Ürək-damar xəstəlikləri qadınlarda ölümün əsas səbəbidir...
Statistikaya görə, onlar bu xəstəliklərdən döş xərçəngindən yeddi dəfə çox vəfat edirlər. Daha təhlükəlisi isə odur ki, qadınlarda infarkt klassik ağrı ilə deyil, gizli - "səssiz" formada özünü göstərə bilər.
Bu barədə beynəlxalq alimlər qrupunun araşdırmasından sonra məlum olub.
Həkimlərin sözlərinə görə, estrogen hormonu uzun müddət qadın ürəyini qorusa da, menopauzadan sonra risk kəskin artır.
"Bu zaman infarkt tipik əlamətlərsiz - sadəcə yorğunluq, yuxusuzluq, başgicəllənmə, həyəcan və ya həzm pozğunluğu şəklində özünü büruzə verə bilər. Bir çox qadın bu əlamətləri stres və ya yorğunluqla səhv salır. Əgər qəfil zəiflik, nəfəs darlığı, tərləmə və ritm pozuntusu yaranıbsa, xüsusən də hipertoniya, şəkərli diabet və artıq çəki varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır", - deyə kardioloqlar xəbərdarlıq edirlər.
Mütəxəssislər qeyd edirlər ki, hormonəvəzedici terapiya ürəyi qismən qoruya bilər, amma möcüzə deyil.
Ekspertlər sağlam həyat tərzinin, təzyiqə və xolesterinə nəzarətin əsas müdafiə yolu olduğunu vurğulayıblar.
"Qadınlar ürək siqnallarını yüngül qəbul etməməli, profilaktik müayinələri vaxtında keçməlidirlər. Çünki "səssiz" infarkt bəzən ən təhlükəli olandır", - deyə ekspertər xəbərdarlıq ediblər.(Oxu.az)
Poliqon.info