Avropa Parlamentinin Rumıniyadan olan ultrasağ deputatı Diana Şoşoake Rusiyaya səfəri zamanı qalmaqallı bəyanatla çıxış edib.
Musavat.com-un məlumatına görə, o iddia edib ki, 2023-cü ildə guya Vladimir Zelenskinin Rumıniya parlamentində çıxış etməsinə mane olub.
“Əgər o mənim parlamentimə gəlməyə cürət etsə, onun ayaqlarını qıraram!” - deyə, Diana Şoşoake əlavə edib.
Bu çıxış “Rusiyanın Dostları” Beynəlxalq Assosiasiyasının toplantısında səslənib; assosiasiyaya özünü italyan qrafı adlandıran Pyetro Strameççi rəhbərlik edib.
Şoşoake həmçinin RT kanalının 20 illiyi münasibətilə keçirilən mərasimdə də iştirak edib. Həmin tədbirdə Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Deputat çıxışı zamanı yenidən prokreml təbliğat tezislərini təkrarlayıb və Ukraynada guya “bir milyondan çox rumının sıxışdırıldığını, onlara rumınca danışmağın və pravoslavlığı yaşatmağın qadağan edildiyini” iddia edib. O, həmçinin bildirib ki, “millətçi mesajı” salonda alqışla qarşılanıb və “gənclər tərəfindən yüksək qiymətləndirilib”.
Musavat.com