
“Bakı Metropoliteni” QSC-nin şöbə rəisi vəzifəsindən ayrılıb.
AFN.az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Metropoliteninin İnsan hüquqları departamentinin şöbə rəisi Rüfət Qədeşov öz xahişi ilə işdən çıxıb.
Qeyd edilib ki, Rüfət Qədeşov bundan əvvəl Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metropolitenin hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabrında vəzifəyə başladıqdan bir neçə ay sonra Qədeşovu şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Rüfət Qədeşovdan öncə də bir neçə rəhbər şəxs vəzifəsini tərk edib. Belə ki, bu ilin avqustunda Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar. Hər iki şəxs mart ayında təyin olunmuş və əvvəllər digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıblar.
Əlavə olaraq, son dövrlər Bakı Metropolitenində əməkhaqlarının ödənilməsi ilə bağlı narazılıqların yaşandığı bildirilir. Mətbuatda yayılan məlumatlara əsasən, bu ilin yanvarından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir. Qurumdan verilən açıqlamada qeyd olunub ki, əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr davam edir.