EN

III MDB Oyunları Gəncədə möhtəşəm bağlanış mərasimi ilə yekunlaşdı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi Gəncə stadionunda keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbir bədii hissə ilə başlayıb, yarışların ən yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov Oyunların yüksək səviyyədə təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri on bir gün ərzində böyük idman bayramına çevrilib:

“Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 növ üzrə yarışlarda bacarıqlarını nümayiş etdirdilər. Bu möhtəşəm idman tədbiri Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əminliklə demək olar ki, Oyunların təşkili ən yüksək standartlara cavab verib”, – deyə Samir Şərifov vurğulayıb.

Mərasimdə Oyunların bayrağı endirilib və Azərbaycan Dövlət Himni səsləndirilib.

Azərbaycan idmançıları III MDB Oyunlarını 184 medalla başa vurublar. Onlardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc medaldır. Bu nəticə ilə ölkəmiz ümumi medal sıralamasında ikinci yeri tutub.

Birinci yeri Rusiya yığması qazanıb. Qeyd edək ki, bu nəticə Azərbaycan idmançılarının MDB Oyunları tarixindəki ən yüksək göstəricisidir. Ölkəmiz I Oyunlarda 60, II Oyunlarda isə 62 medal əldə etmişdi.

III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri — Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.

Chosen
7
26
90deqiqe.az

10Sources