EN

Nazir: Qazaxıstan ilə Azərbaycan arasında dənizaltı enerji kabeli layihəsinin hazırlanmasına başlanılıb

Astana, 22 oktyabr, AZƏRTAC

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsi layihəsinin hazırlanması prosesindən danışıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığın əsas mövzusu enerji sahəsidir. Bu, neftin Bakı–Tbilisi–Ceyhan marşrutu vasitəsilə əlavə istiqamət üzrə nəqli və Xəzər dənizinin dibi ilə “yaşıl enerji” kabelinin çəkilməsini əhatə edir.

“Hazırda artıq birgə müəssisə yaradılıb, texniki-iqtisadi əsaslandırma mərhələsi maliyyələşdirilib”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsində iki bank, o cümlədən Asiya İnkişaf Bankı iştirak edir.

“Hazırda texniki-iqtisadi əsaslandırmanın formalaşdırılması prosesi gedir. Bu mərhələ başa çatdıqdan sonra layihənin dəqiq dəyəri müəyyən ediləcək və qərar qəbul olunacaq”, – deyə Akkenjenov əlavə edib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
21
4
azertag.az

5Sources