EN

Səmaları fəth edən şəhid polkovnik-leytenant Ramiz Qasımovun bu gün anım günüdür

Səmaları fəth edən bir hərbçinin ömür yoluna nəzər salmaq oxucular üçün də maraqlı olar. Ramiz Qasımov 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. O, 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə və 2020-ci ilin Tovuz döyüşlərində iştirak edib, igidliyi və cəsurluğu ilə seçilib. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayanda usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına quru qoşunlarına, eləcə, də digər qoşun növlərinə döyüşlərə hava dəstəyi ilə bağlı tapşırıqlar verilmişdi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. O, düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq, şücaət digər uçuş heyətlərində də böyük ruh yüksəkliyi yaratdı.

Ramiz Qasımov Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək Ermənistan ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Hərbi hədəfləri məhv edib geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mİ–17 helikopteri düşmən tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünün tullanmasını əmr etdi. Özü isə surətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə Mİ–17 Tərtər rayonu ərazisində boş sahəyə düşdü.

Aldığı ciddi xəsarətlərdən Ramiz Qasımov 25 gün komada qalır. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı bu qəhrəmanın həyatını xilas etmək mümkün olmur. Onun döyüşlərin ilk günündə göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən yayınmadı. Ramiz Qasımov İkinci Fəxri Xiyabanda dəfn olunub. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramiz Qasımov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edildi.

Xatırladırıq ki, bu gün şəhid Ramiz Qasımovun üç övladı bizə əmanətdir. Onlar hər zaman ataları ilə qürur duyurlar.

Şəhidimizin qızı Gülay Qasımlı: “Mənim atam, Ramiz Qasımov, sadəcə bir ad deyil – o, mənim qürurumdur. O, Vətən torpaqları uğrunda canını fəda etmiş bir qəhrəmandır. Atam haqqında düşünəndə ürəyimdə həm bir qürur, həm də dərin bir həsrət hissi baş qaldırır. Atamın həyatı, qəhrəmanlığı bizə vətənpərvərliyin nə olduğunu, sevginin ən müqəddəs formasını öyrətdi. O, yalnız ailəsini deyil, bütöv bir xalqı qorumaq üçün canından keçdi. Atamın ən böyük arzusu Vətənin azad və xoşbəxt olması idi. Bu yolda göstərdiyi şücaət ona müqəddəs şəhidlik zirvəsini qazandırdı. Atamın adı çəkiləndə gözlərim dolur, amma bu göz yaşları hüzn deyil, qürurun göz yaşlarıdır. Atam ömrünü Vətən üçün yaşadı, onunla nəfəs aldı və bu torpaqların azadlığı üçün ölümsüz oldu. Mənə bir ad, bir miras qoyub getdi – Ramiz Qasımovun qızı olmaq. Bu ada layiq olmaq üçün hər gün çalışıram. Atamın xatirəsini yaşatmaq mənim üçün bir borcdur. Onun yolunu davam etdirmək, Vətənimizi sevmək və qorumaq mənim həyatımın ən böyük məqsədlərindən biridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlar ölməyiblər — onlar xalqın qəlbində daim yaşayırlar!".

Şəhidimizin həyat yoldaşı Günel xanımın danışacağı çox xatirələri var: “Belə bir qəhrəmanın həyat yoldaşı olmaq həqiqətən qürurvericidir. Biz 2005-ci ildə ailə həyatı qurmuşuq. Bu evlilikdən 3 övladımız dünyaya gəlib. 15 il birlikdə övladlarımızı böyütdük. Ramiz ailəcanlı, xoşrəftar idi. Hərbçi kimi hökmlü, dürüst idi. Dəqiqliyi çox sevirdi. Əsl hərbçi, zabit xarakterli görkəmi var idi. Birlikdə o qədər də , təntənli günlər qeyd etməsək də, hər zaman bizə öz sevgisini göstərib, işinin ağırlığı, məsuliyyəti həmişə onun üçün ön planda olub. Elə ona görə də, “Öncə Vətən” deyərək irəli atıldı. Haqq savaşımızda öz şücaətini göstərdi. Ən uca zirvəyə, ölməzliyə, şəhidliyə yüksəldi. Bunu etiraf etmək istəyirəm ki, Ramizin hər zaman öndə gedən bir hərbçi olduğunu, işini canından, ailəsindən daha çox sevdiyini bilsəm də, onun bu həyatdan belə tez gedəcəyini heç vaxt ağlımdan keçirməmişəm. Onun bu həyatdan gedişindən sonra mənə çox çətin oldu. Böyuk qızımın sağlamlığında ciddi problemlər yarandı. Çox sarsıntılar yaşadıq...Bütün bu çətinliklərə baxmayaraq, Ramiz bizim üçün bir zirvədir! Onun qəhrəmanlığı, vətənpərvərliyi, savadı gələcək nəsillər üçün bir örnəkdir! Mənim bu həyatda ən böyük mükafatım Ramiz Qasımovun həyat yoldaşı olmağımdır!”

Şəhidimizin ən yaxın dostlarından biri olan Rövşən Alimsoyun da xatirələrini dinlədik:

– Ramiz Qasımovla xidmətimiz mənim leytenant olduğum zamandan tərxis olduğum zamanadək (2018-ci il) bir yerdə keçib. Mənim Ramiz haqqında xatirələrim çoxdur. O, yalnız bir döyüş yoldaşı kimi deyil, həm də səmimi dost, nümunəvi ailə üzvü və mərd insanın kimi mənim yaddaşıma həkk olunub.

Ramizin cəsarətli və qərarlı bir lider olma xüsusiyyəti:

Mənim vertolyot hərbi bazasına təyinatım çıxandan sonra Ramizi tanımışam. Hərbi hissənin döyüş eskadrilyasında mənə və mənim kimi yeni təyinat almış leytenantlara dəstək olan o zaman baş leytenant Ramiz Qasımov olmuşdur. Bu, onun birbaşa vəzifə borcu olmasa da, onun liderlik, dostluq, bilik öyrətmə xüsusiyyəti sanki onda bizə qarşı bir borc hissi yaratmışdı. Həmin zamanlar o, da xidmət müddətinin az olmasına baxmayaraq, öz bilik və bacarağı ilə hamıdan seçilirdi. Yüksək intellekt sahibi və zabit duruşu ilə Ramiz hərbi hissədə hamının rəğbətini qazanmışdı. Uçuşlarda hər zaman yüksək nəticələr göstərən Ramiz, nəzəri bilikdə də hamını üstəliyirdi. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirən Ramiz pilotluq karyerasında əmin addımlarla irəliləyirdi. Ondan öyrəndiklərimiz bu yolda sanki bizə də cığır açırdı. Dostlar arasında sanki hamımız onun bu liderlikdə lokomativ rolunda olduğunu qəbul etmişdik. O, həm döyüş əməliyyatlarında, həm də nəzəri hazırlıqda müstəsna bacarıq nümayiş etdirirdi. Bu onun yalnız peşəkar pilot kimi üstünlüyünün deyil, həm də ciddi məsuliyyət hissinin ifadəsi idi. Ramizin nəzəri bilikləri praktik bacarıqları qədər qüsursuz idi. Onun bacarıqları həm də komandirləri tərəfindən yüksək qiymətləndirilirdi. Ramiz müasir hərbi texnologiyanı mənimsəməkdə və tətbiq etməkdə də qabaqcıl idi. O, bu yolda yalnız öz karyerasını inkişaf etdirmirdi, həm də bizim kimi gənc zabitlərə öz nümunəsi ilə stimul verirdi.

 

 

Mənbə

Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı

Chosen
86
qht.az

1Sources