EN

Kosmetoloqdan quru dəriyə qarşı məsləhətlər: “Qidalandırıcı, qalın krem seçin”

Quru dəri problemi xüsusilə payız və qış aylarında bir çox insanı narahat edir. Kosmetoloq Nadejda Pospelova bu hallarda düzgün qulluq vasitələrinin seçilməsinin vacibliyini vurğulayıb.

Editor.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qalın və qidalandırıcı kremlər dərinin quruması ilə mübarizədə ən effektiv vasitələrdən biridir.

“Soyuq havalarda dəriyə daha çox diqqət göstərmək lazımdır. Qidalandırıcı, sıx teksturalı kremlərdən istifadə edin, evdən çıxmazdan əvvəl mütləq tətbiq edin və il boyu SPF qoruyucu vasitələrdən yararlanın. Qışda SPF 15–20 kifayətdir, lakin yayda bu göstərici 25 və ya daha yüksək olmalıdır,” – deyə Pospelova bildirib.

Kosmetoloq həmçinin dəri problemlərinin səbəblərini və müalicə yollarını düzgün müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmənin vacibliyini qeyd edib:
“Özbaşına müalicəyə yol vermək olmaz. Dəriyə qulluq vasitələri yaş, dəri növü, piqmentasiya və ya damar genişlənməsi kimi fərdi xüsusiyyətlərə əsasən seçilməlidir. Bəzi hallarda isə kosmetik vasitələrlə yanaşı, biorevitalizasiya kimi prosedurlar da təyin oluna bilər.”

Pospelovanın sözlərinə görə, dərinin quruması müxtəlif amillərlə bağlı ola bilər:

“Qadınlarda bu hal çox vaxt hormonal dəyişikliklərlə əlaqədardır. Eyni zamanda, düzgün seçilməmiş kosmetika və ya onların səhv istifadəsi də problemi dərinləşdirə bilər. Hava şəraiti də mühüm rol oynayır – soyuq, istilik, temperaturun dəyişməsi və qapalı havanın quruluğu dərinin vəziyyətinə təsir edir”.

Mütəxəssis qeyd edib ki, həyat tərzi və iş şəraiti də dərinin sağlamlığında mühüm rol oynayır:

“Pis vərdişlər – siqaret, alkoqol, az yuxu və balanssız qidalanma dərinin keyfiyyətini pisləşdirir. Şirniyyatlar, ədviyyatlı yeməklər və spirtli içkilər də dərinin qurumasını sürətləndirir. Əgər gün ərzində radiatorun yanında və ya havası quru otaqda olursunuzsa, bu, dərinin vəziyyətinə mənfi təsir göstərə bilər.”

Kosmetoloq sonda dəriyə qulluq vasitələrinin düzgün tətbiq edilməsinin də önəmli olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
56
editor.az

1Sources