Zaman-zaman Azərbaycan futbolunda qəribə hadislər yaşanır. İllər keçir, adlar dəyişir. Amma həmin qəribəliklər bitib-tükənmək bilmir.
Bir növ tragikomediya səhnələri ilə zəngin film izləyirik. Bəzən aktyorlar dəyişsə də, ssenari eyni qalır. Oxşar mahiyyətli, istedadı eyni olan adamlar səhnəyə çıxır. Yeni-yeni qəribə addımları ilə bizi təəccübləndirirlər. Bəzən bilmirsən ağlayasan, yoxsa güləsən. Biz baxışa məşqçi çağıran klub prezidenti də görmüşük, əcnəbi çalışdırıcının başına paltardəyişmə otağına butulka çırpan klub rəhbəri də. Bir klub rəhbəri də var idi. Komandası məğlub olandan sonra futbolçuları qovub, stadionu da eşşək fermasına çevirəcəyini dilə gətirmişdi. Yeri gəlmişkən, niyyəti bir qədər başqa formada gerçəkləşdi. Komandası dağıldı, stadionun durumu da indi ürək ağrıdır. Nə isə, qəmgin notlardan uzaq duraq, qayıdaq mövzumuza.
Mən sevinirəm ki, belə klub rəhbərlərinin yeri boş qalmır. Yeni nəsil yetişir, meydanı gənclər tutur. Bu əminlik məndə “Quba”nın prezidenti Ayaz Abdullayevin açıqlamasını oxuduqdan sonra yarandı. Şimal təmsilçisi 2-ci liqanın 4-cü turunda Ağdaşda xal itirib. Belə ki, “Quba” 2:0 hesabıyla öndə olduğu oyunda sonradan iki top buraxıb, heç-heçə ilə kifayətlənib. Ayaz bəy də bu xal itkisindən sonra futbolçuları klubun bazasından qovub. Abdullayev addımını qəzetimizə verdiyi açıqlamasında belə izah edib: “Əsəbləşmişəm. Bu qədər şəraiti olan komandanın Ağdaşda xal itirməsi bütün Quba adına məni çox əsəbləşdirdi. Oyundan sonra demişəm ki, məşqləri iki dəfə artıracağıq, taktiki gedişləri iki dəfə daha çox məşq edəcəyik. Yenidən təlim-məşq toplanışı keçirəcəyik. Bundan razı olmayan, xoşu gəlməyənlərin isə bazanı tərk etməsini tapşırmışam. Bilmirəm komanda olaraq buna nə reaksiya verdilər. İki-üç nəfər bazanı tərk edib. Komandanın 90 faizi yerindədi. Qarşıdakı oyunlara hazırlaşırıq”. Bərəkallah, Ayaz bəy. Sükanı belə saxlayın!
Ayaz Abdullayevin əsəbləşəndən sonra atdığı addımları görəndən, açıqlamasını oxuyandan sonra İraqın rəhmətlik prezidenti Səddam Hüseynin oğlu Udayı xatırladım. Adam indi haqq dünyasındadı, pisliyinə danışmaq istəmirəm. O da atası taxtdan devrildiyi zaman öldürülüb. Amma Udayın İraq Milli Olimpiya Komitəsinə rəhbərlik edərkən necə davrandığı indiyə qədər yadımdadı. Həmin vaxt mətbuatdan oxumuşdum ki, Uday İraq milli komandasının hər məğlubiyyətindən sonra əlinə çubuq götürüb, şəxsən futbolçuları döyürmüş. Onlar da şallaqlanandan sonra gələn oyuna döyülmək qorxusuyla çıxırmışlar, çalışırmışlar ki, meydandan yaxşı nəticə ilə ayrılsınlar. Hadisələrin axarı onu göstərir ki, Ayaz Abdullayev də tezliklə belə üsullara əl atacaq, əsəbləşəndə futbolçuları döyəcək.
Bu üsulun “Quba”da işə yarayıb-yaramayacağını bilmirəm. Şimal bölgəsinin təmsilçisinin iddiasından, qarşıya qoyduğu məqsədlərdən də xəbərsizəm. Əvəzində qərb bölgəsinin elitadakı nümayəndəsi “Kəpəz”in tezliklə bu yola baş vurması gözləniləndi. Başqa cür “Kəpəz”i premyer-liqada saxlamaq mümkün olmayacaq. Komandanın köhnə-yeni baş məşqçisi Azər Bağırov çox çətin işin altına çiyinlərini verib. Gəncə klubunun rəhbərliyi heyətə 12 legioner futbolçu daxil edib, büdcənin axrına çıxıb. İndi yeni legioner gətirmək üçün pul yoxdu. Günahı kiminsə boynuna atmaq lazım gələndə yada Azər Bağırov düşüb. Bu legionerlərin “məharətini” də biz ötən 6 turda görmüşük. “0” xallı “Kəpəz” turnir cədvəlinin “zirzəmisində lövbər salıb”. Top fərqi də mənfi 17-yə bərabərdi. Bu futbolçularla “Kəpəz”i elitada saxlamaq üçün Azər bəyin gərək “sehirli çubuğu” olsun. O da olmasa, futbolçuları döymək üçün çubuq axtarmaq lazımdı. Başqa yol qalmayıb.
AMAL