EN

Kişilərdə süd vəzi xərçəngi niyə artır?

Erkən diaqnoz və məlumatlılıq: kişilərdə xərçənglə mübarizə

Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur.

Bunu “Report”a açıqlamasında həkim-onkoloq Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı” adlı tədbir çərçivəsində deyib. Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir:

“Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız gilənin batması, yaxud toxunduqda ağrı hiss etmələri səbəbindən gəlirdilər. İndi isə dəyişiklik hiss olunur və kişilər daha erkən vaxtlardan müayinələrə cəlb olunurlar”.

Həkim-onkoloq, həmçinin bildirib ki, hazırda hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır.

Dünya təcrübəsinə nəzər salsaq, 2025-ci ildə kişilərdə süd vəzi xərçənginin daha çox yayıldığı ölkələr əsasən inkişaf etmiş ölkələr və genetik tədqiqatların geniş yayıldığı regionlardır. Bununla belə, bəzi inkişaf etməkdə olan ölkələrdə bu xəstəliyin aşkarlanması aşağı səviyyədədir, çünki həkimə müraciət etmək və diaqnostik testlər daha məhdud aparılır. ABŞ-də, xüsusilə genetik tədqiqatlar geniş şəkildə tətbiq olunduğu üçün kişilərdə süd vəzi xərçəngi halları daha çox aşkar olunur. Əlavə olaraq, bu ölkədə kişilərdə xəstəliklə bağlı məlumatlılıq da yüksəkdir. Bəzi Avropa ölkələrində, məsələn, Almaniya, İsveçrə, İngiltərə və Fransada kişilər arasında süd vəzi xərçənginə dair məlumatlılıq artır və müayinələr daha çox təşviq olunur. Bununla yanaşı, bu ölkələrdə çoxsaylı genetik testlər və hormon balansı araşdırmaları aparılır. Avstraliya və Yeni Zelandiyada isə kişilər arasında süd vəzi xərçəngi ilə bağlı müayinələr və erkən diaqnoz məsələlərinə diqqət güclüdür. Həmçinin, genetik testlər və genetik meyllər üzrə daha çox tədqiqat aparılır.

O ki qaldı inkişaf etməkdə olan ölkələrdəki vəziyyətə, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerika bölgələrində kişilərdə süd vəzi xərçəngi ilə bağlı daha az məlumatlılıq və həkimə müraciət halları daha az müşahidə olunur. Bu ölkələrdə həkimə müraciət gecikə bilər və xəstəlik erkən mərhələdə aşkarlanmadığı üçün daha ağır vəziyyətlərdə ortaya çıxır.

Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) məlumatlarına görə, kişilərdə süd vəzi xərçəngi halları ümumilikdə artmaqdadır. Bunun səbəbi yalnız diaqnozların artması deyil, həm də yaşlanma və həyat tərzi dəyişiklikləridir. Kişilərin yaşının artması ilə xəstəliyə tutulma ehtimalı da artır. Qlobal səviyyədə erkən müayinələrin yayılması və məlumatlılığın artması ilə kişilərdə süd vəzi xərçəngi ilə bağlı aşkarlanmış hallar artmaqdadır. Bu, daha çox müayinə edilən və erkən diaqnoz olunan halların sayının artmasına səbəb olur.

Professor Gürkan Yetkin şəxsi bloqunda “Kişilərdə döş xərçəngi” yazısında sözügedən xəstəliyin yaranma səbəbləri, inkişafı, risk faktorları və s. barədə ətraflı məlumat verib. Həkim qeyd edib ki, kişilərdə süd vəzi xərçəngi, kişilərin süd vəzi toxumasındakı hüceyrələrin nəzarətsiz çoxalması ilə ortaya çıxan xəstəlikdir. “Kişi süd vəzi” deyildikdə, bir çox kişinin ağlına “çox kiçik toxuma” gəlir, lakin bu toxumada yaranan hüceyrələr qadınlardakılar kimi xərçəngə çevrilə bilər. Məsələ toxumanın həcmi deyil, hüceyrələrin genetik və ya ətraf mühit faktorları səbəbilə zədələnib nəzarətdən çıxmasıdır. Süd vəzi toxuması süd kanalları (duktus) və süd ifraz edən lobüllər (lobül) kimi hissələrdən ibarətdir. Qadınlarda bu strukturlar daha inkişaf etsə də, kişilərdə də oxşar, lakin çox daha kiçik sistem mövcuddur. Kişilərdə süd vəzi xərçəngi adətən 60 yaşdan sonra ortaya çıxır, lakin gənc yaşda aşkar edilən hallar da mövcuddur. Burada əsas məqsəd “Bu xəstəlik kişilərdə də ola bilər?” qənaətindən xilas olmaq və riskini bilərək erkən əlamətlərə qarşı diqqətli olmaqdır. Çünki toxumanın az olması xərçəngin daha asan aşkarlanmasına da şərait yarada bilər. Kişilərdə testosteron üstün, qadınlarda isə estrogen üstün olsa da, bəzi sağlamlıq problemləri və ya genetik durumlar kişilərdə estrogen səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu balansın pozulması süd vəzi toxumasında hüceyrələrin anormal çoxalmasına səbəb ola bilər. Süd vəzi xərçəngi, bəzən damcı-damcı su sızması kimi kiçik bir zədənin binanın iç strukturuna ciddi ziyan vura bilməsi kimi inkişaf edir. 

Professor qeyd edir ki, kişilərdə süd vəzi xərçəngi genetik, hormonal ətraf mühit və digər faktorlarla bağlı ola bilər. Kişilərdə süd vəzisinin az olması bəzən erkən əlamətləri aşkar etməyi asanlaşdıra bilər. Lakin cəmiyyətin önyarğıları və “məndə olmaz” düşüncəsi əlamətlərin gözardı edilməsinə səbəb ola bilər. Aşağıdakılar kişilərdə süd vəzi xərçənginin geniş yayılmış erkən əlamətləridir:

Döşdə və ya döş ucunda kütlə: adətən döş ucu ətrafında hiss olunan sərt, ağrısız kütlə ən çox rastlanan əlamətdir. Bu kütləni bəzən duş qəbul edərkən və ya əl ilə yoxladıqda aşkar etmək olar. Əgər sinə nahiyənizdə əvvəllər hiss etmədiyiniz sərtlik, şişlik və ya yumruluq varsa, mütləq mütəxəssisə müraciət edin.

Döş ucunda və ətrafında dəri dəyişiklikləri: dəridə qızartı, pul-pul dökülmə, qabıqlaşma və ya çökmə kimi deformasiya ola bilər. Bəzi hallarda döş ucunun içə doğru çəkilməsi (retraksiya) və ya portağal qabığı görünüşü də müşahidə olunur.

Nipel axıntısı və ya yaralar: kişilərdə döş ucundan gələn axıntı (xüsusilə qanlı axıntı) olarsa, buna diqqət etmək lazımdır. Hər axıntı xərçəng demək deyil, amma ciddi problemin siqnalı ola bilər. Eyni zamanda döş ucunda sağalmayan yaralar və ya xoralar da xəbərdarlıq əlamətlərindəndir.

Qoltuqaltı limfa düyünlərinin şişməsi: əgər xərçəng hüceyrələri limfa düyünlərinə yayılıbsa, qoltuqaltıda kütlə şəklində şişlik yaranır. Limfa düyünlərinizdə adi vəziyyətdən sərt və ağrısız şişlik hiss edirsinizsə, dərhal mütəxəssisə müraciət edin.

Ağrı və ya rahatsızlıq: süd vəzi xərçəngi erkən mərhələdə hər zaman ağrı yaratmaya bilər. Lakin bəzən kütlə böyüdükcə sızı və ya yüngül narahatlıq müşahidə edilə bilər.

Müalicə üsulları barədə danışan mütəxəssis bildirir ki, müalicə planı şişin ölçüsü, mərhələsi, bioloji xüsusiyyətləri və xəstənin ümumi vəziyyəti nəzərə alınaraq hazırlanır. Bununla belə, kişilərdə də qadınlarda olduğu kimi, beş əsas müalicə yanaşmasından söz etmək olar:

Cərrahi: Mastektomiya (döşün və ya döşün bir hissəsinin çıxarılması əməliyyatı) adətən kişilərdə ilk seçim olur, çünki toxuma həcmi kiçikdir və lumpektomiya çətin ola bilər. Lumpektomiya (qismən mastektomiya) da şiş kiçikdirsə, tətbiq oluna bilər.

Şüa terapiyası cərrahiyədən sonra və ya bəzi hallarda cərrahiyadan əvvəl verilərək qalan xərçəng hüceyrələrini məhv edir və yerli təkrarlanma riskini azaldır.

Kimyaterapiya: Sistemik olaraq xərçəng hüceyrələrini hədəf alır, irəli mərhələdə və ya aqressiv şişlərdə istifadə olunur.

Hormon Müalicəsi: Kişilərdə döş xərçəngi tez-tez ER+ olur, yəni xərçəng hüceyrələri estrogen hormonu ilə böyüyür. Bu cür xərçəngləri müalicə etmək üçün tamoksifen kimi dərmanlar istifadə olunur. Bu dərmanlar, estrogenin hüceyrələrə təsir etməsini dayandırır və xərçəngin böyüməsinin qarşısını alır.

Hədəfə Yönəlmiş Müalicə: HER2+ xərçəng hüceyrələri çox sayda xüsusi reseptorla örtülüdür. Bu reseptorları bloklamaq üçün trastuzumab (Herceptin) adlı dərmanlar tətbiq olunur. Bu dərman, xərçəng hüceyrələrinin böyüməsini dayandırır. Həmçinin, CDK4/6 inhibitorları adlı dərmanlar da hüceyrələrin çoxalmasının qarşısını alır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
53
musavat.com

1Sources