EN

VƏTƏN DAŞI OLMAQ HÜNƏRİ Dost sözü

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bir ziyalı, alim-tədqiqatçı, ictimai-siyasi xadim və dost haqqında düşünərkən 

Bu gün informasiya texnologiyaları ixtiyari bir ölkənin coğrafiyası, tarixi, ədəbiyyatı, elmi, mədəniyyəti, siyasi quruluşu, iqtisadi durumu və ağlımıza belə gəlməyən daha nələri barədə dolğun və qədərincə məlumat almağa imkan verir. 

Lakin insan zehninin yaratdığı ən mükəmməl cihaz belə yurdundan didərgin düşmüş insanların el-ocaq həsrətinə qalanmış mənəvi sarsıntılarını, nənələrimizin dodaqlarından qoparaq üzü Qərbi Azərbaycana sarı boylanan bayatılardakı hüznü, budaqları meyvəsinin ağırlığından qırılan ağacların bağban hənirinə susamış göynərtisini, bağrı toxuma, sinəsi sünbülə, belə, kətmənə, dırmığa, bir cüt doğma ləpirə həsrət torpağın ağrılarını ifadə etməkdə acizdir. Varsa, göstərin! Göstərin ki, 37 ildən bəri babalarının sümükləri uyuyan torpaqlara yalnız yadigar şəkillərdən və xatirələrinin bulanıq aynasından boylana bilən yüz minlərlə insan ondan alıb dərdinə məlhəm eləsin, vətən içində cəlayi-vətən olanların qövr edən qəribçiliyinə qaysaq toxusun, hər gecə uşağı-böyüyü yuxuya verəndən sonra yanıqlı-yanıqlı bayatı çağıran anaların hıçqıran qəlbini ovutsun...

Ağrı dağından, Kəpəzdən, Şahdağdan, Arazdan, Qarqardan, Batabatdan, Qızılağacdan, Topxanadan, Cıdır düzündən ... başqa məmləkətlərdə də var. Sadəcə, adları fərqlidir. Bizə özgələrdən nə?! Bizə özümüzünkü daha şirin, daha əzizdir. Zaman-zaman “peşkəş çəkdiyimiz”, deportasiya edildiyimiz, qovulduğumuz Vətən torpağı bizlər üçün uca Tanrının könlünün-kefinin xoş məqamında yaratdığı bir cənnətməkandır. Əziz Ələkbərli də dövlət sərhəd mərzləri ilə ayrılmış həmin Vətəndən Bakıya ali təhsil almaq üçün gələndə bəlkə ağlına belə gəlmirmiş ki, bir də haçansa doğma yerləri yalnız yuxularında görəcək, rəngləri zamanın rüzgarlarında yavaş-yavaş sozalan xatirələrində yad edə biləcəkdi.

Əzizlə dostluğa çevrilmiş tanışlığımızın haradasa yarım əsrə yaxın, daha dəqiq ifadə etsək, 46 ilə dayanan bir tarixçəsi var. İlk dəfə 1979-cu il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin iki saylı binasının qapısından keçib 209 saylı auditoriyada toplaşanda 75 nəfər idik. Həyat qəribədir ... ruhən, mənən yaxın insanları arada yaş fərqi qoymadan, sosial status tanımadan, bioloji bağlara baxmadan haçansa çəkib bir araya gətirir. Və düz deyirlər ki, dostluq nazı çəkiləsi, “səhhəti” qorunası bir nemətdir... burada hər iki tərəfin səyi, cəhdi, dəstəyi vacibdir. Bu mənada Əziz də Qəzənfər, Əflatun, Rafiq, haqq dünyasına qovuşmuş İlham, Fəxrəddin, Həbib və başqaları ilə bir sırada heç də asan sayılmayacaq illərin sınağından dostluğa dəyər verməyi və qorumağı bacaran vəfalı və dəyanətli adam kimi çıxmağı bacardı. Etiraf edirəm; diqqəti, səmimiyyəti, qədirkeşliyi ilə fərqlənib həmişə... özü də istisnasız olaraq hamımıza – bütün tələbə yoldaşlarına qarşı.

Beş il auditoriyalarda hamımız üçün eyni, universitet binasından kənarda isə fərqli keçdi. Heç şübhəsiz, bu illərin özünün türfə qayğıları, problemləri vardı, sonralar hər görüşəndə ağlı-qaralı kino lenti kimi yaddaşımızın “kinoskop”undan keçəcək şirinli-nisgilli xatirələri ərsəyə gəlmişdi. Amma illərin imtahanında azalmayan, tükənməyən, əksinə, varlığına dəyər qatan, daha da möhkəmlənən bir duyğu qalmışdı aramızda – dostluq! Əzizlə, eləcə də “potok”umuzun digər oğlanları ilə Neftçalanın Bankə qəsəbəsindəki o ditdilili, “samovolka”lı “hərbi toplantı”dan sonra yollarımız ayrıldı... hərə göndərişlə respublikanın bir guşəsinə səpələndi. Mən İsmayıllının Xənəyə kəndində bir il, belə demək mümkünsə, müəllim işlədim, Əziz isə qonşuluqdakı Qax rayonunun Qum kəndində üç il sərasər əsil müəllimlik elədi. Sonradan doğma el-obasına – Vedibasarın Qaralar kəndinə qayıtsa da, 1988-ci ildə Ermənistanda növbəti dəfə baş qaldıran və az sonra az qala yeni bir soyqırım dalğasına çevrilən antiazərbaycan siyasəti nəticəsində yüz minlərlə soydaşımız kimi dədə-baba yurdunu tərk etməli oldu.

... Və Əziz Ələkbərlinin həyatının həm əziyyətli, qayğılı, həm də ən məhsuldar, elmi, yaradıcı, ictimai potensialını ortaya qoyan Bakı dövrü başladı. Onu da deyim ki, bizim nəslin həyatı, ümumiyyətlə, çox burulğanlı bir dövrə təsadüf etdi – deportasiya, milli-azadlıq hərəkatı, müharibə, iki minilliyin qovuşuğunun bəxş etdiyi ən fərqli ölkədaxili ictimai-siyasi, iqtisadi, üstəgəl geosiyasi problemlər...

Əziz 1988-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda fəaliyyətə başladı, az sonra dissertasiya müdafiə edərək tələbə yoldaşlarımız arasında ilk alimlik dərəcəsi alanlardan biri kimi həmin elm müəssisəsində bölmə müdiri vəzifəsində çalışdı. Sonralar fəaliyyətini Folklor İnstitutunda "Qərbi Azərbaycan folkloru" şöbəsinin müdiri kimi davam etdirdi. O həm də 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısıdır.

Ə.Ələkbərli ölkə üçün kifayət qədər qarğaşalı, mürəkkəb 90-cı illərdə mətbuat sahəsində çalışmış, "Ana Vətən", "Ağrıdağ" qəzetlərinin baş redaktoru, "Xalq qəzeti" qəzetinin şöbə müdiri vəzifəsində işləmiş, siyasi mübarizələrdə bişib püxtələşmiş, ortaya ictimai mövqe, əqidə və prinsipiallıq nümunəsi qoymuşdur. Onun həyatının ən məhsuldar dövrü yeni minilliyə təsadüf edir – nəşr olunmuş 500-dən artıq elmi və publisistik məqalənin, 47 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifi, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir. Bir neçə il əvvəl tamamladığı "Folklorda tarixilik (Qərbi Azərbaycan folklor materialında)" mövzusunda doktorluq işi belə ədəbi materialını Qərbi Azərbaycandan götürmüşdür.

Əziz həyatını, yaradıcılığını, ictimai fəaliyyətini qədim oğuz-türk yurdu sayılan Qərbi Azərbaycan probleminə həsr etmiş çox azsaylı insanlardan biri, həmin məsələlərə kompleks-elmi, sistemli şəkildə yanaşan bəlkə də yeganə alim-tədqiqatçıdır, vətəndaş-ictimai xadimdir. Onun fəaliyyəti, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızdan yana yaşadığı iztirarablar, çəkdiyi zəhmət həmişə göz önündə olub, arxivlərdə apardığı tədqiqatlar ən müxtəlif nəşrlər şəklində bəhrəsini verib.

Ə.Ələkbərli 2012-2014-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, sonrakı səkkiz ildə isə həmin cəmiyyətin sədri olmuşdur. 2019-cu il martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin tərkibində Qərbi Azərbaycan İcmasını yaratmış və onun ilk sədri olmuşdur. 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilmiş və Ə. Ələkbərli İcmanın sədri seçilmişdir.

Bu bürokratik statistikanı dəqiqliklə xatırlatmağımın səbəbi var...

2020-ci ilin 44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qalibiyyətlə nəticələndi, tarixi ədalət bərpa edildi.

2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qondarma rejimin süqutu və ağ bayraq qaldırması Ermənistanın və ermənipərəst dairələrin 37 illik məkrli niyyətlərini, habelə bir sıra istiqamətlərdə apardıqları iftira kampaniyalarını puça çıxardı, “Qarabağ münaqiqəşi” mövzusu tamamilə qapandı, bölgədə separatçılığa, ikinci erməni dövlət yaratmaq kimi məkrli niyyətlərə birdəfəlik son qoyuldu. Azərbaycanın dövlət suverenliyini bərpa edərək üçrəngli Dövlət Bayrağını həmin il oktyabrın 15-də ilk dəfə olaraq Xankəndi, Xocalı, Xocavənd və digər şəhərlərdə (rayonlarda) ucaltması xalqımızın 30 ildən bəri susamış milli qürur və iftixarına təşnə oldu.

Bəşəri ədalətin bərpası uzunmüddətli yaxud qısa vədəli ola bilər, lakin heç vəchlə yarımçıq ola bilməz. Erməni separatçılarının işğal etdikləri torpaqları – ərazilərimizin 20 faizini qaytardıq. Lakin üzü Nüvədidən İrəvanadək ana südü tək haqqımız olan dədə-baba torpaqlarımız hələ də yadelli tapdağı altında inləyir. Ötən əsrin əvvəlindən hesablasaq, 100 minlərlə ailə soyqırımı və məcburi deportasiya siyasəti nəticəsində yurd-yuvasından qovulub, didərgin düşüb. Məgər onların haqqı tanınmamalıdırmı?

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası məsələsini yeni geosiyasi reallıqda cəmiyyətin əsas milli ideyasına çevirməyi, bu məqsədlə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi zəruri hesab edir. Bu xətt onun dövlətçilik fəaliyyətinin aparıcı qayələrindən birini təşkil edir.1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş qurumun 2022-ci ilin avqustunda “Qərbi Azərbaycan İcması” adı ilə yenidən formalaşması, təşkilatlanaraq fəaliyyətə başlaması tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından yeni imkanlar açdı.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas hədəflərini açıqlaması, qarşıda duran vəzifələri dəqiqliklə ifadə etməsi təşkilatın fəaliyyətinin səmərəliliyinin təmini baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Proqram xarakterli həmin çıxışla ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələyə – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, Ermənistan ərazisindəki maddi-mənəvi, dini irsimizin, folklorumuzun qorunması və bərpası uğrunda genişmiqyaslı fəaliyyətə start verilmişdir.

Ermənistandan zorla köçürülmüş soydaşlarımızın tarixi məskənlərinə qayıtmaq və bərabər hüquqlar əsasında yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınması qarşımızda duran başlıca hədəflərdən biridir. Eyni zamanda, hazırda müasir Ermənistan dövlətinin tarixi Azərbaycan ərazilərində yaradılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətinə diqqətinə çatdırılması da effektiv əks-hücumun təşkili baxımından xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşü zamanı deyib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Ötən dövr ərzində İcma Əziz Ələkbərlinin rəhbərliyi və ölkənin əslən Qərbi Azərbaycandan olan ən tanınmış ziyalı-alimlərinin, müxtəlif peşə sahiblərinin yaxından iştirakı və dəstəyi ilə çox böyük işlər görmüş, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmişdir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriqayıtma hüququna əsaslanaraq, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz, ləyaqətli şəkildə qayıtmasını, sonrakı mərhələdə onların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas məqsədləri kimi müəyyənləşdirmişdir. Ötən nisbətən qısa bir vaxt aralığında İcma öz fəaliyyətinin əsas məramı və prinsipial əhəmiyyət kəsb edən prioritet istiqamətlərin beynəlxalq platformalarda təbliği, cəmiyyətin mövcud potensialının yeni milli ideya ətrafında səfərbər edilməsi yönündə sistemli və ardıcıl fəaliyyət göstərir. Təşkilatın BMT-yə göndərdiyi səkkiz sənədin təşkilatın rəsmi sənədi kimi yayılması Ermənistanın müharibə cinayətlərinin ifşası, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası baxımından son dərəcə əhəmiyyətli sayıla bilər.

Əziz Ələkbərli və silahdaşlarının – akad. Misir Mərdanov, Əhliman Əmiraslanov, Nizami Cəfərov, professor Mahirə Hüseynova, Vahid Novruzov, Vaqif Şadlinski, Hikmət Babaoğlu, eləcə də Məlahət Həsənova, Musa Urud, Şahin İsmayılov, Mürvət Həsənli və onlarla-yüzlərlə digərlərinin vətəndaş şücaəti sayəsində İcma ölkəmizin hücum diplomatiyasının uğurla reallaşdırılmasına sanballı töhfələrini verir, regionda cərəyan edən hadisələrə, qlobal planda ölkəmizin mənafelərinə qarşı yönəlmiş təhdidlərə operativ reaksiya nümayiş etdirir. Təşkilatın təşəbbüsü ilə Milli Məclisdə keçirilmiş ictimai dinləmələr Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının siyasi, hüquqi, mədəni-mənəvi, humaitar aspektlərinin müəyyən edilməsi baxımından son dərəcə əhəmiyyətli tədbirlər olmuşdur. “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış”,“Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi”, “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər”, “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmələr, Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunan “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq tədbir təşkilatın çoxşaxəli, səmərəli və praktik fəaliyyətinin əyani təsbitidir. İcma soydaşlarımızın qayıdış tələbinin beynəlxalq müstəviyə çıxarılması ilə yanaşı, onlara Ermənistanın bütün dövlət strukturlarında tamhüquqlu vətəndaş kimi iştirak etmək imkanının yaradılmasını, sosial problemlərinin həllini, dövlət işlərində təmsil olunmaq haqqının təmin olunmasını zəruri hesab edir.

İcmanın fəaliyyətinə nədən bir qədər geniş toxundum?! Müəllifinin ikisindən – U.Çörçil yaxud C.Kennedi – məhz hansının olduğu barədə tərəddüdlərin gəzdiyi böyük siyasətçi və dövlət xadiminin ibrətlik bir ifadəsi var, deyir ki, qələbənin atası çoxdur, məğlubiyyət isə həmişə yetimdir. Bəli, müvəffəqiyyət olan yerdə adi insan qısqanclığı sıradan hadisədir. Bəzən ölkənin ictimai-siyasi həyatında ciddi yeri və səsi olan İcmanın yaradılmasında bizim Əzizin rolunu kiçiltmək yaxud əvəz etmək istəyənlər tapılır; əbəs cəhddir, hamı bilir ki, bu işin kökündə, təməlində, mənbəyində duran və onu bugünkü səviyyəsinə çatdıran ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin ideya babalığı ilə Əziz Ələkbərli və silahdaşlarıdır... başqa heç kim! Adamın həyatının işidir bu. Tək elə müəllifi olduğu kitabların siyahısına baxmaq – Qədim Türk-Oğuz yurdu "Ermənistan", “Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı”, “Qərbi Azərbaycan, II cild (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları)”, “Qərbi Azərbaycan abidələri (Azərbaycan, ingilis, rus, alman, fransız dillərində)”, “Azərbaycanlıların 1988-ci il soyqırımı: Sənədlərin dili ilə”, “Qərbi Azərbaycanın dialektoloji lüğəti”, “Türk mənşəli erməni soyadları”, “1988–1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyan (üç kitab)”, “Stepan Orbelian - Sünik tarixi”, “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz”, “Qərbi Azərbaycan şəhidləri” və nəhayət beş kitabdan ibarət nəzərdə tutulmuş “Qərbi Azərbaycan irsi” kitabının 1-ci cildi (Azərbaycan, rus və ingilis dillərində) kifayətdir ki, bir adamın öz doğma el-obası ilə bağlı ortaya necə bir vətəndaş-alim-tədqiqatçı şücaəti qoyduğunun şahidi olasan.

Bu gün Əziz həm də V və VI çağırış Milli Məclisin deputatı kimi ictimai-siyasi fəaliyyətini davam etdirir.

Ona görə də Əziz Ələkbərli haqqında söz deyərkən, bu işə bir neçə bucaqdan və fərqli amplualarında yanaşmalı olursan: öncə insan kimi, sonra dost, ailə başçısı, daha sonra alim, tədqiqatçı, naşir, millət vəkili, təşkilatçı və s. kimi… Və həmin məziyyətlərin hər birində eyni nəticə ilə qarşılaşacaqsan – insan kimi alicənab və təvazökar, dost kimi sadiq və etibarlı, iş yoldaşı kimi səmimi və mehriban, millət vəkili kimi məsuliyyətli və sözübütöv, ailə başçısı kimi ailəcanlı və qayğıkeş, tədqiqatçı kimi zəhmətkeş və istedadlı. Əzizin böyük bir hissəsi gözlərimizin önündə, şahidliyimizlə yazılmış tərcümeyi-halına baş vurmaq, yeddinci onilliyin yarısını haqlamış ömürlüyünün bəzən hamar, bəzən də daş-kəsəkli dolanbaclarında əylənmək fikrində deyilik. Məgər hələ də yoluna davam edən mənalı və bərəkətli bir ömrün bütün təfərrüatlarını, yaşantılarını bir doğum xatırlatması ilə ərsəyə gətirməkmi olar?!

Əzizin 65 yaşı! Çoxdurmu, azdırmı qərar vermək çətindir. Az deyil! Nə etmək istədiyini, həyatda məqsəd və məramının nədən ibarət olduğunu bilən adam üçün çox da deyil. Bir də ki, baxır bu rəqəmə hansı meyarla yanaşırsan. Bu yaşı illərlə, günlərlə, rəqəmlərin quru statistikası ilə deyil, görülmüş işlərin faydalılıq əmsalı ilə hesablasaq, bir neçə ömrə yetə biləcək barlı-bərəkətli bir irsin şahidi olarıq.

“Kim ki, 100 il yaşamadı, günah onun özündədi” - deyən şair Osman Sarıvəllinin yəqin ki, uzunömürlüyün sirri ilə bağlı öz türfə nüsxələri var imiş. Bu gün tələbə dostları Əflatun Amaşovun, Qəzənfər Niftəliyevin, Rafiq Bayramovun, Tərlan Quliyevin, Azər Kərimovun, Yardımlıdan Fəzailin, Naxçıvandan Fərzalının, eləcə də “patok”umuzun bütün qızlarının adından Əzizi ürəkdən təbrik edir, məşğul olduğu böyük və faydalı işləri həyata keçirmək üçün möhkəm can sağlığı, uğurlar və ən azı Osman qağamızın dediyi qədər ömür azulayıram. Çünki niyyəti, məramı xeyirxah insanlar aramızda nə qədər çox olsalar və daha çox ömür sürsələr, bu dünyanın mizanı, səfi, ilqarı da o qədər çox duruş gətirər, insanın mənəvi dəyərlər haqqında pərsəng vuran düşüncələri rahatlıq tapar.

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasının açılışındakı nitqində Prezident İlham Əliyev əzəli-əbədi yurd yerlərindən perik düşmüş soydaşlarımızın böyük qayıdışına inamını belə ifadə etmişdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Biz də inanırıq ki, lap yaxın gələcəkdə Əziz növbəti doğum gününü Vedibasarda, Göyçədə, Dərələyəzdə, Qarakilsədə ... qeyd edəcək və biz dostlarını da unutmayacaq.

Xalid Niyazov,

Əməkdar jurnalist,

siyasi elmlər doktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
2
azpolitika.info

3Sources