EN

Xəzər dənizi ilə bağlı şok iddia İran orada nələr edir?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi region ölkələrində ciddi narahatlıq yaradıb. Sosial mediada və bəzi mənbələrdə bu prosesin guya İranın müdaxiləsi ilə bağlı olduğu iddia edilir. Bildirilir ki, İran Xəzərin cənub hissəsindən suyu tunellərlə öz ərazisinə yönəldir. Problemin həlli üçün İran ərazisindən keçən kanalların bağlanması təklif edilir.

Səsləndirilən fikirlər nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, iddialara görə, bu tunellər vasitəsilə Xəzər suları təmizlənərək İranın bəzi bölgələrinə içməli su kimi ötürülür:

“Lakin bu məlumatlar elmi və beynəlxalq mənbələr tərəfindən təsdiqlənməyib. Mövcud araşdırmalara əsasən, Xəzərin səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyi və buxarlanmanın artmasıdır. Son 30 ildə bölgədə orta temperaturun yüksəlməsi nəticəsində dəniz səthindən buxarlanma intensivləşib. Bundan əlavə, Xəzəri qidalandıran çayların su həcmi azalıb ki, bu da qlobal istiləşmə, kənd təsərrüfatında və sənayedə su sərfiyyatının artması ilə bağlıdır”.

Ekoloq qeyd edib ki, Rusiyada və Qazaxıstanda inşa edilən bəndlər Xəzərə axan çayların bir hissəsini saxlayır:

“Bu da dolayısı ilə dənizin səviyyəsinə təsir edir. Xəzərin tarixi səviyyə dəyişiklikləri uzunmüddətli iqlim dövrləri ilə əlaqələndirilir, buna görə də suyun azalmasını birbaşa “Xəzərdən suyun oğurlanması” kimi izah etmək elmi baxımdan əsaslı deyil. Elmi ədəbiyyatda İranın Xəzərdən gizli tunellərlə su çəkməsi barədə sübut yoxdur. İran hökuməti əvvəllər “İran Rut” adlı layihə çərçivəsində Xəzər suyunun quraq bölgələrə ötürülməsini nəzərdən keçirsə də, layihə icra olunmayıb. Hazırda yalnız duzsuzlaşdırma və məhdud miqyaslı su transferi planları mövcuddur, lakin bunlar Xəzərin səviyyəsinə ciddi təsir göstərəcək gücdə deyil. Beynəlxalq mənbələrdə “Xəzər su transferi” adlı layihənin 2023-cü ildən dayandırıldığı qeyd olunur.

Bununla yanaşı, İranın şimal bölgələrində quraqlığın artması və yağıntının azalması ümumi su balansına mənfi təsir göstərir. Digər tərəfdən, Volqa çayının axınının azalması da Xəzərin səviyyəsinə əsaslı təsir edən amillərdəndir. Volqa çayı Xəzərin əsas qida mənbəyi sayılır və üzərində çoxsaylı bəndlərin olması su axınını azaldır. İran mətbuatında bəzən Rusiya tərəfinin Volqa çayının axınını qəsdən məhdudlaşdırdığına dair ittihamlar da yer alır. Lakin bu kimi iddiaların da elmi və hüquqi əsasları yoxdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzər dənizində səviyyə azalmasının əsas səbəbi iqlim dəyişiklikləri və çay axınlarının azalmasıdır. Bununla belə, mövcud vəziyyətin daha dəqiq araşdırılması üçün beynəlxalq səviyyədə birgə tədqiqatlara ehtiyac var”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
globalinfo.az

2Sources