EN

Almaniya hərbi ərazilərin mülki istifadəsini dayandırdı

Almaniya hərbi ərazilərin mülki istifadəsini dayandırdı

Almaniya Müdafiə Nazirliyi artan hərbi ərazi ehtiyacı səbəbilə orduya məxsus daşınmaz əmlakların mülki məqsədlərlə yenidən istifadəsini nəzərdə tutan layihələri dayandırıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, silahlı qüvvələrin qarşıdakı illərdə daha da genişləndirilməsi planlaşdırıldığı üçün yeni əmlak ehtiyacları yaranıb. Bu səbəbdən orduya aid ərazilərin mülki istifadəyə verilməsini nəzərdə tutan çevrilmə prosesi dayandırılıb.

Ölkədə məcburi hərbi xidmətin ləğvindən sonra davam edən çevrilmə prosesi qəbul edilən moratorium qərarı ilə dondurulub.

Qərar Federal Daşınmaz Əmlak Agentliyinin (BImA) balansında olan 187 keçmiş hərbi əmlaka şamil edilir. Əvvəlki qərarlardan fərqli olaraq, bu əmlakların xidmətdən çıxarılmayacağı bildirilib.

Təsirlənən ərazilər arasında Fürstenfeldbruckdakı keçmiş hərbi hava bazası və Berlin şəhərində mülki uçuşlara bağlanmış Tegel Hava Limanının bəzi hissələri də var.

Sözügedən əmlakların hamısı Alman ordusunun strateji daşınmaz əmlak ehtiyatına daxil ediləcək. Bu ehtiyatın gələcəkdə ordunun artan infrastruktur tələbatına qısamüddətli həllər təqdim etməsi nəzərdə tutulur.

Nazirliyin məlumatına görə, ordu prosesin bütün mərhələlərində federal əyalət rəhbərlikləri, şəhər və bələdiyyə idarələri ilə sıx əməkdaşlıq edəcək.

Müdafiə Nazirliyinin dövlət katibi Nils Hilmer açıqlamasında “Bir çox bölgədə mülki istifadə planlarının hazır olduğunu bilirik. Lakin mövcud təhlükəsizlik vəziyyəti ordunun böyüməsini zəruri edir. Biz dialoq çərçivəsində ortaq həll yolları tapmaq istəyirik” deyib.

Berlin əyalətinin Tegel ərazisində 3 min qaçqının yerləşdiriləcəyi yeni mərkəz inşa etmək planı isə bu qərarla qeyri-müəyyən vəziyyətə düşüb.

Tegel Hava Limanının qalan hissələrində isə genişmiqyaslı yenidənqurma layihəsi davam edir. Köhnə terminal binasında sənaye parkının yaradılması və Berlin Texniki Universitetinin həmin əraziyə köçürülməsi planlaşdırılır.

Bundan əlavə, hava limanının şərq hissəsində təxminən 5 min mənzildən ibarət yeni şəhərsalma bölgəsinin inşası nəzərdə tutulur.

Chosen
19
afn.az

1Sources