EN

Xərçənglə mübarizə aparan tanınmış samboçunun xeyirxah insanların köməyinə ehtiyacı var FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur azərbaycanlı samboçu, Avropa və dünya çempionu, beynəlxalq turnirlərin dəfələrlə qalibi Sevilə Muradova həyatının çətin dövründən keçir.

İdmançı İdman.biz-ə açıqlamasında ona süd vəzi xərçəngi diaqnozu qoyulduğunu bildirib.

Xəbər onun üçün tam gözlənilməz olub:

“Həkim mənə bunu deyəndə inanılmaz şok keçirdim. Elə bil ayağımın altından yer qaçdı. Heç ağlıma da gəlməzdi ki, belə bir problemim ola bilər. Nə ailəmizdə, nə də qohumlar arasında bu xəstəliklə üzləşən olmayıb. Hər şeyi gözləyirdim, amma xərçəngi yox. Belə xəstəliklər əsasən genetik yox, stress və qidalanma səbəbindən yaranır...”.

Sevilə Muradova peşəkar karyerasını 15 il əvvəl başa vursa da, idman hər zaman həyatının bir hissəsi olub:

“Çox sayda zədəm olub, beyin qanaxması da keçirmişəm. Amma yenə də formada qalmağa çalışırdım və ötən ilə qədər idman zalına gedirdim. Üstəlik, digər idmançıları izləməyə də davam edirəm. Bu, mənim qanımdadır! Hər zaman ölkəmin qələbələrinə sevinirəm”.

Hazırda S.Muradova yarım il davam edəcək kimyaterapiya kursu keçir. Lakin müalicə bununla bitməyəcək - idmançını xərçənglə uzunmüddətli mübarizə gözləyir. O, bu sınağa ruh yüksəkliyi ilə yanaşır:

“Əvvəllər çox çətin idi, xüsusilə analizlərin cavabını gözləmək əzablı keçirdi. Amma özümü ələ aldım və dedim: “Hər şey yaxşı olacaq. Mən həyat çempionuyam və elə də qalacam”. İndi diaqnoza sakit yanaşıram və inanıram ki, biz onu məğlub edəcəyik. Həkim dedi ki, bu dövrdə sağalmaz xəstəlik yoxdur. Əsas olan insanın özü və ruh halıdır, qalanı isə mütəxəssislərin işidir”.

İdmançını dostları dəstəkləyir. Anasından isə diaqnozu gizlətməyə qərar verib, çünki bu xəbərin onun üçün mənəvi cəhətdən ağır olacağından qorxur:

“Bu, onu mənəvi cəhətdən sındıra bilər. Mənim üçün onun sağlamlığı öz sağlamlığımdan daha önəmlidir”.

Sevilə Muradova bildirir ki, müalicə ona baha başa gəlir:

“Xərçənglə bağlı xərclər sığorta tərəfindən qarşılanmır. Bir kimyaterapiya seansı 1 200 manatdır. Kurs bitdikdən sonra yenidən müayinələr və daha sonra ‘dəqiq hədəf’ adlanan iynələr olacaq. Bildiyimə görə, bir iynənin qiyməti 500 manatdır”.

İdmançının dörd kimyaterapiya kursu üçün 4800 manata ehtiyacı var. Buna görə də o, həmvətənlərdən maddi dəstək istəyir:

“Dəstəyinizə çox sevinərdim. Təkbaşına bu müalicəni maliyyələşdirə bilmirəm. Mən bir kafedə administratoram, amma səhhətimə görə iş saatlarımı azaldıb. Bir neçə kimyaterapiyadan sonra işləməyə davam edə biləcəyim də məlum deyil”.

Yardım etmək istəyənlər aşağıdakı bank kartına vəsait köçürə bilərlər (Muradova Sevilənin adına açılıb):

5522 0993 8370 3915

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
icma.az

2Sources