EN

Bakı Şəhər İcra Hakimiyyətindən “Sovetski”dəki söküntü işləri ilə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti son günlər sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. Bildirilir ki, bəzi şəxslər tərəfindən paylaşılan guya Yasamal rayonunun “Sovetski” adlanan ərazisində arxitektur binaların sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır və ictimaiyyətdə süni narazılıq yaratmağa yönəlib.

Məlumata görə, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılıb və bu prosesə nəzarət üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya yaradılıb. Komissiya ərazidə yerləşən bütün arxitektur binaların tam siyahısını hazırlayıb və həmin binaların qorunması diqqətdə saxlanılır.

Hazırda ərazidə yalnız istismar müddəti başa çatmış, qəzalı və təhlükəli vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Qeyd olunur ki, bu işlər tarixi binalara zərər yetirilmədən aparılır.

Söküntü işləri tamamlandıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin möhkəmləndirilməsi nəzərdə tutulur.

İcra Hakimiyyəti əlavə edir ki, söküntü yalnız qəzalı və yararsız tikililəri əhatə edir. Ərazidə yaşayan sakinlərə isə bazar qiymətinə uyğun şəkildə kompensasiya ödənilir.

Bakı Şəhər İcra Hakimiyyəti bir daha vurğulayır ki, “Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir.

Chosen
11
13
veteninfo.az

10Sources