EN

Ermənistan da Türk Dövlətləri Təşkilatının yeni formatına qoşulacaq POLİTOLOQ

ain.az bildirir, Modern.az portalına istinadən.

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci sammiti çərçivəsində "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb. "TDT+" formatı sayəsində bir sıra başqa dövlətlərin də bura qoşulması gözlənilir.

Hansı ölkələrin bu strukturda yer ala biləcəyi isə dmaraq doğurur.

Milli Məclisin komitə sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatına bəzi ölkələrin qoşulması mümkündür.

Onun sözlərinə görə, TDT yalnız türk dövlətlərini birləşdirsə də, mahiyyət etibarilə Türk dünyasına yaxın olan, eyni strateji istiqaməti izləyən dövlətlərin də bu formata daxil olması istisna deyil:

“Təşkilata türk dövləti olmayan, amma mahiyyətcə türk dövlətlərinə yaxın olan, eyni strategiyanı izləyən dövlətlərin də qoşulması mümkündür. Təbii ki, bu, regional əməkdaşlıq təşkilatıdır. Burada iştirak edən dövlətlərin müəyyənləşməsi etnik və etnoqrafik xüsusiyyətlərə görə aparılır. Ona görə də hər kəsi bu çərçivəyə daxil etmək mümkün deyil, amma ümumilikdə nəzərə almaq olar.”

Deputat xüsusilə Tacikistan və Pakistan kimi dövlətlərin Türk dünyasına yaxınlığını vurğulayıb:

“Xüsusən də Tacikistan və Pakistan kimi dövlətlərin Türk dünyasına yaxınlığını nəzərə alaraq, onların bu formata daxil olması mümkündür”.

Politoloq Natiq Miri isə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) Asiya ilə Avropanı birləşdirən mühüm coğrafi və strateji məkanda yerləşir. Və TDT-nin təsir dairəsi Avrasiya regionunun iqtisadi və geosiyasi baxımdan önəmini daha da artırır.

“Türk Dövlətləri Təşkilatı deyəndə, Asiya ilə Avropanı birləşdirən bir coğrafi məkandan söhbət gedir. Bu, Avrasiya məkanıdır və Avrasiya dünyanın göbəyi hesab olunur. Strateji baxımdan ən önəmli mövqeyə malik olan bu region artıq müasir dünyada alternativ ticarət yolu kimi böyük əhəmiyyət qazanır” ,- deyə politoloq vurğulayıb.

Natiq Miri qeyd edib ki, Orta Dəhlizin fəaliyyəti və müxtəlif istiqamətlərə çıxışı TDT-nin iqtisadi çəkisini artırır:

“Orta Dəhlizin həm Gürcüstan vasitəsilə Türkiyədən Avropaya, həm də Zəngəzur dəhlizi üzərindən yenidən Türkiyə ilə Avropaya çıxışı bu nəqliyyat marşrutunun həm zaman, həm məkan, həm də infrastruktur baxımından əhəmiyyətini yüksəldir. Bu coğrafiya artıq sülh və əməkdaşlıq nümunəsinə çevrilir. Məhz buna görə də Orta Dəhlizə və ümumilikdə regionun logistik imkanlarına böyük maraq yaranıb”.

Ekspertin sözlərinə görə, TDT-nin nüfuzu və qarşılıqlı inteqrasiyası artdıqca, təşkilata üzv və ya tərəfdaş olmaq istəyən ölkələrin sayı da çoxalır:

“Rusiyanın uzun müddətdir bu təşkilatda müşahidəçi statusu almaq istəyi var. ‘TDT+’ strukturunun yaradılması isə digər dövlətlərin bu prosesə daha rahat qoşulmasına imkan yaradır. Bu, həm əməkdaşlıq sferasını, həm də iqtisadi bazarı böyüdür. Nəticədə, hər iki tərəf üçün qarşılıqlı mənfəət formalaşır”.

Natiq Miri gələcəkdə təşkilatın coğrafiyasının daha da genişlənəcəyini də istisna etmir:

“Asiya ölkələri, Pakistan, hətta perspektivdə Hindistan, Çin, Rusiya və Cənubi Qafqaz ölkələri bu formata daxil ola bilər. Mən hətta Gürcüstanla yanaşı, gələcəkdə Ermənistanın da ‘TDT+’ strukturuna qoşulmasını istisna etmirəm. Çünki Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin bir qolu Ermənistan ərazisindən keçir”.

Politoloq əlavə edib ki, Avropa Birliyi də artıq Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallığını artırır. Bu isə TDT-yə olan marağın daha da güclənəcəyini göstərir:

“Ticarət dəhlizi inkişaf etdikcə, daşınan yüklərin həcmi və qazanc da artacaq, nəticədə təşkilatın əhatə dairəsi genişlənəcək. Türk Dövlətləri Təşkilatı vahid, canlı orqanizm kimi fəaliyyət göstərərək gələcəkdə dünyanın qərarverici güc mərkəzlərindən birinə çevrilə bilər. Hər bir türk dövləti anlamalıdır ki, hansısa güc mərkəzinin yedəyi olmaqdan daha düzgün yol Turan birliyinə qoşulmaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
3
modern.az

4Sources