EN

Bütün Ermənistan İlham Əliyevin bu qərarını dəstəklədi...


İlyas Hüseynov: “Artıq erməni cəmiyyəti də qəbul edir ki...”

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

O, bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

“İlham Əliyev dünən (oktyabrın 21-də - İ.S) elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı bildirmək istərdim”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

Paşinyan Əliyevə təşəkkür etdi, minnətdarlıq bildirdi ki, Ermənistana daşınan yüklərin üzərindən məhdudiyyəti götürdü. Maraqlıdır ki, Ermənistanda onun Əliyevə bu təşəkkürünə qarşı elə bir aqressiv etiraz, çıxış olmadı. Niyə olmadı? Cəmiyyət bunu qəbul etdimi?

Ekspertlər hesab edirlər ki, erməni cəmiyyətinin bu məsələyə görə Paşinyanı tənqid etməməsinin səbəbi artıq onların reallığı dərk etməyə başlaması ilə bağlıdır. Ekspertlərin fikrincə, bu o deməkdir ki, Azərbaycan Prezidentinin bu mühüm jesti Ermənistanın daxilində də razılıqla qarşılanıb. Yəni onlar da Azərbaycanın bu addımlarına müsbət yanaşır və Paşinyanın təşəkkürünü müsbət qarşılayırlar.

“Bunlar onu deməyə əsas verir ki...”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Qazaxıstan səfəri çərçivəsində Prezident İlham Əliyev çox önəmli bir bəyanat səsləndirdi və bu bəyanat Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, etimad quruculuğuna, sabitliyə böyük töhfə kimi qiymətləndirilməlidir: “Belə ki, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana getməsinə razılıq bildirilmişdi və Azərbaycan o xüsusda məhdudiyyətləri aradan qaldırır, beləliklə Ermənistana istiqamətlənən taxıl yükü Azərbaycan üzərindən Gürcüstana, ordan da Ermənistana çatacaq. Bununla bağlı Ermənistanın baş naziri həm Azərbaycan Prezidentinə, həm də Qazaxıstan Prezidentinə təşəkkür ifadə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqazda yeni bir era başlayıb və Vaşinqton razılaşmalarından sonra artıq biz praktiki nəticələri görürük. Yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə yanaşı qeyd etməliyik ki, vətəndaş cəmiyyəti üzvlərinin də görüşü xalqlar arasında sülhə böyük təkan verir.

Ermənistan cəmiyyətində bunun neqativ qarşılanmaması, ona qarşı çıxışların olmaması onu deməyə əsas verir ki, artıq erməni cəmiyyəti də sülhün, barışın, birgəyaşayışın alternativi olmadığını qəbul edir”. İ.Hüseynovun fikrincə, çünki hər iki tərəfdən yetərincə itkilər, məhrumiyyətlər olub və bu gün yeni bir səhifəni açmaq vaxtıdır, gələcək nəsillər üçün müharibə, nifrət, itki, qisas, intiqam mirasını qoymamaq önəmlidir. İ.Hüseynov hesab edir ki, bu istiqamətdə çox müdrik addımlar atılmalıdır.

İradə SARIYEVA

Chosen
103
baki-xeber.com

1Sources