Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın sabiq prezidenti Dmitri Medvedev növbəti aqressiv və sərsəm paylaşımı ilə seçilib.
“AzPolitika” xəbər verir ki, hazırda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan və təbii ki, Vladimir Putinin dili ilə danışan Medvedev Avropa ölkələrini və xalqlarını hədələyərək, təhqir edib. Eyni zamanda, Avropa şəhərləri üzərində uçan naməlum PUA-ların Rusiyaya aid olduğuna da eyham vurub.
O qeyd edib ki, bir sıra Avropa ölkələrinin səmasında naməlum pilotsuz təyyarələr yerli əhaliyə Rusiya ilə müharibə risklərini aydın şəkildə nümayiş etdirməlidir.
Onun fikrincə, bu dronların Almaniya, Danimarka, Norveç və digər ölkələrdəki strateji obyektlər üzərində konkret kimin tərəfindən buraxılması ümumiyyətlə əhəmiyyət kəsb etmir: "Əsas odur ki, dar düşüncəli avropalılar müharibənin təhlükələrini öz dərilərində hiss etsinlər. Qoy kəsimə göndərilən sürüdəki kütbeyin heyvanlar kimi qorxsunlar, titrəsinlər. Özlərinin yaxın və əzablı sonunu görərək, qorxudan altlarına batırsınlar”.
Əlbəttə, Rusiyaya bu səviyyədə, mədəniyyətdə birisinin rəhbərlik etməsində qeyri-adi heç nə yoxdur. Amma Avropa ölkələrinin bu PUA hadisələrilə mübarizədə aciz görünməsi təəccüblüdür.
Oktyabrın 6-na keçən gecə Norveçin paytaxtı Osloda hava limanı bu səbəbdən yenidən bağlanıb. Daha əvvəl sentyabrın 23-də də naməlum dronların peyda olması səbəbindən aeroport dayanmışdı. Mənşəyi rəsmi olaraq müəyyən edilməmiş pilotsuz təyyarələr Belçikadakı hərbi baza və Danimarka, Almaniya və Litva hava limanları üzərində də görüntülənib. Bu ölkələrin hava limanları uçuşlara məhdudiyyətlər qoyub.
Oktyabrın 5-də Almaniya kansleri Fridrix Merts bildirib ki, Almaniya şəhərləri və Danimarka üzərindən pilotsuz təyyarələrin buraxılmasının əksəriyyətinin arxasında Rusiya ola bilər. O, iddia edib ki, bu əməliyyatların məqsədi kəşfiyyat və sakinlər arasında panika yaratmaqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, Rusiya Avropa ölkələri üzərində pilotsuz təyyarələr buraxmaq üçün “kölgə donanması” tankerlərindən istifadə edir. Ona görə də Ukrayna başçısı Baltik dənizini belə gəmilər üçün bağlamağa çağırıb.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.