Nəsimi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib...
Poliqon xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının aparatı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Rayonun orta təhsil müəsissələrinin işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayon müəllimlərini təbrik edərək bildirib ki, müəllimlik tarixən Azərbaycan cəmiyyətində müqəddəs bir missiya daşıyıb: “Çünki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, elm və biliklə silahlanmasında müəllimlərin rolu əvəzsizdir. Ulu Öndər Heydər Əliyev müəllimlik sənətini həmişə yüksək dəyərləndirərək deyirdi ki, “Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir”. Bu sözlər həm o dövr, həm də bu gün üçün böyük həqiqətdir.”
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov müəllimləri təbrik edərək, xoş və səmimi arzularını bildirib: “Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı həmişə diqqət çəkib. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər daim bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Ulu Öndərin
“Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir” kəlamı müəllimlərə göstərilən yüksək hörmətin və etimadın bariz nümunəsidir”.
İcra başçısı xüsusi vurğulayıb ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Məhz buna görə də Ali Baş Komandan İlham Əliyevin “Qazandığımız hər bir nailiyyətin əsasında müəllim əməyi, müəllim zəhməti dayanır” fikri bu gün Azərbaycan müəlliminin fədakar fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil işçilərinə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Poliqon.info