EN

Qüdrət Həsənqulyev: Andlılar institutunu bərpa etmək lazımdır

BAKI, 24 oktyabr. TELEQRAF

“İkinci oxunuşun tələbinə uyğun olaraq 8-ci maddə ilə bağlı danışmaq istəyirəm. Burada qeyd olunur ki, kimlər imtahansız vəkil ola bilər. Bildirilir ki, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fərxi ad verilmiş şəxslər, habelə, əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Apellyasiya və Kassasiyainstansiya məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər, onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə cəlb olunurlar”.

Teleqraf xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili əlavə edib ki, Azərbaycan vəkillərin sayına görə ümumi orta Avropa göstəricilərindən dəfələrlə geri qalır: "Tutaq niyəfəlsəfə doktorları, yaxud da bütün hakimlər və prokurorluq əməkdaşları imtahansız Vəkillər Kollegiyasının üzvü ola bilməzlər? Burada Apellyasiya və Kassasiya məhkəməsinin sədrləri qeyd olunur. Sədrlər ümumiyyətlə, heç prosesi çox vaxt aparmırlar, işə çıxmırlar. Hakimlər onlardan daha çox təcrübəlidir, onlar daha çox təşkilatı işlərlə məşğul olurlar. Özü də bütün hakimlər də, prokurorluq işçiləri də imtahan verirlər, onlar da bir neçə mərhələdən keçirlər. Ona görə də istənilən hakim, istənilən prokurorluq işçisi müraciət etməklə Vəkillər Kollegiyasına üzv olmalıdır. Onlara belə bir şərait yaradılmalıdır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvləri doğrudan da vəkillik institutunun nüfuzunun qaldırılması, o cümlədən də vəkillərin sayının artırılması istiqamətində çox çalışırlar. Amma biz mətbuatda tez-tez onunla rastlaşırıq ki, bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunur, vəkillik fəaliyyətlərinə xitam verilir və sair”.

Millət vəkili əlavə edib ki, vəkillik fəaliyyətlərinə xitam verilməsi bəzi hallarda müvafiq istintaq orqanının, yaxud məhkəmələrin qərarları əsasında baş verir: "Amma, biz vəkillik institutunun nüfuzunun artırılması üçün ora qəbulu çətinləşdirməməliyik. Hesab edirəm ki, biz bu məsələlərə diqqət yetirməliyik ki, neçə vəkilin vəsatəti ümumiyyətlə, təmin olunub, neçə vəkilin şikayəti əsasında hakim, yaxud prosessual qanunvericiliyi pozan istintaq orqanının əməkdaşı məsuliyyətə cəlb olunub, cəzalandırılıb. Biz, mətbuatda bunlara rast gəlmirik. Amma vəkillərin cəzalandırılmasına rast gəlirik. Bu, o demək deyil ki, onlar əsassız cəzalandırılır, haqlı cəzalandırılır. Amma hesab edirəm ki, bu, qarşılıqlı olmalıdır.

2000-ci ildə mərhum prezident Heydər Əliyevin imzaladığı və Milli Məclisin qəbul etdiyi qanunla Cinayət Prosessual Məcəlləsinə andlı iclaslar insitutu daxil edilib. Amma o institut tətbiq olunmadan, 2009-cu ildə biz həmin insitutu ləğv etdik.

Heç olmasa 1 şəhərdə belə tətbiq olunsaydı biz görərdik ki, bu, effektlidir, yaxud effektsizdir. Amma, məhkəmələrdə çəkişmə prinsipinin təmin olunması üçün, hansı ki, ora 12 nəfər andlı iclaslı seçilir, o müəyyənləşdirir kim təqsirlidir, kim haqlıdır yoxsa yox.

Bunlar namuslarına, şərəflərinə and içirlər və başa düşürlər ki, sabah kiminsə haqqını pozsalar onların da haqqı pozula bilər. Ədalət mühakiməsini həyata keçirmək üçün bu baxımdan hesab edirəm ki, həm də andlılar insitutunu bərpa etmək və məhkəmə hüquq islahatlarını genişləndirmək lazımdır.

Biz müstəqil ekspertizalar haqqında qanun qəbul etdik. Amma o qanun çox təəssüf olsun ki, tətbiq olunmur. O cümlədən xüsusi dedektivlər haqqında da biz qanun qəbul etməliyik ki, vətəndaşlar bəzən onların xidmətlərindən istifadə etsinlər, öz hüquqlarını qoruya bilsinlər”.

Chosen
49
1
teleqraf.com

2Sources