EN

Akademik İsa Həbibbəyli: “AMEA-nın “Zəngəzurnamə” layihəsi dövlət başçısının Zəngəzurla bağlı həyata keçirdiyi siyasətə Azərbaycan elminin dəstəyini ifadə edir”

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Dövlət başçısının uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində reallaşan Zəngəzur dəhlizi layihəsi ölkəmizin Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri qurmasına imkan yaradacaq. Bu layihə təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük siyasi və iqtisadi önəm kəsb edir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Akademiya tərəfindən təşkil olunan növbəti “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O, uzun illər ərzində Zəngəzurun əsasən tarixi mənbələr əsasında öyrənildiyini, bu gün isə Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tədqiqat işlərinin həyata keçirildiyini söyləyib, AMEA-nın müvafiq qurumlarının bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həmin ərazilərdə geniş arxeoloji tədqiqatlar aparılıb, Folklor İnstitutu tərəfindən Qarabağdan toplanmış folklor örnəkləri əsasında çoxcildlik nəşr hazırlanıb, Tarix İnstitutu mövcud tarixi mənbələr və arxiv sənədləri əsasında müxtəlif elmi əsərlər təqdim edib, bir sıra nəşrləri tərcümə edərək elmi ictimaiyyətə çatdırıb. Dilçilik İnstitutu isə  “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı hazırlayıb.

AMEA-nın digər institutlarında da öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Zəngəzurla bağlı elmi tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA “Heydər Əliyevnamə” və “Qarabağnamə” layihələri kimi, “Zəngəzurnamə” layihəsi çərçivəsində də geniş tədqiqat materiallarını Azərbaycan cəmiyyətinə təqdim etməklə humanitar və ictimai sahədə müstəqil dövlət ideallarına sədaqətlə xidmət missiyasını uğurla həyata keçirir.

O, Zəngəzur mövzusuna həsr olunmuş nəşrlər haqqında məlumat verərək, təqdim edilən hər bir kitabın elmi baxımdan dəyərli, məzmun baxımından zəngin olduğunu söyləyib. Qeyd edib ki, “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə AMEA tərəfindən Zəngəzurla bağlı 56 kitab təqdim olunur. Bu nəşrlər Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərləridir.

AMEA-nın prezidenti “Qarabağnamə” layihəsindən sonra, “Zəngəzurnamə” layihəsinin də Azərbaycan elminin və mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Alimin fikrincə, bu gün təqdim edilən 56 kitab Prezident İlham Əliyevin Zəngəzurun inkişafı istiqamətində həyata keçirdiyi siyasətə AMEA-nın və ümumilikdə, Azərbaycan elminin dəstəyini ifadə edir. O, yaxın zamanlarda Zəngəzur mövzusuna həsr olunmuş 100 kitabın təqdimatının keçiriləcəyini qeyd edib, bu istiqamətdə AMEA-da elmi tədqiqatların ardıcıl şəkildə davam etdirildiyini və işlərin planlı surətdə həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzaladığını xatırladaraq, bu təşəbbüsün beynəlxalq elmi əlaqələrin genişlənməsinə xidmət etdiyini qeyd edib.

AMEA rəhbəri XI Bakı Beynəlxalq Kitab Sərgisinin elm, ədəbiyyat və ictimai fikir nümayəndələrini bir araya gətirən mühüm platforma rolunu oynadığını vurğulayıb, kitab müəlliflərinə yeni yaradıcılıq uğurları arzulayıb.

Chosen
9
4
xalqqazeti.az

6Sources