EN

Azərbaycan regional sabitlik, enerji təhlükəsizliyi və "yaşıl keçid" istiqamətlərində mərkəzi aktora çevrilib

Ölkəmizin çoxqütblü xarici siyasətinin əsasında Azərbaycan dövlətinin və xalqının milli mənafelərini əks etdirən, fundamental maraqlarımıza yönələn hərtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi konsepsiyası dayanır. Bu xəttin daha bir vacib və ayrılmaz hissəsi Qərb dünyası ilə siyasi və iqtisadi əlaqələri inkişaf etdirməkdir.  

Azərbaycan Avropanın bir neçə dövləti ilə strateji səviyyəyə yüksələn möhkəm əlaqələrə malikdir. Bu dövlətlərin sırasında Avropa İttifaqının təmsilçiləri də var. "Avropa Siyasi Birliyi" bu kimi çoxtərəfli və ikitərəfli əlaqələrin əsasının qoyulması və inkişaf etdirilməsi yönündə olduqca əlverişli və aktiv siyasi platformadır. Bu baxımdan Azərbaycan lideri mütəmadi olaraq bu tədbirlərə dəvət edilir və qitəni narahat edən mövzular ətrafında diskussiyalara qatılır. Belə bir münasibət ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, onun yüksələn mövqeyinin, başlıcası isə Azərbaycan Prezidentinin dünya liderləri arasında söz sahibi olmasının göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və səfər çərçivəsində Kopenhagendə keçirdiyi görüşlər son günlərin mühüm siyasi hadisələrindən oldu. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakının əhəmiyyəti çoxşaxəlidir və bu, həm geosiyasi, həm də diplomatik-strateji aspektlərdən qiymətləndirilməlidir. 

Yeni Avropa arxitekturası

Öncə bir məqamı xüsusi qeyd edək ki, "Avropa Siyasi Birliyi" (European Political Community - EPC) nisbətən yeni bir təşəbbüsdür. Birlik faktiki olaraq öz fəaliyyətinə 2022-ci ilin oktyabrında Praqada keçirilmiş ilk Zirvə toplantısı ilə başlayıb. Avropa Siyasi Birliyinin yaranmasını şərtləndirən bir neçə mühüm geosiyasi səbəb var. Rusiya-Ukrayna müharibəsi və Avropada təhlükəsizlik böhranı, Avropa İttifaqının genişlənmə məhdudiyyətləri, enerji təhlükəsizliyi və dayanıqlılıq ehtiyacı, yeni Avropa arxitekturası ideyasının irəli sürülməsi bu səbəblərin önündə gedir. 

Belə bir platformanın əsas məqsədi Avropada sülh, sabitlik və təhlükəsizlik naminə siyasi dialoqu dərinləşdirmək, Avropa İttifaqına üzv və qeyri-üzv ölkələr arasında enerji, infrastruktur, müdafiə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək, Avropanı xüsusilə enerji və müdafiə sahəsində strateji muxtariyyətə yaxınlaşdırmaqdır. Ümumiləşdirsək, "Avropa Siyasi Birliyi" Avropa İttifaqına daxil olmayan, amma Avropa məkanında mühüm rol oynayan ölkələri bir araya gətirən platformadır.

Dövlətimizin başçısının bu qurumun 7-ci Zirvə toplantısında məhz qarşı tərəfin dəvəti və xahişi ilə iştirakı ölkəmizin müasir Avropa qitəsindəki yeri və rolu, yeni dünya düzənindəki mövqeyinin əhəmiyyəti haqqında aydın mənzərə yaradır, Avropa siyasi məkanında nə qədər fəal və etibarlı tərəfdaş kimi çıxış etdiyini göstərir. Bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yalnız enerji sektorunda deyil, siyasi və təhlükəsizlik müstəvisində də inkişaf etməsinin nümayişidir. Həmçinin enerji təhlükəsizliyi və strateji infrastrukturda Azərbaycanın lider rolunun növbəti dəfə təsdiqidir.

Avropada enerji böhranı və "yaşıl enerji"yə keçid kontekstində ölkəmiz etibarlı enerji təchizatçısı kimi çıxış edir. "Avropa Siyasi Birliyi"nin zirvə toplantısı kimi platformalar Azərbaycan Prezidentinə "Cənub qaz dəhlizi", "yaşıl enerji" ixracı, Xəzər-Qara dəniz-Avropa enerji xətti kimi son dərəcə əhəmiyyətli qlobal layihələr barədə mövqeyini birbaşa liderlər səviyyəsində ifadə etmək imkanı yaradır, Azərbaycanın strateji enerji xəritəsində mərkəzi iştirakçı statusunu daha da möhkəmləndirir.  

Regional təhlükəsizlik və sülh təşəbbüslərinin mərkəzində

Zirvə toplantısında iştirak regional təhlükəsizlik və sülh təşəbbüslərinin təqdimatı baxımından da faydalı oldu. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi, Cənubi Qafqazda yeni reallıqlar Avropa üçün də prioritet mövzudur. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakı Azərbaycanın sülh gündəliyini və konstruktiv diplomatik mövqeyini Avropa ictimaiyyətinə və liderlərinə bir daha çatdırmaq baxımından vacib əhəmiyyət daşıyır. Bu, həm də ölkəmizin münaqişənin həllindən sonra Qarabağda, Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq və reinteqrasiya modelini beynəlxalq auditoriyaya təqdim etmək imkanıdır.

Prezident İlham Əliyevin Kopenhagen səfərini, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşləri rəsmi Bakının qlobal balans siyasətinin nümayişi kimi də nəzərdən keçirmək olar. Belə ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək bir tərəfdən Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı ilə fəal əməkdaşlıq edir, bu təsisatların inkişafında, qlobal gücə çevrilməsində fəal rol oynayır, digər tərəfdən Avropa ölkələrini bir araya gətirən platformalarla strateji tərəfdaşlıq xətti yürüdür. Bu baxımdan "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak müvafiq siyasətin "müstəqil, çoxtərəfli və çevik diplomatiya" prinsiplərinin praktiki təzahürüdür. Azərbaycan göstərir ki, o, nə bir blokun, nə də hansısa güc mərkəzinin tərkib hissəsidir - öz milli maraqları əsasında qlobal tərəfdaşdır.

Azərbaycanın bu siyasi kursunun hörmətlə qarşılanması, ölkəmizin mövqeyinə, belə platformalarda iştirakına xüsusi önəm verilməsi cənab İlham Əliyevin Avropa məkanındakı yüksək nüfuzunun, müasir dünyamızın ən parlaq liderlərindən biri kimi şəxsiyyətinə göstərilən böyük rəğbətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir.

2024-cü ildə COP29 kimi möhtəşəm qlobal tədbirin Bakıda keçirilməsi fonunda Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi" Zirvə toplantısında iştirakı ölkəmizin iqlim diplomatiyasındakı lider rolunu da təsdiqləmiş oldu. Bu təsisat, Avropa liderləri ilə "yaşıl enerji" keçidi, bərpaolunan mənbələr və karbon neytrallığı üzrə konkret əməkdaşlıq təşəbbüslərini və s. müzakirə etmək üçün ideal platformadır.

"Avropa Siyasi Birliyi" kimi platformalarda Prezident İlham Əliyevin fəal iştirakı Azərbaycanın qlobal arenada artan nüfuzunun, həm də reallıqlara əsaslanan diplomatiyasının göstəricisidir. Bu, Azərbaycanın yalnız regional deyil, Avropa təhlükəsizlik və enerji gündəliyinə təsir edən ölkə statusunu bir daha təsdiq edir. Nəticə etibarilə bu tədbirdə iştirak Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji tərəfdaşlığını daha da dərinləşdirmiş oldu, Cənubi Qafqazda sülh və sabitliyin təminatında ölkəmizin lider mövqeyini bir daha nümayiş etdirdi, qlobal enerji və iqlim siyasətində onun aparıcı rolunu növbəti dəfə sərgilədi. 

Qarşı tərəflərin xahişi ilə keçirilən görüşlər

Kopenhagen səfərinin ən faydalı nəticələrindən biri də Azərbaycan Prezidentinin Fransa Prezidenti Emmanuel Makron, Niderland Krallığının Baş naziri Dik Sxof, Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Ermənistanın Baş naziri Nikol Paşinyan, Moldova Respublikasının Prezidenti Maya Sandu ilə keçirdiyi görüşlər oldu. Görüşlərin hər biri qarşı tərəfin müraciətləri əsasında baş tutdu. Bunun özü də Azərbaycan Prezidenti ilə ünsiyyət və müzakirələrə qlobal marağın göstəricisi sayıla bilər. 

Dövlətimizin başçısının fərqli siyasi məkanlara daxil olan Avropa liderləri ilə görüşməsi ölkəmizin balanslaşdırılmış, çoxvektorlu xarici siyasətinin bariz təzahürüdür. Bu görüşlər vasitəsilə Azərbaycan həm enerji və nəqliyyat əməkdaşlığı, həm də regional sülh prosesi və Avropa ilə strateji dialoq istiqamətində konkret irəliləyişlərə nail oldu. Görüşlərin çoxluğu və səviyyəsi göstərir ki, Azərbaycan artıq təkcə regional deyil, ümumavropa siyasi gündəliyinin formalaşmasında mühüm tərəfdaş kimi qəbul edilir. Bu baxımdan, Fransa Prezidenti Emmanuel Makronun xahişi ilə keçirilən görüş Cənubi Qafqazda sülh prosesi fonunda tərəflər arasında vaxtilə yaranmış gərgin diplomatik fonu yumşaltmaq baxımından əhəmiyyətli idi. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi. Bu görüş məsələlərə obyektiv və reallıqlara əsaslanan yanaşmanın vacibliyini Fransa rəhbərliyinin diqqətinə birbaşa çatdırmış oldu. 

Niderland Krallığının Baş naziri Dik Sxofla görüş isə enerji əməkdaşlığı və "yaşıl enerji" layihələri baxımından xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, Niderland Avropada bərpaolunan enerji texnologiyalarının liderlərindən biridir və Azərbaycan üçün bu əlaqələrin daha da möhkəmləndirilməsi "yaşıl diplomatiya" sahəsində strateji tərəfdaşlıq imkanlarını genişləndirir. Bundan əlavə, liman-logistika sahəsində Niderland təcrübəsi Azərbaycanın Zəngəzur dəhlizi (TRIPP) və Orta dəhliz layihələri üçün mühüm maraq doğurur.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş isə postmüharibə reallıqları, ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri kontekstində mühüm simvolik məna daşıyırdı. Azərbaycan bu görüşlə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləməklə yanaşı, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq normalara sadiqliyini də nümayiş etdirmiş oldu. Həmçinin enerji və humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

İtaliya Nazirlər Şurasının sədri Ciorgia Meloni ilə görüşə gəlincə, məlumdur ki, İtaliya Azərbaycanın Avropadakı ən yaxın strateji tərəfdaşlarından biridir. Söhbət zamanı Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirildi və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Bu görüş, aparılan müzakirələr eyni zamanda Azərbaycan-İtaliya strateji tərəfdaşlığının Avropa miqyasında nümunə kimi təqdim olunmasına xidmət etmiş oldu. 

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşlər də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yüksək səviyyədə, strateji formatda davam etdiyini göstərdi. Müzakirələrdə enerji təhlükəsizliyi, iqlim gündəliyi, Cənubi Qafqazda sülh prosesi əsas prioritet mövzular oldu. Ursula fon der Lyayen ilə görüş həm də Azərbaycanın Avropanın enerji sabitliyində rolunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı Azərbaycanın Orta dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu da vurğulandı.

Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş isə iki ölkə arasında sülh müqaviləsi şərtlərinin yekunlaşdırılması istiqamətində ən vacib siyasi təmaslardan biri kimi dəyərləndirilə bilər. Belə bir görüş Azərbaycanın sülh təşəbbüslərinin ardıcıl, konstruktiv və nəticəyönümlü olduğunu göstərir. Görüş həm də regionda yeni etimad mühitinin formalaşması baxımından mühümdür. 

Cənab İlham Əliyevin Moldovanın bu vəzifəyə növbəti dəfə yeni seçilmiş Prezidenti Maya Sandu ilə görüşü də böyük əhəmiyyət daşıyır. Moldova Azərbaycanla həm enerji, həm də rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialına malikdir. Görüş həmçinin Azərbaycan və Moldova kimi ölkələrin iqlim diplomatiyasında birgə səylərinin müzakirəsi baxımından önəmlidir. 

Kopenhagen səfəri və görüşləri göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyası ilə enerji, sülh və Avropa ilə inteqrasiya gündəmini eyni anda irəlilətməyi bacarır. Azərbaycan "Avropa Siyasi Birliyi"ndə regional sabitlik, enerji təhlükəsizliyi və "yaşıl keçid" istiqamətlərində mərkəzi aktora çevrilib və ölkəmizə olan etimad kapitalı zaman keçdikcə daha da güclənərək dayanıqlı xarakter daşıyır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Chosen
88
29
azerbaijan-news.az

10Sources