
Yol polisi təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı piyadalara müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumata görə, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə BDYPİ tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Eyni zamanda, təəssüflə qeyd edilib ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır.