qərarını müsbət qarşıladı.

Bunu görmək üçün elə təkcə AFFA-nın rəsmi hesablarına gələn şərhlərə göz atmaq yetərlidir.

Ən azı təyinat qədər, anlaşmanın detallarının gizli saxlanılması da müzakirə olundu.

Haqlı olaraq tənqid edildi.

Həqiqətən də mənzərə kənardan yaxşı görünmür.

Amma digər tərəfdən şəxsən mənim üçün müqavilənin olub-olmamasının ciddi bir əhəmiyyəti yoxdur.

Zamanında Qurban Qurbanovun AFFA ilə 6 illik anlaşması vardı. O dönəmki federasiya rəhbəri Rövnəq Abdullayev şəxsən mətbuat konfransında özü bunu dilə gətirmişdi. Cəmi 9 ay sonra elə onun dönəmində Qurbanov yığmadan göndərildi.

Və ya Ayxan Abbasovun özünün yaxın keçmişdə "Turan Tovuz"la 3 illik anlaşması yox idimi?

Bölgə klubunun rəhbəri Ehtiram Quliyev özü açıqlamışdı ki, uzunmüddətli müqavilə böyük planlardan xəbər verir. Tələsmədən hədəflərimizə doğru gedəcəyik. Elə həmin Quliyev təxminən 10 ay sonra Ayxan Abbasovla yolların ayrılmasına qərar vermişdi.

Nümunələri uzatmaq da olar.

Müqavilə gələcəyin sığortasıdır.

Fernandu Santuş AFFA ilə 4 illik anlaşmanı buna görə imzalamışdı.

1 il 3 aydan sonra 4 milyon təzminatını alıb getdi.

Ayxan Abbasov eyni addımı atarmı?

Təbii ki, təzminat tələb edəcək adam deyil. Necə ki, zamanında Qurban Qurbanov etməmişdi. Yerlilərin bu baxımdan millidə əl-qolu bağlıdır. Tələb yox, mənəvi borcdur.

Bu gün böyük çoxluq niyə Ayxanın millidə qalmasını istəyirdi? Səbəb sadədir - Ukrayna ilə görüşdəki əzmkar millini görmək üçün.

Sabah Fransa, Ukrayna, İslandiya önündə bərk ola bilsək, həmin çoxluq eyni şeyi yenə istəyəcək.

Amma yığma irhesablı məğlubiyyətləri sıralasa, Santuşun dönəmindəki əzik yığmanı görsək, sənəddə 10 illik anlaşma olsa da istənilən yerli baş məşqçi özü çıxıb gedəcək. Üzə düşəni də federasiya göndərəcək.

Ona görə də müqavilə söhbətində çox da ilişib qalmağın ciddi əhəmiyyəti yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
20
sportinfo.az

1Sources