EN

Milli Məclisdə elmi-praktik konfrans

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.

Komitə sədri Azər Əmiraslanov tədbiri açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti nəticəsində Azərbaycanın Vətən müharibəsində Qələbə qazanaraq dövlət suverenliyini bərpa etdiyini, regionda yeni reallıqlar yaratdığını bildirib. Komitə sədri suverenliyin iqtisadi əsaslarının möhkəmləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən biri olduğunu deyib. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə bu gün Azərbaycan dövlətinin dünyada mövqelərinin möhkəmləndirilməsinin, ölkəmizin qlobal təhdidlərə qarşı mübarizəsinin, milli maraqlara uyğun siyasətin həyata keçirilməsinin, hərtərəfli tərəqqinin təməlində Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığını, iqtisadi müstəqilliyimizin formalaşmasında onun əvəzsiz rolunu vurğulayıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, iqtisadi müstəqilliyin mahiyyəti dövlətin müstəqil iqtisadi siyasətin həyata keçirilməsində, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsində rolunu nəzərdə tutur. O, iqtisadi müstəqilliyin qarşısında duran məsələlərin dövlət quruculuğu prosesində əhəmiyyətindən danışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də mövzu ilə bağlı fikirlərini açıqlayıb. O, iqtisadi münasibətlərin hüquqi normalarla tənzimlənməsi, ölkədə iqtisadi və hüquqi sahədə islahatların paralel olaraq həyata keçirilməsi nəticəsində uğurların əldə edildiyini bildirib. Komitə sədri Azərbaycanın müstəqilliyinin, o cümlədən iqtisadi baxımdan müstəqilliyimizin ideya müəllifinin Ümummilli lider Heydər Əliyevin olduğunu vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qısa müddət ərzində atəşkəsə nail olundu. Heydər Əliyev “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyasına insanları inandırdı və sağlam qüvvələri öz ətrafında birləşdirdi. Hazırda Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi, hərbi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və makroiqtisadi sabitlik təmin olunub, torpaqlarımız işğaldan azad edilib, dövlət suverenliyimiz və müstəqilliyimiz tam bərpa edilib.

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Mərkəzi Bankının sədr müavini Əli Əhmədov, Maliyyə nazirinin müavini Azər Bayramov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Milli Məclisin deputatları Günay Ağamalı, Əli Məsimli, Asif Əsgərov, Tahir Mirkişili, Rizvan Nəbiyev, Mübariz Qurbanlı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı çıxış ediblər. Çıxışçılar iqtisadi suverenliyin hüquqi, iqtisadi, fiskal, struktur və sosial dayaqları barədə danışıblar, dövlət müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji proqramlar Azərbaycanın iqtisadi müstəqilliyini və suveren inkişaf modelini möhkəmləndirir.

XQ

Chosen
6
3
xalqqazeti.az

7Sources