EN

Saqqız çeynəmək uşaqların sağlamlığı üçün risklidir

A.N. MIREA Rusiya Texniki Universitetinin Qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov uşaqlarda saqqız istifadəsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya açıqlamasında bildirib ki, saqqızın tərkibindəki sintetik polimerlər, dadlandırıcılar, aromatizatorlar və konservantlar uşaqların sağlamlığına mənfi təsir göstərə bilər.

Mütəxəssis vurğulayıb ki, saqqız əsasən həll olunmayan sintetik maddələrdən ibarətdir və təsadüfən udulduqda bu komponentlər mədə-bağırsaq sistemində toplanaraq həzm problemlərinə və hətta bağırsaq tıxanmasına səbəb ola bilər. Xüsusilə beş yaşdan kiçik uşaqlarda bu risk daha yüksəkdir.

Doroxov qeyd edib ki, bəzi saqqızlarda olan süni tatlandırıcılar güclü işlətmə təsirinə malikdir və bu da uşaqlar üçün əlavə təhlükə yaradır.

O həmçinin xəbərdarlıq edib ki, turş dadlandırıcılar (məsələn, limon və alma tərkibli) diş minasını zədələyə bilər:

“Uşaqlarda diş minası hələ tam formalaşmadığı üçün saqqızın tərkibindəki turşular onun qoruyucu təbəqəsini zəiflədə bilər,” – deyə mütəxəssis bildirib.

Kimyaçı əlavə edib ki, saqqızın tənəffüs yollarına düşməsi (aspirasiya) da xüsusilə məktəbəqədər yaşlı uşaqlar üçün ciddi təhlükə yaradır.

Doroxov valideynlərə uşaqlarına saqqız verməyi məhdudlaşdırmağı, şəkərsiz və süni rəngsiz məhsulları üstün tutmağı tövsiyə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
15
e-saglam.az

1Sources