EN

Arktikadakı əsas radarlar rus "Tsirkon"ları qarşısında müdafiəsiz qalıb

Qrenlandiyada yerləşən erkən xəbərdarlıq radarları Şimali Amerikanın qitələrarası ballistik raketlərdən müdafiəsinin əsas dayağını təşkil edir. Lakin Alyaska Universitetinin Arktika Təhlükəsizliyi və Davamlılıq Mərkəzinin ekspertləri bildiriblər ki, bu radarlar hipersəs raketləri - məsələn, Rusiyanın "Kindjal" və "Tsirkon" raketləri qarşısında həssas vəziyyətdədir.

Poliqon Defence Express-ə istinadən xəbər verir ki, bu, NATO-nun strateji müdafiə sistemində çox mühüm bir boşluqdur. Mütəxəssislərin sözlərinə görə, həmin obyektlərdə hazırda heç bir hava hücumundan və ya raketdən müdafiə sistemi mövcud deyil.

Nəşr qeyd edib ki, nüvə zərbəsi barədə erkən xəbərdarlıq sisteminin əsas elementlərindən biri əslində müasir təhlükələrin böyük hissəsindən qorunmamış vəziyyətdədir:

"Rusiyanın Arktika regionundakı mövcudluğunu nəzərə alsaq, bu, ciddi problemlərə və hətta potensial imkan itkisinə gətirib çıxara bilər".

Radarların normal işləməsinə təsir edən ilk amil ekstremal aşağı temperaturdur. Bu, zenit sistemlərinin və aşkarlama vasitələrinin fəaliyyətinə mənfi təsir göstərir. Buna görə də həmin ərazilərdə müdafiə komponentlərini uyğunlaşdırmaq üçün əlavə texniki həllər tətbiq olunur.

Digər problem siyasi xarakter daşıyır. Qrenlandiya Danimarkanın muxtar regionudur. Danimarka NATO üzvü olsa da, ABŞ-la münasibətləri nisbətən soyuqdur. Məqalədə xatırladılıb ki, ABŞ-ın hazırkı administrasiyası bir vaxtlar adanı satın almaq və ya hətta ilhaq etmək təklifini irəli sürmüşdü.

Analitiklər həmçinin bildiriblər ki, orada müdafiə sisteminin olmamasının tarixi səbəbi də var. Bu radarlar elə bir dövrdə inşa edilmişdi ki, onlara edilən hər hansı hücum dərhal nüvə cavabı ilə qarşılanmalı idi.

"Lakin Rusiya-Ukrayna müharibəsi göstərdi ki, bu cür həssas radar sistemlərinə ucuz pilotsuz uçuş aparatları ilə də zərbə endirmək mümkündür və belə bir vəziyyətdə nüvə eskalasiyasına qərar verilməsi heç də təminatlı deyil. Buna görə də hərbi bazanın hava hücumundan müdafiəsinin gücləndirilməsi tamamilə məntiqlidir", deyə materialda vurğulanır.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources