EN

“Azərbaycanla Macarıstanı sülhə dair ümumi baxışlar birləşdirir” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə geniş konsert proqramı ilə müşayiət olunan tədbir keçirilib. Dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirilib.

Hafta.az-ın yazdığına görə, çıxış edən Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinə diqqət çəkib. Macarıstan Azərbaycanla strateji dialoqun növbəti sessiyasına hazırlaşdığına diqqət çəkən cənab Torma edib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müstəqilliyinin ilk günlərindən dəstəkləyib: “Bu dəstək beynəlxalq hüququn prinsiplərinə hörmət və anlayış əsasında olmaqla yanaşı, həm də suverenliyə olan həssaslığımızdan irəli gələn təbii reaksiya idi. Azərbaycan bir neçə gün əvvəl - oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd etdiyi və tezliklə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyini qeyd edəcəyi bir vaxtda vurğulamaq lazımdır ki, Macarıstan adından suverenliyə dəstək heç vaxt sadəcə nəzəri xarakter daşımayıb. Macarıstan hüquqşünasları Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasına öz töhfələrini veriblər”.

Səfirin sözlərinə görə, bu əməli dəstəyin təbii davamı ondan ibarətdir ki, beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini bəyanlayıb və hazırda bu işlər davam edir: “Bu gün xalqlarımız müstəqil, suveren və azaddır. Münasibətlərimiz bütün səviyyələrdə və hər sahədə əladır və 2023-cü ilin yanvarında genişlənmiş strateji tərəfdaşlığa yüksəlib. O vaxtdan bəri prezident İlham Əliyev iki dəfə Macarıstana, Baş nazir Viktor Orban isə dördüncü dəfə Azərbaycana səfər edib və onlar bir sıra beynəlxalq görüşlər keçiriblər. Birgə İqtisadi Komissiyanın XI iclası sentyabr ayında Budapeştdə keçirilmiş, hər iki ölkədən rekord sayda biznes nümayəndələrinin iştirak etdiyi biznes forumu ilə müşayiət olunub. Bu yaxınlarda paytaxtımızda nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilib və biz xarici işlər nazirlərinin başçılığı ilə strateji dialoqun növbəti sessiyasına hazırlaşırıq. Münasibətlərin davamlı inkişafı üçün bütün şərait yaradılıb”.

Səfir bildirib ki, iki ölkə arasında Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar barədə müzakirələr davam edir.

Diplomat qeyd edib ki, Macarıstanın MOL və MVM şirkətləri Azərbaycanda dünyanın ən böyük təbii qaz və xam neft yataqlarında mülkiyyət hüququ əldə ediblər. Macar şirkətləri beynəlxalq enerji bazarlarına təkcə alıcı kimi deyil, həm də satıcı kimi fərqli imkanlarla çıxa bilər: “Beləliklə, SOCAR və bizim iki şirkətimizlə sıx əməkdaşlıq təkcə korporativ məsələ deyil, həm də Macarıstanın enerji təhlükəsizliyinə və enerji suverenliyimizə güclü töhfədir. Macarıstan bunu yüksək qiymətləndirir. "Yaşıl enerji" sahəsində əməkdaşlığımız Yaşıl Enerji Dəhlizi layihəsi ətrafında cəmlənir və Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar barədə müzakirələr davam edir”.

Ölkələrimiz arasında elm-təhsil sahəsində də sıx əməkdaşlığın olduğuna diqqət çəkən səfir qeyd edib ki, tələbələrin bir çoxu “Stipendium Hungaricum” Təqaüd proqramının sahibləridir: “Azərbaycanda qısamüddətli mobillik proqramlarına qoşulan macar tələbələrin sayı artır. Universitetlər arasında əlaqələr dinamik şəkildə inkişaf edir və biz bu əməkdaşlıqda yüksək potensial görürük. Mədəniyyət sahəsində əməkdaşlığımız sərgilərə qoşulmaqdan tutmuş kino sənayesindəki layihələrə qədər getdikcə daha çox sahələri əhatə edir”.

Diplomat qeyd edib ki, macarlar özlərini Avropanın mərkəzində min ildən artıq xristian adət-ənənələrinə və dövlətçiliyinə malik bir millət kimi, türk xalqları ilə ortaq köklərə və qohumluq şüuruna malik bir xalq kimi görürlər: “Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi daxil olması bu unikal kimliyinin siyasi ifadəsidir. Türk dünyası ilə institusional əlaqələri olan yeganə Avropa İttifaqına üzv dövlət kimi Türk Dövlətləri Təşkilatının işində fəal iştirakımız, o cümlədən bu il prezident İlham Əliyevin Budapeştdə keçirilən təşkilatın qeyri-rəsmi Zirvə Görüşündə iştirakı və Macarıstan baş naziri Viktor Orbanın Qəbələdə Türk Dövlətləri Təşkilatının bu yaxınlarda keçirilən rəsmi Zirvə Görüşündə iştirakı Şərq-Qərb əməkdaşlığına nəzərəçarpacaq töhfədir”.

T.Torma vurğulayıb ki, Azərbaycanla Macarıstanı yüksək ikitərəfli əlaqələr və çoxşaxəli əməkdaşlıqdan başqa, sülhə dair ümumi baxışlar da birləşdirir.

Səfir bildirib ki, Macarıstan və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında strateji dialoqun dekabr ayında keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, ikitərəfli siyasi dialoq mexanizmləri qorunub saxlanır: “Macarıstanla münasibətlər bütün sahələrdə genişləndirilir. Ötən il Macarıstan Azərbaycanda üçüncü ən böyük investor olub. Macarıstan enerji sahəsində əsas tərəfdaşlardan biridir. Həmçinin, təhsil sahəsində də əməkdaşlıq yaxşı səviyyədədir. İnanırıq ki, münasibətlər bundan sonra da yüksək səviyyədə davam edəcək”.

Azərbaycan hökuməti adından təbrik çıxışı edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, iki ölkə Xarici İşlər nazirlikləri arasında strateji dialoqun dekabr ayında keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, Azərbaycanla Macarıstan aarsında ikitərəfli siyasi dialoq mexanizmləri qorunub saxlanır: “Macarıstanla münasibətlər bütün sahələrdə genişləndirilir. Ötən il Macarıstan Azərbaycanda üçüncü ən böyük investor olub. Macarıstan enerji sahəsində əsas tərəfdaşlardan biridir. Həmçinin, təhsil sahəsində də əməkdaşlıq yaxşı səviyyədədir. İnanırıq ki, münasibətlər bundan sonra da yüksək səviyyədə davam edəcək”.

Çıxışlardan sonra səfir Tomaş Torma, Macarıstan prezidenti Tamaş Şuyok tərəfindən "Xidmətlərə görə ulduzlu komandor xaçı" ordeni ilə təltif olunan Azərbaycan-Macarıstan Parlamentlərarası Dosluq Qrupunun sədri Əli Hüseynliyə ordeni təqdim edib.

Rəsmi hissədən sonra Tilla Törökin rəhbərlik etdiyi ansamblın ifasında gözəl bir konsert proqramı təqdim olunub.

Chosen
75
hafta.az

1Sources