EN

Trampın sərt diplomatik tonu: Putinlə görüşə nə vaxt razılıq verilə bilər?

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyi məsələsinə aydınlıq gətirib. Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, o, bu görüşə yalnız bir şərtlə razı ola bilər - əgər görüş Ukraynada sülh sazişlərinin imzalanmasına real zəmin yaratsa.

“Əgər bu görüş sülhə gətirəcəksə, əlbəttə ki, mən Putinə görüş təklif edə bilərəm. Amma vaxtımı boşa sərf etməyə hazır deyiləm”, - deyə ABŞ prezidenti sərt tonda vurğulayıb.

Trampın bu açıqlaması ABŞ-da seçkiöncəsi kampaniya və Ukrayna müharibəsində artan gərginlik fonunda səslənib. O, hakimiyyətə gələcəyi təqdirdə münaqişəni “24 saatda həll edəcəyini” dəfələrlə iddia edib.

Ekspertlər bildirirlər ki, Tramp bu bəyanatlarla həm seçici auditoriyasına “sülh missiyası” obrazı göstərir, həm də Bayden administrasiyasının Ukrayna siyasətini sarsıtmağa çalışır.

Donald Trampın Putinə dair ritorikasında əvvəllər də müəyyən yumşalma müşahidə olunub. Lakin bu dəfə o, “vaxtımı boşa sərf etmərəm” ifadəsi ilə sərt tənzimlənmiş diplomatik ton nümayiş etdirir, yəni nə tam təslim mövqeyi, nə də tam qarşıdurma.

Rusiya tərəfi hələ də mümkün görüşə “müsbət baxdığını” bəyan edir. Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında bildirilir ki, Moskva dialoq üçün qapını açıq saxlayır və “Trampın gələcəkdə real addımlar atacağına ümid edir”.

Bundan əvvəl Qərb mediası liderlərin Macarıstanın paytaxtı Budapeştdə görüşəcəyi barədə məlumat yaymışdı. Görüş Macarıstan baş naziri Viktor Orbanın vasitəçiliyi ilə baş tutmalı idi, lakin sammit rəsmi olaraq ləğv olundu.

Orbanın özü isə hələ iyul ayında həm Putin, həm də Trampla ayrı-ayrılıqda görüşərək “sülh körpüsü yaratmaq istədiyini” açıqlamışdı.

Bəs Tramp-Putin görüşü baş tutacaqmı? Trampın “vaxtımı boşa sərf etməyəcəyəm” bəyanatı nədən xəbər verir?

MEHEMMED.jpg

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

“Donald Tramp və Vladimir Putin hələ bir neçə gün əvvəl Volodimir Zelenski Vaşinqtonda olarkən telefonla danışaraq Budapeştdə görüş üçün ilkin razılaşma əldə etdilər. Görünən odur ki, Rusiyanın tələbləri, xüsusilə Donbasın Rusiyaya verilməsi ilə bağlı şərtlər, həmçinin bu mövzu ilə bağlı kommunike Vaşinqtona göndərilib. Rusiyanın təkidi atəşkəs müqabilində Ukraynanın Donbas bölgəsinin Rusiyaya verilməsi idi.

Təbii ki, Donald Tramp buna razılaşmadı. Xüsusilə ABŞ, NATO və Avropa İttifaqı, həmçinin Ukrayna prezidentinin prinsipial mövqeyi buna qarşı çıxdı.

Əlavə olaraq, əgər Rusiyanın Donbasla bağlı şərtləri qəbul edilsəydi, bu, ABŞ-ın geosiyasi mövqeyinin zəifləməsinə səbəb olardı. Həmçinin, ABŞ üzərində siyasi-psixoloji üstünlük və Ukrayna üzərində hərbi qələbə üçün Rusiyaya imkan açmış olardı. Bu halda Baltik ölkələri və Şərqi Avropanın təhlükəsizliyi də təhdid altında olardı.

Buna görə də Donald Tramp Rusiyanın şərtlərinə getmədi. O, indiki təmas xətti boyunca atəşkəs təşkilini irəli sürüb. Lakin Putin buna razı deyil. Əgər Putin bu şərtləri qəbul etsəydi, görüş baş tuta bilərdi və sülh istiqamətində proseslər irəliləyə bilərdi.

İndiyə qədər Vladimir Putinə Donald Tramp tərəfindən telefon danışıqları, həmçinin Alyaska görüşləri təşkil olunub. Bu görüşlərdə Putin manipulyasiya apararaq Tramp ilə telefon danışıqlarını yüksək səviyyədə - xoş və məramlı şəkildə aparır. Lakin konkret razılaşmaya gəldikdə, Vladimir Putin yalnız öz şərtlərinin qəbul edilməsini istəyir. Təbii ki, Donald Tramp buna getmək imkanına malik deyil.

Ümumiyyətlə, ABŞ tamamilə Donald Trampın qərarları ilə idarə edilmir. ABŞ çox fövqəladə dövlət olmaqla öz strateji və milli maraqlarına sahibdir. Rusiya ilə güzəştlərə getmək ABŞ-ın müttəfiqləri qarşısında mövqeyinin zəifləməsinə və etibarın itirilməsinə gətirib çıxara bilər.

Bu səbəbdən Donald Tramp öz mövqeyində haqlıdır: o, yalnız konkret görüşə gedir və konkret nəticələr əldə etmək istəyir. Amma Putin sadəcə manipulyasiya apararaq öz legitimliyini artırmaq və müharibəni davam etdirməkdə maraqlıdır. Buna görə də Donald Tramp görüşü qəbul etmədi”.

Xalidə Gəray
Musavat.com

Chosen
41
50
musavat.com

10Sources