EN

GDU-dan gələn şikayətlər nə zaman diqqətə alınacaq və bitəcəkmi?..

Artıq on ildən çoxdur ki, universitetdən Nazirliyə və mətbuata bitib-tükənməyən şikayət axını var, amma GDU-dakı problemləri həll olunmur və şikayətlər də bitmir…

Gəncə Dövlət Universitetinin professor və müəllim heyəti uzun illərdir ki, Nazirliyin rəhbərliyinə və mətbuata rektor Yusif Yusibov barədə şikayətlər ünvanlayır. Həmin şikayətlərdə bir qayda olaraq GDU-da baş alıb gedən qanunsuzluqlardan, korrupsiya və rüşvətdən, təhsilin bərbad vəziyyətdə olmasından bəhs edilir. Bu şikayət məktublarında bir çox hallarda elə faktlar səsləndirilir ki, bu faktların Nazirlik tərəfindən yoxlanılmaması adamda təəccüb doğurur.

Çox maraqlıdır ki, artıq on ildən çoxdur, bu şikayətlər təhsil nazirlərinə göndərilsə də, GDU-nun problemləri həll olunmur, Yusif Yusibov 12 ildən artıqdır ki, iddia olunan çox saylı pozuntularını davam etdirir və şikayətlər də bitmir. Yusibovun GDU-ya rəhbərlik etdiyi 12 il müddətin 3 təhsil naziri dəyişib və o, universitetdə rektor olaraq fəaliyyətə başladıqdan qısa müddət sonra şikayətlər başlayıb və nə yazıq ki, hələ də davam edir. Lakin nə sirrdisə Yusibov haqqındakı şikayətlər ümumilikdə Azərbaycan təhsilinin imicini ləkələsə də, artıq pensiya yaşını ötən rektora heç bir nazir irad belə tutmur. Dail olan çoxsaylı şikayətlərdən çıxış edərsək isə, deyə bilərik ki, bəzən Yusibov nazirləri belə saymır və onların göstərişlərini gözardı edir.

Son olaraq Gəncə Dövlət Universitetinin professor və müəllim heyəti adından Elm və Təhsil Nazirliyinə, həmçinin mətbuata ünvanlanan şikayətdə bildirilir ki, universitetdə rəhbərlikdə özbaşınalıq baş alıb gedir, rektor təhsildə islahatlar aparan, rüşvətxorluğun, korrupsiyanın əleyhinə olan nazirin siyasətinin belə əksinə gedir və bu hallar dəfələrlə təkrarlanır. Şikayətçilər bunu nazir Emin Əmrullayevin şəxsinə qarşı üsyan kimi dəyərləndirilirlər. Konkret olaraq bildirilir ki, Yusibov nazirin  ciddi nöqsanlara görə vəzifədən qovduğu İlqar Kubışevi yüksək vəzifəyə təyin edib, hazırda isə Kubışev universitetdə “qara kassa” rolunu oynayır.

Son şikayətdə çir çox başqa iddalar da var və qeyd olunur ki, universitetə misal üçün, 100 adam qəbul olunrsa, universiteti 120 adam bitirir. Universitetdə müəllimlərin maaşı artırılmır, yalnız rektorun yaxın ətrafının maaşı artırılır. Universitetin maddi-texniki bazasına diqqət yetirilmir. Hər il yüz minlərlə manat təmir adı altında silinir, amma heç bir təmir aparılmır. Təmir adı altında dekanlardan pul yığıb yalnız bəzi otaqlarda kosmetik təmir aparılır. Respublikanın heç bir ali məktəbində test üsulu ilə semestr imtahanı qalmayıb. Rektor burada imtahanları test üsulu ilə keçirir, müəllimləri məcbur edir ki, 500 test verin, onun da doğru cavabını A variantı ilə tələbəyə verin. Tələbələr də A variant cavabını göz yaddaşı ilə əzbərləyib imtahandan keçir. Əzbərləmək istəməyən tələbələr isə İmtahan qərərgahında müəyyən pul müqabilində imtahandan keçirilirlər. Həmin tələbələr xüsusi otaqlara salınır və orada telefondan köçürməklə imtahandan keçirirlər. Bu imtahan metodu səs-küydən qorunmaq üçündür.

Həmçinin GDU-nun şikayətçi olan professor və müəllim heyəti bildirir ki, tələbə yataqxanasında vəziyyət dözülməz haldadır. Tələbələr arasında təzə qəbul olunmuş tələbələri incidib pul yığmaq halları var, tələbələrdən müəyyən adamlar türmədə yəni həbsxanada yatanlar üçün pul yığırlar. Gəncə Dövlət Universitetinin tələbələri şəhərin müxtəlif yerlərində kirayədə qalırlar. Amma yataqxananın otaqlarını Azərbaycan Texnologiya Universitetinin tələbələrinə veriblər. Ona görə ki, Texnologiya Universitetinin tələbələri yataqxana xərci üçün ayda 100 manat, amma GDU-nun tələbələri isə bir nəfərə ayda 80 manat ödəyirlər.

Bütün bunlar şikayətlərin ancaq bir hissəsidir və qeyd edək ki, bu kimi cinayət tərkibli ittiham və iddialar ölkəmizin heç bir universitetdən mediaya daxil olmur. GDU yeganə universitetdir ki, bu şikayətklər 10 ildən çoxdur ki, davam edir və bu problemlə öz həllini tapa bilmir. Bəlkə də ona görə ki, görünməz və bilinməz immunitetə sahib olan Yusif Yusibov GDU-ya rəhbərlik edir.

Qeyd edək ki, şikayət məktubundakı iddialarla bağlı Poliqon Elm və Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq sorğumuzu cavab ala bilməmişik. Xatırladaq ki, qanunlara zidd olaraq Elm və Təhsil Nazirliyi sorğuları cavablandırmayan çox az dövlət qurumlarından biridir.

Nəhayətdə bir daha Elm və Təhsil naziri Emin Əmirullayevə müraciət edib qeyd etmək istəyirik ki, təhsilin imicini qorumaq onun vəzifələrindən biridir və əgər Gəncə Gəncə Dövlət Universitetində baş verənlə Azərbaycan təhsilinin imicini ləkələyirsə, buna reaksiya verməsi garəkir.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources