“Inter Mayami”nin müdafiəçisi Jordi Alba bu mövsümün sonunda peşəkar futbol karyerasını başa vuracağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı ispan futbolçu qərarını “Instagram” hesabında paylaşdığı mesajla bildirib.

“Artıq həyatımın çox önəmli bir bölməsini bağlamağın vaxtı gəlib. Bu mövsümün sonunda peşəkar futbol karyeramı bitirməyə qərar verdim. Bunu tam sakitlik və xoşbəxtliklə edirəm, çünki bu yolda sahib olduğum bütün ehtirasla mübarizə apardım və indi yeni səhifə açmaq vaxtıdır”, – deyə Alba yazıb.

O, bu ilin mayında “Inter Mayami” ilə 2027-ci ilə qədər müqavilə uzatmışdı, lakin karyerasını daha tez bitirmək qərarına gəlib.

Jordi Alba 2006-cı ildə “Kornelya”da peşəkar karyerasına başlayıb, daha sonra “Valensiya” və “Barselona”da çıxış edib. Karyerası ərzində 700-dən çox oyunda meydana çıxıb və həm klub, həm də milli səviyyədə çoxsaylı titullar qazanıb.

Qeyd edək ki, daha əvvəl Serhio Busqets də təqüadə çıxacağını açıqlamışdı.