EN

Növbəti nəsil daha çox ali təhsilli olacaq -

“Cəmiyyətimizdə qadınların və qızların güclənməsi, müstəqil və layiqli qərar verməsi üçün təhsil çox önəmlidir”.Metbuat.az-ın məlumatına görə, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025” adlı tədbirdə deyib. Nazir qeyd edib ki, qadının təhsildəki rolu bütün təhsil sisteminin funksionallığına təsir edir, xüsusilə təhsilli anaların uşaqların oxu və riyazi bacarıqlarının inkişafında böyük rolu var.“Biz hələ bu yolun başlanğıc hissəsindəyik. Qızların təhsili istənilən cəmiyyətin inkişafına təsir edir. Bizim gedəcəyimiz çox uzun bir yol var. Hələ də məktəblərdə, ali təhsil mərkəzlərində görməli olduğumuz işlər var. Qız uşaqlarına qarşı məhdudlaşdırıcı davranışdan dəstəkləyici davranışa keçid etməyimiz lazımdır. Təhsil almaq insanın inkişafına müsbət dəyər qatır. IV sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9-11-ci sinfə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır. Ümumilikdə biz 80-90 faiz gəncə ali, orta ixtisas, peşə təhsili vermək imkanımız var. Bunlar arasında qızların da sayı artır. Bu o deməkdir ki, növbəti nəsil daha çox ali təhsil almış gənc olacaq. Təxminən 10 il sonra biz həqiqətən daha çox nəticə görmüş olacağıq. Təhsildə uzunmüddətli dəyişiklik dedikdə bunu nəzərdə tuturuq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
24
metbuat.az

1Sources