EN

Qəzzadan sonra Tramp bütün gücünü Ukraynaya yönəldəcək...


Məhəmməd Əsədullazadə: “Qərbin Rusiyaya təzyiqləri daha da artacaq”

Məlum olduğu kimi, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qəfil hücumu düz iki il aramsız müharibəyə səbəb oldu. İsrailin buna cavabı görünməmiş dərəcədə sərt oldu və nəticədə Qəzza faktiki olaraq yerlə yeksan edildi. HƏMAS-ın səhvi üzündən 66 min nəfər öldürüldü və Qəzzada humanitar fəlakət yaşandı.

Bundan ən çox zərər görən tərəf həm də Ukrayna oldu. ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə diqqəti azaldı, ora göndərilməli olan bir sıra silahlar İsrailə yönəldildi və s. Artıq Tramp Qəzzada sülhə nail olur və onun 20 bəndlik sülh planı həyata keçirilir.

Maraqlıdır, bütün bunlardan sonra ABŞ-ın Ukraynaya diqqəti daha da arta bilərmi? ABŞ-ın resurslarını buraya yönəltməsi Ukraynada müharibənin başa çatmasında nə kimi rol oynaya bilər?

“Güman olunur ki, ABŞ bundan sonra Ukraynaya daha ciddi dəstək verəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İsraillə HƏMAS arasında atəşkəsin əldə edilməsi indiki dövrdə ciddi nəticədir: “Ona görə ki, iki il idi şiddətli müharibə gedirdi və bu, ciddi insan itkisi, dağıntılarla müşayiət olunurdu. Yaxın Şərqdə bu problem başa çatandan sonra, təbii ki, Birləşmiş Ştatların əsas diqqəti Rusiyanın Ukraynada apardığı müharibəyə yönələcək. Çünki Rusiya Ukraynada hücumları intensivləşdirir və bu getdikcə daha dağıdıcı hal alır. Müharibənin davam etməsi ABŞ-ın geopolitik mövqeyinə ciddi zərbə vurur. Belə görünür ki, Ukrayna ilə bağlı ABŞ-la Rusiya arasında danışıqlar bitib və diplomatik resurslar tükənib. Yəni diplomatik müstəvidə normallaşma prosesi real görünmür. O baxımdan güman olunur ki, ABŞ bundan sonra Ukraynaya daha ciddi dəstək verəcək. Söhbət siyasi, iqtisadi və hərbi dəstəyin artırılmasından gedir. Ehtimal ki, ABŞ Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək uzaq məsafəli raketləri verəcək. Trampın bundan sonrakı əsas məqsədi Rusiya-Ukrayna müharibəsində qalib olmaqdır. O mənada ki, Birləşmiş Ştatlar hesabına müharibəni dayandırmaq. Fikrimcə, prosesləri bu istiqamətdə aparacaq. Ukrayna da yavaş-yavaş cəbhə bölgəsində müəyyən taktiki üstünlüklər əldə edir. Hesab edirəm ki, bundan sonra sözügedən proses davamlı olacaq. Qərbin Rusiyaya təzyiqləri daha da artacaq. İndi Trampın ən başlıca vəzifəsi Ukraynada müharibəni dayandırmaqdır. Bu isə Ukraynaya ciddi hərbi dəstək verməklə mümkündür. Yəni yalnız o halda Rusiya danışıqlar masasına oturacaq”.

Vidadi ORDAHALLI

Chosen
11
baki-xeber.com

1Sources