EN

Alimlər beyin xərçənginin yeni təhlükəsini aşkar edib

Qlioblastoma təkcə beyinə deyil, kəllə sümüklərinə də təsir göstərir.

E-saglam.az xəbər verir ki, Albert Eynşteyn Tibb Kollecinin alimləri müəyyən ediblər ki, beyin xərçənginin ən aqressiv formalarından biri olan qlioblastoma yalnız beyin toxumalarını deyil, həm də kəllə sümüklərini zədələyir. Araşdırmanın nəticələri nüfuzlu Nature Neuroscience jurnalında dərc edilib.

Tədqiqatlar göstərib ki, şiş kəllə tikişlərini məhv edir, sümük iliyinin tərkibini dəyişdirir və immun sisteminin fəaliyyətini pozur. Siçanlar üzərində aparılan təcrübələr və xəstələrin tibbi görüntülərinin təhlili qlioblastomanın sümüklərin incəlməsinə, eləcə də beyinlə kəllə arasında olan kanalların genişlənməsinə səbəb olduğunu göstərib.

Bu kanallar vasitəsilə sümük iliyindən gələn iltihablı hüceyrələr şişə çataraq onun böyüməsini və müalicəyə qarşı davamlılığını artırır.

Alimlər həmçinin immun sistemində balanssızlıq aşkar ediblər: iltihablı neytrofillərin sayı artır, B hüceyrələrinin isə kəskin azalması müşahidə olunur. Bu fakt, yalnız beyin toxumalarına yönəlmiş ənənəvi müalicələrin niyə yetərli olmadığını izah edə bilər.

Sümüklərin zədələnməsini dayandırmaq məqsədilə istifadə edilən osteoporoz dərmanlarının isə gözlənilməz təsiri olub – bəzi hallarda şiş daha sürətlə böyüyüb və immunoterapiyanın təsiri zəifləyib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, qlioblastoma sistemli xəstəlik kimi qiymətləndirilməlidir və yeni müalicə strategiyaları hazırlanarkən həm sümük, həm də immun sistemində baş verən dəyişikliklər nəzərə alınmalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
16
e-saglam.az

1Sources