EN

Ağstafa rayonunda minadan zərərçəkənlərin siyahısının dəqiqləşdirilməsi, ehtiyaclarının öyrənilməsi başa çatır - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Ağstafa rayonun da minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.

Bu barədə AMZA-nın sədri Rey Kərimoğlu Qaziler.az-a məlumat verib.

Layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir. 

“Layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edirik. Adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq Ağstafa rayonunda da sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Çox az insan qalıb ki, onların da sorğularını aparırıq”, - deyə R.Kərimoğlu söyləyib.

R.Kərimoğlu onu da bildirdi ki, layihənin icrası zamanı, bir çox minadan zərərçəkənin problemlərinin həlli üçün yerindəcə hərəkətə keçirik, bir çox hallarda onların problemlərini həll edə bilirik: “Layihəmizin icra müddəti başa çatır. Çalışırıq layihəni uğurla başa vuraq. Minadan zərərçəkənlərin əksəriyyəti layihənin icrasından razılıq edirlər. Çünki onların qarşılaşdığı bir çox problemləri yerindəcə həll etməyə çalışırıq. Mən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə bir layihəyə donorluq etdiyi üçün təşəkkür edirəm. Layihənin davamlılığını təşkilatımızın fəaliyyəti zamanı diqqətdə saxlayacağıq”.

Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.

AMZA ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt, Abşeronda) uğurla həyata keçirib.

Chosen
21
10
qaziler.az

10Sources