AZ

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - Yenilənib 

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib....

Poliqon xəbər verir ki, Gəncə Stadionunda təşkil olunan tədbirdə III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edib. O, III MDB Oyunlarını bağlı elan edib.

Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib:

"On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

 
Sonra III MDB Oyunlarının bayrağı endirilib. Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə davam edib.

Qeyd edək ki, Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb.

***

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, bağlanış mərasimi Gəncə şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycanın yeddi şəhərində keçirilmiş idman yarışlara yekun vurulub. Artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Rusiya 231 (130-61-40) medal qazanaraq III MDB Oyunlarını birinci sırada tamamlayıb. Aktivində 184 (33 qızıl, 56 gümüş və 95 bürünc) medal olan Azərbaycan ev sahibi olduğu III MDB Oyunlarını ikinci sırada bitirib. Belarus isə 122 (32-38-52) medalla üçüncü olub.

Ümumilikdə, III MDB Oyunlarında 13 ölkənin atletləri iştirak edib. 10 ölkənin idmançıları medal qazanıb. Həmçinin konsert proqramı, sonda isə atəşfəşanlıq olacaq.

Poliqon.info

Seçilən
2
23
poliqon.info

10Mənbələr